Azərbaycanda çəltikçilik: toxum, texnika, suvarma və mütəxəssis çatışmazlığı…

Fotolar: Meydan TV

“Yeni sortlar axtarışına çıxsaq da,  ölkədə məhsuldar, keyfiyyətli toxum tapmırıq”

Qeyri-neft sektorunun inkişafı ilə bağlı 2018-ci ildən etibarən dirçəltməyə çalışdıqları sahələrdən biri də çəltikçilikdir.

Lənkəran-Astara, Şəki-Zaqatala və Ağdaş-Ucar rayonlarındakı əkin sahələrində yerli düyü istehsal olunsa da, bu sahədə bir sıra problemlər var və bu da çəltikçiliyin daha geniş vüsət almasını əngəlləyir.

Astaranın Artupa kənd sakinləri Meydan TV-yə deyiblər ki, regionda çəltik əkini, düyü istehsalına görə onların kəndi məşhurdur.

Sakinlərin sözlərinə görə, “Haşimi” düyüsünün istehsalı yalnız Artupaya məxsusdur.

Kənd 1992-ci ildən çəltikçiliklə məşğuldur və münbüt torpaq, suptropik iqlim qurşağı buna imkan verir.

Kənddə cari il üçün ümumi 150 ailə tərəfindən 100 hektar sahədə çəltik əkilib və artıq biçin də yekunlaşıb, məhsul götürülüb.

Qonşu Kakalos, Suparibağ, Ərçivan kəndlərində də çəltik təsərrüfatları var, ancaq bu kəndlərdə sahələrin çoxunun SOCAR-a məxsus olduğu deyilir.

Kənd sakini Renat Mustafayev Meydan TV-yə deyib ki, bu il ötən illə müqayisədə məhsuldarlıqda az itki olub. Amma keyfiyyətli toxum sortu və texnika çatışmazlığı onlara ciddi problem yaradır.

Kəndli deyir ki, bir neçə həmyerlisi ilə birlikdə 1 hektar sahəni əkib. Hektara məhsuldarlıq 4 ton olub. Ötən il isə 3 ton məhsul götürüb:

Bu il hava şəraiti bizə çətinlik yaratmadı və yağış zamanında yağdı. Tam 100 günə məhsul yetişdi. Çəltik əsasən əl əməyi ilə başa gəlir və zəhmət sevən bitkidir. Əvvəllər” “Sipitrom” , “228” , “Həsəni” , “Sədri” , “Həsənsəhrayi” , “Daştəsə” , “Çin” , “Xəzər” sortlarına üstünlük verərdik. Məhsuldarlıq yüksək olsa da, bu sortların mənfi cəhəti çox gec yetişməsi idi”.

Oktyabrın əvvəli yetişirdi və bu gec olurdu. Yeni sortlar axtarışına çıxsaq da, illərdir ölkədə məhsuldar, keyfiyyətli toxum tapmırıq. İranla yaxın olduğumuz üçün ordan tez yetişən sort gətirib əkdik. Məhz “Haşimi” sortu da İranındır. Məhsuldarlığı az, ancaq keyfiyyətli, ətirli, dadlı düyüsü var. Qiyməti də bahadır”, – deyə o bildirib.

“Peşəkar mütəxəssis qıtlığı var, kəndli onlardan çox məlumatlıdır”

Artupa kəndinin digər sakini, illərin təcrübəli çəltik istehsalçısı Mehman Quliyev də bir hektardan 4 ton məhsul götürdüyünü deyir.

Ancaq zəhmətkeş illərdir məhsuldar, keyfiyyətli toxum problemi yaşayır.

Hazırda kənd camaatı “Haşimi” sortu ilə yanaşı, “Sədri”, “Tarım”, “Qara”, “Qırmızı” sortlarını da əkir.

““Haşimi” kimi dadlı, məhsuldarı yoxdur”, – deyən fermer illərdir ki, ölkədə belə sort toxumların axtarışındadır.

Dediyinə görə, pandemiya isə vəziyyəti daha da kritikləşdirib.

