Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq – indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib.
Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunub.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli və ay-ulduzlu bayrağı Azərbaycan Respublikasının Dövlət bayrağı elan edib.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:
“Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir”.
2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirilib.