Sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı müəyyən qədər artıb
APA Dövlət Statistika Komitəsinə istinadən 2016-cı ildə qeydə alınmış xəstəliklərlə bağlı məlumat yayıb.
Bunlar arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.
Eyni zamanda sifilis, tetanus, su çiçəyi, bruselyoz, qarayara, ümumi kəskin bağırsaq infeksiyaları ilə xəstələnənlərin sayı müəyyən qədər artıb.
Məlumata əsasən, səhiyyənin prioritet sahələri olan ana və uşaqların sağlamlığı, şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə həyata keçirilən tədbirlər nəticəsində xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlib, bu xəstəliklər üzrə müayinələrin həcmi artırılıb.
Qeyd olunur ki, 2017-ci ilin əvvəlinə ölkədə 32,6 min həkim və 55,0 min orta tibb işçisinin çalışdığı 559 xəstəxana və 1751 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min nəfərinə orta hesabla 34 həkim və 57 orta tibb işçisi düşür.