“Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır.” Heydər Əliyev
Bu cümlə Milli Məclisin saytının Ana səhifəsində yazılıb.
Təkpartiyalı sistem necə olur? 21-ci əsrdə təkpartiyalı sistemlər çoxpartiyalı sistemin imitasiyası ilə məşğuldurlar. Azərbaycanda qeydiyyatdan keçmiş partiyaların sayı 55 olsa da, heç 5 partiya da gözə dəymir. Təkpartiyalı sistem az qala dövlət siyasəti olaraq qəbul edilib. Bərabərşəraitli rəqabət mühitinin olmadığı siyasi mübarizədə çoxpartiyalılıq ola bilməz. Müxalifət partiyalarının liderləri faktiki dissident həyatı yaşayır. Siyasi, ictimai fəallıq göstərən muxaliflərin həbsdə olduğu ölkədə mənbəyi xalq olan hökümətdən söz gedə bilməz.
2010-2015 illər arasında Milli Məclis adlanan qurumdan nə xəbərlər aldıq, yenidən xatirinizə salmaq istədim.
Ən yadda qalan bir neçə hadisəni sadalayaq, keçək mətləbə.
1) “Gülərgeyt”; Elşad Abdullayevin videolarında gördük ki, Milli Məclisə seçilmək üçün hökümətin siyahısında yer almaq lazımdır. Siyahıya düşmək üçün külli miqdarda pulundan keçməli, özünü hökümətə qarşı “ağıllı” aparmalısan. Bu hadisədə ən diqqət çəkən məqam çamadanın “atvyorka” ilə açılması oldu. Sosial şəbəkələrdə məsələnin bu xırda hissəsindən çox yazıldı, lağ edildi və s.
2) Səsvermə; 2013-cü ildə Milli Məclisdə hansısa qanunun qəbulu ilə bağlı səsvermədə deputatlar zalda olmayan həmkarlarının əvəzindən səs verirdilər. Bu anlar isə foto və video faktlarla ictimaiyyətə çatdırıldı. Bu barədə Milli Məclis heç bir açıqlama vermədi. Həmin deputatlarn da buna görə nə qanun qarşısında, nə də seçiciləri qarşısında cavab verməsini görmədik.
3) “Molotov kotleti”; Nidaçıların həbsindən sonra bütün hökümət rəsmiləri gənclərin həbsinə haqq qazandırmaq üçün min hoqqadan çıxırdılar. Əslində, çoxunun marağında olan şey hökümətin haqlı olduğunu hər yerdə deyərək “böyüklər” qarşısında üzüağ olmaq idi. Bunlardan biri də YAP deputatı Siyavuş Novruzov idi. Milli Məclisdəki çıxışında “molotov kokteyli” əvəzinə “molotov kotleti” ifadəsi işlətdi. Bu, sosial şəbəkələrdə ən çox tənqid olunan, müəlifinin lağa qoyulduğu hadisə oldu.
Əslində, bu siyahını artırmaq olar. Son 5 il Azərbaycan üçün çox ağır keçib. 2011-ci ildə 20-ə yaxın siyasi fəal həbs olunub və hazırda 100-ə yaxın siyasi məhbus var. Hər dəfə həbslər olarkən Milli Məclisdən heç də milli olmayan nitqlər səsləndi. Muxalifət düşərgəsinə düşmən gözü ilə baxan deputatların olduğu Milli Məclisə seçkilər bu il də keçiriləcək. Ölkədə seçki abu-havası yoxdur. Milli Şura seçkini boykot edir. Nida da iştirakdan bu gün imtina etdi. Musavat, ReAl seçkiyə qatılmaq barədə qərar versələr də, namizədlərinin suni şəkildə qeydə alınmaması, imzatoplayanlarının həbs olunması və s. faktlar deməyə əsas verir ki, onlardan heç biri “seçilə” bilməyəcək.