Düzgün aqrotexniki qulluq tələb edən çəltikçilikdə kəndlilər mütəxəssis məsləhətinə də həsrətdirlər:

Hər yerə müraciət edib deyirəm ki, bizə toxum lazımdır. Yerli, sağlam toxumdan keyfiyyətli məhsul olar. O toxum da daxili bazarda olmalıdır, yoxsa iki il öncə İrandan keçib gətirmişik, pandemiyadan sonra sərhəd bağlı olub, qalmışıq belə. Əldə olan toxum da bitib. Məcbur alıb əkdiyimizdən götürək, amma bu da getdikə toxumun cırlaşmasına, məhsulun azalmasına səbəb olur, effektli olmur. Toxumlara yerli laborotoriyalarda baxılmalı, çeşidlənməli və müsbət analiz verilməlidir ki, bu toxum torpaq üçün uyğundur ya yox. Yoxsa hər toxumu əkmək olmaz. Ciddi şəkildə toxum çatışmazlığı var. Köhnə yerli sortlar geri qaytarılsa yaxşı olar”.

Dövlət Aqrar Mərkəzlərinin isə adı var, özü yox. Nə toxum işinə, nə aqrotexniki qulluq məsələsinə, nə texnikaya kömək olurlar. Düzgün maarifləndirmə, əkinə təşviq və çıxış yolları göstərilməlidir, amma biz heç birini görmürük. Peşəkar aqrar mütəxəssis qıtlığı var. Kəndli onlardan çox məlumatlıdır, çünki əkin təcrübəsi var”, – deyə o qeyd edib.

“Hər il texnika üzündən itki yaşayırıq biçində”

Sakinlər bildiriblər ki, çox zəhmət tələb edən çəltik əkini üçün seçilən yer iki dəfə şumlanmalı, aprelin ilk ongünlüyünə qədər hamarlanmalıdır. Sahəyə su verildikdən sonra əkin prosesi həyata keçirilir. Bu isə texnika tələb edir.

Texnika çatışmazlığı yaşayan kəndlilər aprelin əvvəlində toxumu səpir, qadınlar isə istilikxana şəraitində və mayda böyüyən şitilləri həmin nəzərdə tutulan ərazidə əkirlər.

Texnika baha olduğu üçün əkinçilər günü 25 manata qadın əməyindən yararlanır. Üstəlik, su çatışmazlığı suvarma işini çətinləşdirir.

Biçin zamanı da texnika çatışmazlığı ayrı dərddir. Çəltik üçün xüsusi kombaynların olmalıdır, amma kəndlilər məcbur qalıb arpa, buğda kimi dənli bitkiləri biçən texnikalardan istifadə edirlər.

Bu isə itkiyə, düyü sınmasına səbəb olur. Nəticədə sınmış düyünü 2-3 dəfə aşağı qiymətə satmalı olurlar.

Onun sözlərinə görə, su arterzianlarının, anbarın qurulması yayda suvarma işinə dəstək olar:

Texnikamız yoxdur. 1 sot torpağı 2 manat 50 qəpiyə şumlayır, 3 manata mala vururlar. Texnika olsa, kəndimizin şum və malasını ucuz qiymətə edərdik. Kombayn yoxdur, qonşu rayondan gəlir. O da 1 sot ərazini baha qiymətə – 3 manat, 3 manat 50 qəpiyə biçir. Qiymət ona görə bahadır ki, hamı bir hektar əkmir, 30-40 sot əkəni də var. 1 hektara 1500 manat xərc çıxır”.

Çətlik üçün kombayn yoxdur deyə buğda, arpa biçən kombaynlarla biçirik çəltiyi, həm itki çox olur, həm də düyülər zədələnir. Nəticədə xırda düyü çox olur. İtki olmasa, hektardan 5 ton məhsul götürmək olar. Bundan əlavə, su anbarı olmalıdır, amma yoxdur. Ona görə də dağdan gələn suyun – Astaraçayın ümidinə qalırıq. Yayda quraqlıq olduğundan suvarma işində də ciddi narahatlıq yaşayırıq. Ən çox da su çəltiyin boy atan zamanında tələb olunur. Tutaq ki, bu il yağış oldu, bəs digər illərdə necə? Olmasa, məhsul batır”, – deyə əkinçi Renat Mustafayev bildirib.

O deyir ki, hətta bəzi kəndlilər probemlərdən dolayı əkindən imtina edirlər, məsələn, 2018-2019-cu illərdə əkin daha çox olub, amma getdikcə azalır:

Bəzi kəndlərdə məhsuldarlıq qənaətbəxş olmur. Çünki dediyim kimi, su, yağıntı olmur. Ya da toxumun keyfiyyətsizliyi buna imkan vermir. 5 ildir ki, əkmirik. Çünki çəltik sahələrinə heyvanlar girir, problemlər yaradır, torpaq da yetişdirmir. Yəni hər kənddə alınmır, dağlıq ərazidə isə heç əkilmir”, – deyə kənd sakinlərindən biri bildirib.

