Azərbaycanda bahalaşma: “idxal edilmiş inflyasiya”, yoxsa “yanlış vergi-gömrük siyasəti?..”

Bahalaşma, Denys Kurbatov/Shutterstock

Natiq Cəfərli: “Hökumət vergi-gömrük alətlərindən doğru istifadə edə bilmir”

“Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bütün dünyada vəziyyət belədir və biz çalışırıq ki, bu böhranlı vəziyyəti sosial layihələr, proqramlarla yüngülləşdirək. Müharibədən təzə çıxmış, ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır. Bu, bizim iqtisadi gücümüzü göstərir”.

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində belə deyib.

O bildirib ki, iqtisadi müstəqillik mütləq güclənməlidir. Prezidentin sözlərinə görə, ötən il Azərbaycanın ümumi daxili məhsulu rekord həddə çatıb:

“Son dəqiqləşdirilmiş məlumata görə, 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Həmçinin bizim xarici borcumuz da azalıb. Həm mütləq rəqəmlərlə – 7 milyard dollardan aşağıdır, həm də ümumi daxili məhsula nisbətdə təbii ki, azdır. Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir”.

Foto: president.az

İlham Əliyev inflyasiyadan da danışıb.

Ölkə başçısı deyib ki, Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır:

“Biz, əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə, 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”.

İqtisadçı Natiq Cəfərli deyir ki, həqiqətən də, Azərbaycan ərzaq məhsullarında 75%-ə yaxın, dərman və tibbi ləvazimatlarında 95%-ə yaxın, qeyri-ərzaq, sənaye mallarının bir çox növlərində 100% idxaldan asılıdır.

Bu zaman sual yaranır: “30 ilə yaxın ölkəni idarə edən hökumət nədən yerli istehsalla bağlı ciddi uğurlar əldə edə bilməyib?”

İqtisadçının deyir ki, əslində, sözünün canı bu deyil. Bu barədə illərdir ki, deyilir:

“Bəli, xaricdəki qiymət artımı ölkəyə təsir edir, bu bizdən asılı deyil, amma vergi-gömrük siyasəti ki ölkədən, indiki hökumətdən asılıdır, elə deyil?! Ölkədə ƏDV-ni, vergi növlərini, gömrük rüsumlarını ki, ABŞ, Avropa, dünya təyin etmir. Deməli, qiymət artımı ilə effektiv mübarizə üçün hökumət vergi-gömrük alətlərindən doğru istifadə edə bilmir, 6 aya yaxındır ki, ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə salmağı, dərmanlar da isə ƏDV-ni tamamən ləğv etməyi təklif etmişik”.

Natiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

Natiq Cəfərli bildirib ki, ölkə əhalisi gəlirlərinin 55%-i ərzağa, 4%-ə yaxınını isə dərman və tibbi xidmətlərə sərf edir.

Vətəndaşlar öz ərzaq tələbatının 80%-ni şəbəkə marketlərdən ödəyir ki, onlar da ƏDV ödəyicisi olduqları üçün kassada 50 manatlıq ərzağa 59 manat ödəməyə məcbur qalır. Bu məsələnin həlli dünyadan deyil də, məhz iqtidardan asılıdır:

“Bu addım qiymət artımını xeyli səngidə, əhalinin real gəlirlərini artıra bilər. Əhali ərzaq və dərman alarkən ƏDV-dən qənaət etdiyini qeyri-ərzaq məhsullarına xərcləyəcək ki, onların dövriyyəsi artıqca, zatən satışdan əldə olunan büdcəyə ƏDV ödənişləri də yüksələcək. Yəni bu addım heç də büdcəyə vergi daxilolmalarını ciddi azaltmayacaq, büdcə böyük pul itirməyəcək, camaat ƏDV-dən qənaət etdiyinə görə, məsələn, ayaqqabı, mikser, pal-paltar və s. alaraq, zatən, ticarət dövriyyəsinin artmasına, o sahələrdən vergi daxilolmalarının çoxalmasına səbəb olacaq…”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2022-ci ilin 10 ayı ərzində Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

Qalan vəsaitin 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına xərclənib. 

Ana səhifəİqtisadiyyatAzərbaycanda bahalaşma: “idxal edilmiş inflyasiya”, yoxsa “yanlış vergi-gömrük siyasəti?..”