Musavat partiyası 70 nəfərlə seçkiyə qatılacaqdı. Onlardan yalnız 23 nəfərinin namizədliyi qeydə alındı. Digərlərinin namizədliyi isə müxtəlif maneələrlə qeydə alınmadı. Müsavat partiyasının da seçkini boykot etməsi ictimaiyyətdə müzakirə olunur. Yaxın günlərdə bu barədə yekun qərar veriləcəyini ümid edirəm.
Bu ay Qırğızıstanda da parlament seçkiləri keçirildi. Seçicilərin 60%-dən çoxunun iştirakı ilə keçirilən seçkidə hakim partiya qalib gəldi. Orada diqqət çəkən məqam isə səsvermədəki nəticələrdir. Belə ki, hakim partiya sadəcə və sadəcə 27,45% səslə qalib gəlib. Ondan sonrakı ardıcıllıq isə belədir: 20,13%, 12,81%, 9,3%, 8,44%, 7,74%.
Azərbaycanda isə son parlament seçkilərindəki rəqəm belədir: YAP: 57,6%. Digərləri barədə məlumat əldə edə bilmədim.
Azərbaycan seçici fəallığı isə 50%-i keçmir. Son prezident seçkilərində 70%-in iştirak etdiyi yazılsa da, bu mümkün deyil. Özümün müşahidəçi olduğum məntəqədə seçici fəallığı 40%-i keçməzdi. Parlament seçkilərində fəallığa dair rəsmi rəqəmlərdə isə durum belədir: 2005-42,2%, 2010-49,83%. Qırğızıstanda isə 60%-dən çox seçici faəllığı olub. 50%-i keçməyən seçici fəallığı da yalandır. Karusel əməliyyatını nəzərə alsaq, heç 30% də deyil. Çox təəsüflər olsun ki, Azərbaycanda belə bir təşkilat yoxdur ki, real rəqəmləri bizə çatdırsın. Demokratik ənənəsi olan hər ölkədə bir neçə belə təşkilat var.
Məsələ Qırğızıstanda keçirilən seçkidəki demokratik olub-olmaması deyil. Ki, beynəlxalq təşkilatlar seçkidə saxtakarlıqların olmadığını deyirlər. Lakin, xalqın avtoritar bir partiyanı seçməsinə təəccüblənirlər. Rusiya tərəfdarı olan Almazbek Atambayevin partiyasının nüfuzlu olmasından getmir söhbət. Söhbət xalqın demokratik ənənələrdən çox uzaqda olmasını göstərir.
“Onsuz da seçiləcəklər” deyimi onlarda da bizdəki qədər aktualdır. Xalqın seçki ilə bağlı fikri yoxdur. İnanmırlar ki, seçki ilə hökümət dəyişə bilər. Bizim prezidentimiz sabah bir tv-də çıxıb desə ki, parlament seçkilərinin demokratik keçirilməsinə söz verir, yenə də xalq seçkidə fəal iştirak etməyəcək. Ənənə yoxdur. Rejim xalqı bu ənənədən də uzaqda saxlayıb. İstəyinə çatıb və xalq seçki deyə bir fırıldaqda iştirak etmir. Ona görə karusel əməliyyatına ehtiyac olmayacaq bu ilki seçkidə.
2015-2020-ci illər arasında da Milli Məclisdən heç nə gözləmirik. Önümüzdəki 5 ildə, arxada qoyduğumuz 5 ildəkindən da biabırçı bir Milli Məclis bizi gözləyir. Deputat Qalib Salahzadənin Bələdiyyə seçkilərində dediyi sözü xatırladım; “Bizim Sabunçu rayonunu götürək. Bələdiyyələrin hamısı indidən seçilib. Camaata da deyirlər, gəlib səs versinlər.” Qalib Salahzadə, Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.
“Gülərgeyt”də belə bir cümlə var idi; “Ölkədə bir seçici var”. Bir nəfərin seçici olduğu ölkədə demokratiyadan söhbət belə gedə bilməz. Növbəti beş ildə müsbətə doğru dəyişikliyin olacağını gözləmək bir yana, bu barədə heç düşünmürük. Milli Məclis çoxdan milliliyini itirib.