Kəndlilər deyirlər ki, düyüdən əla sort un çıxır. Kənddəki dəyirmanda düyü üyüdülərək un alınır, çörək və digər qənnadı məhsullarının, yeməklərin hazırlanmasında əvəzsizdir.

Çəltikçilik nəzərdə tutulan Dövlət Proqramına dair inkişaf etdirilərsə, sahələrin sayı artırılarsa ölkədə yaşanan buğda və un çatışmazlığı probleminə də dəstək olar. Nəzərə alsaq ki, yerli növ düyülərin qiyməti də bahadır, demək, dövlətin dəstək və nəzarəti qaçılmazdır.

Subsidiyanın verilməsi isə ən uyğun dəstək olar.

Mehman Quliyev də bu qənaətdədir.

Əgər düyü çox olarsa, un bazarına da kömək olar…”

“Haşimi” yerindəcə 4-5 manata, digər ərazilərdə daşınıb satılırsa, 6-7 manata, qırmızı, qara düyü də isə 9-10 manat, hətta 10-12 manatdır. Sonuncular diabet xəstələri üçündür. İkinci sort düyü sortunu isə 2-3 manata satırıq. Əsas satış yerimiz dəyirmanın özüdür. Bu dəyirman düyüdən un alır, unu çox dadlı olur. Hətta xüsusi texnikamız var ki, düyünü una çevirir. Əgər düyü çox olarsa, un bazarına da kömək olar, buğda unundan asılılıq aradan qalxar”.

50 kq düyüdən elə o çəkidə un alınır. İtkisi də olmur. Düyünün ikinci sortundan çəkilən unun bir kiloqramı 3 manat yarıma satılır. Çörəyi də çox doyumlu, tutumlu olur. Talışların sevimli çörəyi ondan hazırlanır. Hətta ingilislər gəlib “Haşımi” düyüsündən 1 ton alıb apardılar, məhz keyfiyyətinə və sağlamlığına görə. Bizim adımızdan istifadə edib düyülərini “Astara” düyüsü adı ilə satırlar. Amma problem təkcə bu, deyil. Biz heç bazara, marketə çıxmırıq, elə dəyirmandaca satırıq. Torpaq qıtlığı yaşayırıq. Olsa, çox əkərik. Çünki qonşu rayonlardan gəlir. Dövlətin subsidisiya verilməsi üçün məsələ qaldırmışıq, hələ bir xəbər yoxdur”

Sertifikatlı toxumlar olmadığı üçün məhsuldarlığa təsir edir”

Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov Meydan TV-yə bildirib ki, ümumilikdə Astarada 202 hektar sahədə çəltik əkilib.

Onun sözlərinə görə, indiyə qədər 137 hektar sahə biçilib və 568, 5 min ton məhsul yığılıb:

Rayon respublikada məhsuldarlığa görə birinci yerdədir. Ancaq 2017-ci ildən 2022-ci ilə qədər sahələrdə azalma gedib”.

Səbəbini isə rəhbərlik texnika, sertifikatlı toxum sahəsində əkinçilərin illərdir yaşadığı ciddi problemlə əlaqələndirib.

O, hazırda Lənkəranda toxum sahəsində iş aparıldığını qeyd edib:

Maraqlıdır ki, 2016-cı ildə mən gələndə 113 hektar, sonrakı il 447 hektar əkdik. Sonra 450 hektar əkdik. Sonrakı illərdə isə əkin sahəsi azaldı. Azərbaycanda sertifikatlı toxum heç olmayıb. Bizdə toxumlar faktiki cırlaşıb. Sertifikatlı toxumlar olmadığı üçün məhsuldarlığa təsir edir. Kəndlilər toxumu ancaq öz əkdiklərindən götürür. Hətta elə fermerlər var ki, əkin sahələri hektarlarladır. Məhz, əkinçilər də toxumu əsasən onlardan alırlar. O da elə də effektli olmur”.

Nümunə üçün Lənkəranda Əkinçilik İnstitunun nəzdində toxumçuluq təsərrüfatı yaradılıb. Türkiyədən toxum gətirib əkirlər. Sertifikatlaşdırıb sonra satacaqlar. Düzdür, bütün Respublikanın təminatı nəzərdə tutulmayıb, ancaq hələ ki işə başlanılıb. Malayziya səfirliyi də Lənkəranda oldu. Onlar da Toxumçuluq İnstitunun rəhbərləri ilə birlikdə bizə kömək edəcəklər ki, toxumçuluq təsərrüfatı yaradılsın”, – deyə o vurğulayıb.

