”Azərbaycanda demokratiyadırsa, niyə həbs olunduq?”

«Prezidentimiz Amerikada vacib şəxsiyyət kimi qəbul olunduğu bir vaxtda onlarla siyasi məhbus ölkə həbsxanalarında yatır».

Source:
İlham Əliyev və Con Kerri
İlham Əliyev və Con Kerri

«Prezidentimiz Amerikada vacib şəxsiyyət kimi qəbul olunduğu bir vaxtda onlarla siyasi məhbus ölkə həbsxanalarında yatır».


«The Guardian»

 qəzeti bu yaxınlarda azadlığa buraxılmış 3 keçmiş «siyasi məhbus»un məqaləsini dərc edib. Müəlliflər hüquqşünas İntiqam Əliyev, insan haqları fəalı Rəsul Cəfərov və seçkiləri monitorinq edən təşkilatın rəhbəri Anar Məmmədlidir.

Məqalədə qeyd olunur ki, Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda nüvə sammitinə, dünyanın demokratik ölkələrinin liderləri ilə birgə toplantıya qatılıb: «Ancaq ölkəmiz işlək demokratiya deyil. İndi ailələrimizlə birlikdəyik. Amma bu, təzəlikcə baş verib. İki həftə öncə hər üçümüz saxta ittihamlarla həbsdəydik. İkimiz əfvlə buraxıldıq, İntiqam Əliyevin isə həbsi şərti cəzayla əvəzləndi».

Məktub müəllifləri xeyli jurnalistin, siyasətçinin, fəalın, bloqqerin həbsdə qalmasından, özəlliklə, jurnalist Xədicə İsmayıl və siyasətçi İlqar Məmmədovdan bəhs edir: «Hüququn aliliyinə hörmət qoyulmursa, əsas hüquqlarımızdan istifadə edə bilmiriksə, azadlığımız yenə də şıltaq əfvlərdən və Azərbaycan məhkəmələrinin özbaşına qərarlarından asılı olacaq. Vətəndaş cəmiyyətinin müxtəlif sahələrində işləyirik və onların hamısı da işlək demokratiyada tamamilə qanunidir. Azərbaycan da belə bir ölkədirsə, hökumət işimizə müdaxiləni dayandırmalıdır».

«Yalnız bütün siyasi məhbuslar buraxılandan, hüququn aliliyinə hörmət qoyulandan, QHT-lərin əsl müstəqil qurum kimi fəaliyyətinə icazə veriləndən sonra biz ölkəmizi işlək demokratiya saya biləcəyik», – müəlliflər yazır.


NÜVƏ SAMMİTİNDƏ RİSKƏ ATILANLAR


«The Huffington Post»

 saytı «Human Rights Watch» hüquq-müdafiə təşkilatının Vaşinqton direktoru Andrea J.Prasow-nun imzasıyla məqalə dərc edib.

Müəllifin fikrincə, Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində təhlükəsizlik tədbirləri ilə yanaşı, insan haqlarını pozan liderlərin iştirakı real problem yaradır. Onlara aydın şəkildə deyilməlidir ki, bu pozuntulara son qoysunlar. «Ümid edək, Obama administrasiyası Azərbaycan prezidenti İlham Əliyevlə münasibətdə bu yükün altına girəcək»,-müəllif yazır.

Yazıda ABŞ-ın müttəfiqi olan Azərbaycanda son illər vətəndaş cəmiyyətinə təzyiqlərdən söz açılır, hətta Azad Avropa/Azadlıq Radiolarının Bakı bürosunun da bağlandığı qeyd olunur. Ancaq son vaxtlar Azərbaycanın işləri heç yaxşı getmir. Neftin qiyməti düşür, Beynəlxalq Valyuta Fondu ilə danışıqlar başlanıb, beynəlxalq maliyyə qurumlardan vəsait istənilə bilər:

«Son əfv fərmanları göstərir ki, Azərbaycan heç də beynəlxalq təzyiqə sonadək duruş gətirən deyil. Əliyevin nüvə sammitinə dəvət alması mediada iki ölkənin sıx münasibətlərinin nümunəsi kimi təqdim olundu. Deməli, ABŞ-ın qalan siyasi məhbusları buraxmaq üçün Əliyevi dilə tutmasına yetərli səbəb var. Ancaq azadlığa buraxma da bəs deyil. Təzyiqlərin hüquqi arxitekturası qüvvədə qalır və bu da hüquq müdafiəçilərinin, fəalların işini zəiflədir. Qanunvericiliyə məhdudlaşdırıcı dəyişikliklər ləğv olunmalıdır. Münasibətin dəyişməsini AzadlıqRadiosunun Bakı ofisini açmaqla da sərgiləmək olar».

«Bəli, Obama bu həftə Əliyevlə birgə nahar etməlidir, ancaq dəqiq bir ismarış da yollamalıdır ki, ABŞ-ın dəstəyi qeyd-şərtsiz deyil. Marın 30-da Əliyevlə açıq görüşündə Dövlət katibi John Kerry insan haqlarına toxunmadı. Novruz əfvləri yaxşıdır, ancaq ilkin addımdır. Vaşinqton açıq şəkildə tələb etməlidir ki, Azərbaycan, iddia etdiyi kimi, demokratik ölkə tək davransın», – deyə məqalədə bildirilir.

Tərcümə: Azadlıq radiosu

Ana səhifəXəbərlər”Azərbaycanda demokratiyadırsa, niyə həbs olunduq?”