”Azərbaycanda cinsi orientasiya ilə bağlı onlarla intihar olub”

Səməd İsmayılzadə
Səməd İsmayılzadə



Səməd İsmayılzadə: “Bəzi LGBT nümayəndələri təhqiri adi qəbul etsə də, bəziləri üçün bu ölümcül travma olur”


Fotoqraf Səməd İsmayılzadə bir müddətdir ABŞ-da yaşayır. Bir ilə yaxındır ki, Səməd və dostları “Minority” adlı jurnal təsis etməyə nail oldular. Bu jurnal Azərbaycanda LGBT problemlərini işıqlandıran, bütünlükdə fərqli cinsi orientasiyaya mənsub insanlara həsr olunmuş ilk nəşrdir. Jurnalın baş redaktoru olan S.İsmayılzadə MeydanTV-ni maraqlandıran suallara cavab verməyə razı oldu.


– Səməd bəy, LGBT mövzusu ilə nə vaxtdan maraqlanırsız? Bu sahədəki fəaliyyətinizin qısa tarixçəsini danışa bilərsiniz?

LGBT mövzusu ilə 2013-cü ildən maraqlanıram. İsa Şahmarlının ölümü və cəmiyyətimizin o hadisəyə münasibəti mənim üçün oyanış rolunu oynadı. Yuxudan ayıldım sanki. O vaxta qədər ətrafımda olan nifrəti bu cür hiss etməmişdim. Sonradan LGBT və insan haqları mövzusunda olan beynəlxalq seminarlarda iştirak etməyə başladım. Müxtəlif ölkələrdən olan aktivistlər məni xüsusilə ilhamlandırdılar. Amerikaya təhsil almağa gələndə artıq hansı sahədə fəaliyyət göstərmək istədiyimi özüm üçün dəqiqləşdirmişdim və ilk iş olaraq LGBT problemləri üzərində ixtisaslaşan “Minority” jurnalını ərsəyə gətirdik.


– Azərbaycanda yaşayan LGBT nümayəndələrinin sayı, vəziyyəti, iş yerləri, əsas fəaliyyət sahələri haqqında nə danışa bilərsiniz?

Azərbaycan LGBT nümayəndələri üçün heç də əlverişli yer deyil. Azərbaycanda standart hesab olunan həyatı yaşaya bilərsən, hətta bəzi məqamlarda xoş günlərin də ola bilər, lakin heç vaxt xoşbəxt ola bilməzsən. Özünü tam ifadə edə bilməyərək, daim qorxu, nifrət və daha onlarla neqativ hisslərin daşıyıcısı olaraq xoşbəxt olmaq mümkün deyil. Buna baxmayaraq, əminliklə deyə bilərəm ki, Azərbaycanda LGBT icması yetərincə böyükdür. Dəqiq rəqəm deməkdə çətinlik çəkirəm, çünki LGBT fərdləri özləri haqqında danışmırlar. Həyatları hər kəsə göstərdikləri və sadəcə öz ətraflarının bildiyi hissələrə ayrılır. Sadəcə, hər kəs öz qınına çəkilib, öz mikrodünyasındakı böyük problemlərlə məşğuldur. Onlar birləşmək, nələrisə dəyişmək, ümumi maraqlara xidmət etmək kimi maraqsız işlərlə məşğul deyillər. Onların çoxu özünü incəsənətdə, gözəllik salonlarında və ya seks işçisi kimi çalışaraq tamamlayır. Bu da o insanların dünyagörüşü, həyat şərtləri və seçimləri ilə bağlıdır.


– Azərbaycanda homofobiya varmı? Varsa, bu hansı şəkildə təzahür edir?

Azərbaycanda ümumi bir fobiya var. Hər şeydən, hər kəsdən qorxmaq. Bura iş xanımları, intellektual insanlar, azad yaşayanlar, qonşunun dediklərinə fikir verməyənlər, valideynlərindən asılı olmayanlar və əlbəttə ki, LGBT fərdləri daxildirlər. Homofobiya özünü ən primitiv şəkildə xanımlarımızda göstərir və o təqribən bu cür səslənir – “Sabah ərə getməyə oğlan qalmayacaq”.

Kişilərin ən böyük qorxusu isə gələcək oğullarının gey olma ehtimalından doğur. Axı, Azərbaycanda əksər kişilər oğllarının cinsiyyət orqanının neçə-neçə qadını “xoşbəxt” etməsi ilə fəxr edirlər.

Başqa qrup insanlar isə dini əsas gətirərək homoseksuallığı haram, günah adlandırır və LGBT fərdlərə qarşı etdikləri hər təhqiri, hər zorakılığı Qiyamət günü lazım olacaq savablar sırasına daxil edir, bir növ öz cənnətlərini bu yolla qazanırlar. Həmin qrup fikirləşir ki, onsuz da bu şəxs cəhənnəmə gedəcək, qoy elə cəhənnəmə indidən alışsın. Halbuki, İslam dini bu cür davranışı Allaha şəkk gətirmək adlandırır və böyük günah hesab edir.


– LGBT nümayəndələrinin özlərini gizləmək, partnyor tapmaq kimi problemləri varmı?

Bayaq qeyd etdiyim kimi, Azərbaycanda yetərincə böyük LGBT icması var. Bu səbəbdən də, partnyor tapmaq, sevgi dramı yaşamaq kimi problemlər yoxdur. Pərdəarxası həyatları, hətta maraqlı da olur. Amma bunu ictimailəşdirmək amansız problemlər yarada bilər, əlbəttə, əgər bəzi televiziya kanallarının “tolerantlıq” adı ilə hansısa əqli problemləri olan insanı gülüş obyektinə çevirməyini nəzərə almasaq. Bu cür kadrlar əslində var. Onlar cəhaləti, nifrəti gizlətmək üçündür.