Əlimizdə nə Aqrolizinq texnikası, nə toxum, nə gübrə anbarı var”

Etibar Abbasov onu da bildirib ki, çəltikçilikdə əkin və biçin zamanı texnika çatışmazlığı ciddi problemdir: “Xüsusilə əkin zamanı xüsusi texnikaya ehtiyac var. Rayonda nə texnika, nə toxum, nə də gübrə anbarı var. Əgər çatışmazlıqlar həll olunarsa, Dövlət Proqramının sonuna qədər Astarada əkin 1000 hektara çatdırılacaq”.

Bizdə çəltik əkən texnikalara ehtiyac çoxdur. Hazırda rayonda beş texnika var. İkisini Masallıdan, birini Lənkərandan gətirmişik. Biri də “İmanlı” şirkəti var onundur. Çəltikbiçən mini kombayndırlar. Məhsuldarlığa təsir edən amillərdən birincisi əkinə qədər yerin şuma hazırlanması texnikasının çatışmazlığıdır. Hansı ki, çəltik tərəvəz, arpa, buğda deyil, çəltik üçün yer tam başqa formada hazırlanır. Məhz buna görə sepli texnikaya ehtiyacımız var”, – Etibar Abbasov belə deyir.

Kənd Təsərrüfatı Nazirliyinə təkliflər vermişik, onlar da deyir ki, üzərində işləyirik. Maliyyədən asılıdırmı, nədirmi yubanır. Bizim rayonda bir hektar şum 300 manatdır. Hansı rayonda 300 manata şum var? 40-50 manatdan artığı yoxdur. Amma, ağır gillli torpaqdır. Belorus traktorlar da işləyə bilmir. 3,4 ağızlı kotan bizim torpaqda işləyə bilmir. Sepli traktorlar da az və şəxsidir. Olmayanda onlar da qiyməti qaldırır. Bunu tənzimləmək lazımdır. Əlimizdə nə Aqrolizinq texnikası var, nə toxum , nə gübrə anbarı var. Buna görə zaman-zaman çətinlikləri yaşayırıq”, – deyə o vurğulayıb.

Düyü çörəyi əvəz edə bilər…”

Etibar Abbasov əlavə edib ki, məhsulun vahid satış yerinin olmaması da çətinliklər yaradır. Dövlət tərəfindən topdan alış imkanının yaradılması satıcılara kömək olar. Bəzi ərazilərdə isə su anbarlarının, süni su göllərinin yaradılması da əkin sahələrinin artırılmasına rəvac verər.

Onun fikrincə, su anbarı ilə bağlı təkliflərin qəbulunda builki proqramda Astaranın adı qeyd edilməyib. Kəndlilərə dəstək üçün verilən subsidiyanın qiyməti qaldırılmalı, kreditlər verilməlidir:

Biz təklif vermişik ki, su anbarı, süni su gölləri yaradılsın ki, su qıtlığı yaşanmasın. Burada yarımçıq tikili su anbarı var. Onlar da illərdir ki, yarımçıq qalıb. Onu başa çatdırsalar, 500-600 hektar əlavə yerimiz var ki, o sahələrə rahat su vermək olar. Hər il proqram təsdiq olunur, amma bu il Astaranın adı orada yoxdur. Bircə Masallıdan Viləşçay su anbarını salıblar. Gübrələrin qiyməti bahalaşıb, ala bilmirlər. Subsidiya alırlar, amma azdır. Artırılsın ki, əkin də yaxşı olsun. Düyü istehsalçıları topdan məhsulu sata bilmirlər. Hissə-hissə satmaqla da fermerlər, məhsul sahibləri xeyir götürə bilmirlər. Normal satış təşkil edilsin. Dövlət tərəfindən alınsın hamısı və tam da ödənişi ödənsin. Əgər əkinçi onu birdəfəlik satsa, texnika ala, təsərrüfatını normal hala sala bilər”.

