Vəkil deyir ki, dövlət Aliment Fondu yaratmalıdır
2024-cü il yanvarın 1-dən Azərbaycanda alimentlərin məbləği bir uşaq üçün 220 manatdan 235 manata qaldırılacaq.
“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, gələn il yaşayış minimumu 270, əməkqabiliyyətli əhalidə 287, pensiyaçılarda 222, uşaqlar üçün isə 235 manat müəyyən edilib.
Bu da alimentlərin cəmi 15 manat artımı deməkdir.
Dövlət Statistika Komitəsinin son məlumatına görə, ötən illə müqayisədə boşanmaların sayı 1,5-dən 2,1 faizə qədər artıb.

Boşananların sayı ildən-ilə artsa da, müəyyən edilmiş alimentlər ödənilmir.
Məsələ məhkəməyə qədər gedib çıxsa da, yenə də həll olunmamış qalır.
Hazırda məhkəmələrdə aliment ödənişindən boyun qaçırma ilə bağlı yüzlərlə mübahisələrə baxılır.
Aliment ödənişinə görə həm inzibati qaydada, həm də cinayət məsuliyyətinə cəlb olunan, həbs edilənlərin sayı da kifayət qədər çoxdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatına əsasən, Azərbaycanda 84 620 nəfər aliment ödəyir.
Bakının 12 rayonu üzrə 26463, Azərbaycanın bölgələri üzrə 58157 aliment ödəyicisi var.
“Aliment ödənişində yaranan ən başlıca problem aliment ödəyicisinin daimi iş yerinin olmaması ilə bağlıdır. Bundan başqa borclunun aldığı məvaciblə ödəmə məbləğinin adekvat olmaması, faktiki yaşayış yerlərinin qeyd edilməməsi, aliment ödəyicilərinin özlərini süni şəkildə işsiz təqdim etmələri də ödənişlərin gecikməsinə səbəb olur”, – Komitənin məlumatında bildirilir.
Vəkil Şəhla Hümbətova Meydan TV-yə deyir ki, aliment ödənişində əsas problem işsizlik, maddi imkansızlıqdır:
“Azərbaycanda kişilərin əksəriyyəti ya günəmuzd işləyir, rəsmi işi yoxdur, ya ümumiyyətlə, işsizdir. Belə olanda da alimenti ödəmək onun öz insafına qalır. Bəzən də elə olur ki, kişi heç birinin alimentini ödəyə bilmir, gedib ikinci nikahdan da uşaqlar dünyaya gətirir. Sonra da deyir ki, pulum yoxdur. Hər bir halda uşaq ziyan çəkir”.

Bir sıra ölkələrdə borclu alimenti ödəyə bilməyəndə uşağın maddi baxımdan ehtiyac içində qalmaması üçün çıxış yolu tapılıb.
Fransada Dövlət Aliment Fondu, Niderlandda Federal Aliment Bürosu, Polşada Aliment Fondu fəaliyyət göstərir.
Azərbaycanda da Aliment Fondunun yaradılması müzakirə olunur.
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində də bu məsələ əksini tapıb.
Məruzədə vurğulanıb ki, aliment ödənişi ilə bağlı ciddi problemlər var.
Bu məsələdə uşaqların mənafeyini nəzərə alaraq, alimentin dövlət tərəfindən ödənilməsi mexanizmi – Aliment Fondunun yaradılmasına ehtiyac var.
Sonradan dövlət həmin vəsaiti borcludan məcburi qaydada özü ala bilər.
Şəhla Hümbətova deyir ki, dövlət uşağın marağını nəzərə alıb, Aliment Fondu yaratmalıdır:
“Burada uşaq, onun sağlamlığı, maddi təlabatı əsas götürülməlidir. Problemli alimentlər dövlətin resurslarından ödənilməlidir. Sonra da dövlət özü həmin borclulardan hansısa qaydada pulu tələb edər”.
Vəkil hesab edir ki, alimenti ödəyə bilməyən borclunun həbsi məsələnin çıxış yolu deyil:
“İnsanların normal gəliri, yaxşı iş yeri olsa, aliment problemi də bu qədər kəskin olmaz. İcraçılar alimentin altında batırlar. Çünki ödətdirə bilmirlər. Nə qədər adam tutub, həbs etsinlər. Çünki bu da çıxış yolu deyil. Borclu həbs olunub, içəridə yatanda da aliment yenə də yığılmaqda davam edir. Həbsdən çıxandan sonra da daha çox borcun altında batır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa “Turan”a deyib ki, alimentin 15 manat artırılması, kiçik məbləğ kimi görünsə də, ödəyənlər üçün əhəmiyyətli məbləğdir.
Deputat deyib ki, aliment ödəməyə məcbur etmək üçün insanların rifahını yaxşılaşdırmaq lazımdır:
“Adamlar çalışaraq, yaxşı maaş alaraq bunu etməlidirlər”.