– LGBT nümayəndələrinə qarşı basqılar nə ilə nəticələnir? İntihar, mühacirət, ozünəqapanma və sair kimi hallar çoxdurmu?

Bu çox individual məsələdir. Hər kəsin bu cür basqılara qarşı bir immun səviyyəsi var. Bəzi LGBT nümayəndələri təhqiri adi qəbul etsə də, bəziləri üçün bu ölümcül travma olur. Əksər hallarda, əgər buna imkanı çatırsa, çıxış yolunu xarici ölkələrdən birinə mühacirətdə tapırlar. Lakin, qazanılmış mənəvi travmalar məncə, ömürlükdür. İntihar halları da çox geniş yayılıb, lakin bağlı qapı arxasında yaşanan həyatların sonu da elə bağlı qalır və əsl səbəbi bilmək olmur. Azərbaycanda İsa Şahmarlıdan başqa səbəbi məhz cinsi orientasiya olan onlarla intihar halları olub. Lakin valideynlər bu qeydlərin polisin hesabatına düşməsinə heç cür imkan vermirlər. Bunu ancaq onların dost-tanışları bilir. Buyaxınlarda bir xanım lezbiyan olduğu üçün özünü öldürmüşdü, bunu onun ən yaxın dostları deyirdilər, halbuki, ailəsi bunu qəti şəkildə təkzib etdi. Başa düşürsünüz, insanın ölümündən sonra da inkar olunması necə acınacaqlıdır? Ona görə də, əminliklə və qətiyyətlə demək istəyirəm ki, cinsi orientasiyasına görə intihar etmək istəyənlər bu yoldan çəkinməlidirlər. Ölüm heç nəyi dəyişməyəcək, siz ancaq yaşayaraq həm özünüz, həm də başqaları üçün nələrisə dəyişə bilərsiniz.


– LGBT nümayəndələrinin təşkilatlanması, qurumlar və ictimai fəaliyyəti ilə bağlı nələr danışa bilərsiniz?

Azərbaycanda fəaliyyət göstərən iki təşkilat – Nəfəs LGBT Azərbaycan Alyansı və bizim hər birimiz üçün mübarizə simvoluna çevrilən İsa Şahmarlının yaratdığı Azad LGBT çox böyük işlər görür. Problem o təşkilatların qeydiyyatı ilə bağlıdır. Adında LGBT sözləri olan təşkilatlar qeydə alınmır və bu da geniş fəlaliyyət qarşısına böyük bir sədd çəkir. Belə ki, beynəlxalq təşkilatlar onlara maddi dəstək verə bilmir, fəlaliyyətləri sadəcə xırda layihələrlə bitir, və ya xərcləri özləri qarşılayırlar. Söhbət həm də təhlükəsizlik dəstəyindən gedir. Məsələn, bu yaxınlarda Bakıda Türkiyə istehsalı olan və LGBT fərdlərinin valideynlərindən bəhs edən “Mənim övladım” filminin nümayişini təşkil edən Niderland səfirliyi həmin məkanda tam təhlükəsizliyə zəmanət vermişdi. Buna görə də, filmi izləməyə gələnlər heç nədən qorxmurdular. Təhlükəsizlik hissi özünü ifadə üçün hava və su kimi vacib amildir.


– Mətbuatda LGBT ilə bağlı yazılan xəbərlərdə korrekt dildən istifadə olunurmu? Media LGBT haqqında yazılarda homofobiyadan qaça bilirmi?

LGBT haqqında yazılan xəbərdə istifadə edilən dil, o xəbər portalının ciddiliyi və ümumi imici ilə düz mütənasibdir. Bəzi saytlar sırf reytinq məqsədi ilə qıcıqlandırıcı məqalələr paylaşırlar və jurnalistikanın obyektivliyini saymazdan gəlirlər. Lakin, qəribə bir məqam var. O xəbərlərin məzmunundan asılı olmayaraq, öyrəşdirici təsirləri olur. İnsanlar o haqda fikirləşir, doğru-yalnış fikirlərini bildirir və LGBT insanlarının mövcudluğu, onlarla eyni ölkədə yaşadıqları ilə barışırlar. Amerikalı bir gey cütlüyün evlilik təklifi videosu bizim mediyada böyük müzakirələrə səbəb oldu. Axı, bizdə hansı qıza şəhərin mərkəzində diz çökərək evlilik təklif ediblər və ya hansı oğlan ictimai qınaqdan qorxmayaraq bu addımı ata bilər? Bu ritorik sualdır və həmin videoya gələn neqativ münasibətin əsl səbəbidir.


– Nəhayət, sizin jurnala müraciət edənlər əsasən nədən danışmaq istəyirlər?

Bizə öz hekayələrini yazan insanlar çoxluq təşkil edir. Hamısını oxuyuruq, hələ ki, paylaşmamışıq. Bununla yanaşı öz təkliflərini irəli sürən və kömək etmək istədiklərini yazanlar da az deyil. Maraqlıdır ki, kömək etmək istəyənlər əsasən heteroseksuallar olur. Bu, bizi şəxsən çox sevindirir və ruhlandırır.

Ana səhifəVideo”Azərbaycanda cinsi orientasiya ilə bağlı onlarla intihar olub”