O təklif edir ki, düyünü dövlət alıb marketlərə paylasın:

Təchizatla bağlı qurum yaratdılar, illərdir ki, fəaliyyəti yarıtmır. Kreditlər də verilmir. Bizdə sırda ölçülü sahələrdir: 1 hektar, 50 sot, 70 sot. Bununla da fermer irəli gedə bilmir. Ona görə də dövlətdən kömək lazımdır. Həm kredit sahəsində, həm satışda, həm toxum, həm texnika ilə bağlı təminatda. Düyü strateji bitkidir, vacibdir. Düyü unu çörəyi əvəz edə bilmir, amma düyü özü çörəyi əvəz edə bilər”.

Kənd Təsərrüfatı Nazirliyindən isə Meydan TV-nin sorğusuna cavabda bildirib ki, respublikanın 9 rayonunda (Astara, Ağdaş, Masallı, Lənkəran, Ucar, Yevlax, Zərdab, Salyan və Göyçay) 3129,3 hektar çəltik əkilib.

Bölgələrdə mütəxəssis çatışmazlığı ilə bağlı suala isə nazirlik belə cavab verib:

“Əkinçilik Elmi Tədqiqat İnstitutunun 1 əməkdaşı Lənkəran-Astara bölgəsində disertantura səviyəsində tədqiqat işini bitirib, 1 əməkdaşı isə Şəki-Zaqatalada tədqiqat işini davam etdirir”.

Nazirlik qeyd edib ki, 2021-ci ildə yeni çəltik nümunələrinin Azərbaycana intruduksiya olunması, çəltik genplazmasının zənginləşdirilməsi məqsədi ilə Türkiyənin “Trakya Tarımsal Araştırma İnstitutu” ilə əlaqə yaradılıb və onlayn görüşlər keçirilib:

Həmçinin çəltikçilik üzrə Malaziya Kənd Təsərrüfatı Tədqiqatları və İstehsal İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutu arasında Kənd Təsərrüfatı Tədqiqatları və İstehsal Əməkdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb. 2015-ci ildən İran İslam Respublikasında yerləşən “Mərkəzi və Qərbi Asiya Çəltikçilik Mərkəzi” ilə elmi əməkdaşlıq edilir. 2021-ci ildən Əkinçilik Elmi Tədqiqat Institutu “Mərkəzi və Qərbi Asiya Çəltikçilik Mərkəzi” (CWARice) tərəfindən təklif edilən “Mərkəzi və Qərbi Avropa ölkələrində müxtəlif üzvi gübrə mənbələrindən istifadə etməklə orqanik düyü istehsalının texniki-iqtisadi əsaslandırılması” mövzusunda regional layihəni uğurla həyata keçirir”.

Nazirlik həmçinin qeyd edib ki, Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 2022-ci ildə Çəltik bitkisinin seleksiyası və becərilmə texnologiyası şöbəsi yaradılıb. Çəltikçiliyin elmi əsaslarla təşkili, introduksiya olunan çəltik sortlarının ilkin toxumçuluğu (orijinal və superelit) təşkil olunub.

Texnika çatışmazlığına gəlincə, nazirlik bildirib ki, “Aqroservis” ASC tərəfindən ümumilikdə 78 ədəd müxtəlif adda və markada kənd təsərrüfatı texnikası, cəmi 14 ədəd çəltikyığan kombayn, o cümlədən 10 ədəd mini çəltikyığan kombayn, 40 ədəd lazer hamarlama texnikası, 3 ədəd tırtıllı traktor (kabinasız), 10 ədəd özüyeriyən çəltik şitili əkən (6 cərgəli), 8 ədəd əl ilə idarə olunan çəltik şitili əkən, 2 ədəd çəltik şitili üçün toxum hazırlayan stasionar konveyer, 1 ədəd çəltiktəmizləyən və qurudan texnikaların alınaraq respublikaya gətirilməsi təmin edilib.

Qurum qeyd edib ki, 2021-ci ilin dekabrından Aqrar Kredit və İnkişaf Agentliyi trəfindən kredit təşkilatları vasitəsilə 11 ədəd müxtəlif kənd təsərrüfatı texnikası (çəltik şitili əkən, çəltik alağı edən, əl ilə idarə olunan çəltikbiçən, mini çəltik biçən kombayn və s.) lizinq yolu ilə sahibkarlıq subyektlərinə satılıb.

Nazirliyin açıqlamasına görə, Azərbaycanda “Çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nda Əyriçay və Əlicançay su anbarının və digərlərinin tikintisi nəzərdə tutulub.

Ana səhifəBölgəAzərbaycanda çəltikçilik: toxum, texnika, suvarma və mütəxəssis çatışmazlığı…