Gürcüstan və Qazaxıstanın büdcə xərcləri daha çox sosial yönümlüdür
Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri 2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəyə çıxarıb. İqtisadçı Rövşən Ağayev layihəni təhlil edib: “Büdcəmiz kifayət qədər böyükdü. 2015-ci ildə adambaşına büdcə xərclərimiz təxminən 2200 manat (2800 dollar) olacaq. İnkişaf etmiş ölkələrin eyni göstəricisindən orta hesabla 5-6 dəfə az olsa da, keçid ölkələrinin əksəriyyəti ilə müqayisədə pis göstərici deyil. Amma sadə vətəndaş üçün önəmli olan nədir: büdcənin həcmi, yoxsa ondan nə dərəcədə faydalana bilmə imkanı?
Kollektiv istehlak (yol çəkilişi, təhlükəsizliyin qorunması, idarəetmə aparatının saxlanması və s.) üçün büdcədən nə qədər vəsait ayrılması bir qayda olaraq sadə vətəndaş o qədər maraqlandırmır. Sadə vətəndaşın gözü büdcədə həmişə özünün birbaşa bəhrələnə biləcəyi xərc maddələrini axtarır. Söhbət büdcənin sosial baxımdan həssas bir neçə xərc maddəsidən – təhsil, sağlamlıq, sosial müdafiə xərclərindən gedir. Bir qayda olaraq sosial xərclərin büdcədə payı, adambaşına düşən məbləği əsasında insanların və ayrı-ayrı sosial qrupların büdcədən bilavasitə bəhrələnmək imkanını qiymətləndirmək üçün istifadə edilən ən populyar indikator kimi istifadə edilir. Məsələn, öz büdcəsinin hər 100 dollarından 10 dollarını səhiyyəyə, 15 dollarını təhsilə, 20 dollarını sosial müdafiəyə, yəni ümumilikdə 45 dollarını sosial büdcəyə xərcləyən ölkədə insanların büdcədən bəhrələnmək əmsalı bu 3 mühüm sosial istiqamətə öz büdcəsinin hər 100 dollarından cəmi 20-25 dollar xərcləyən ölkədən 2 dəfə yüksək olduğu göz qabağındadır. Yaxud öz büdcəsinin 50 faizini sosial xərclərə yönəldən hökumətin 25-30 faizini yönəldən hökumətdən fərqi də göz qabağındadır”.
Digər ölkələrlə müqayisə aparan Rövşən Ağayevin fikrincə, yoxsul Gürcüstanla zəngin Qazaxıstanın 2015-ə planlaşdırdığı büdcə ilə Azərbaycanın büdcəsi arasında fərqlər var: “Gürcüstanda adambaşına büdcə xərcləri 1250 dollar, Qazaxıstanda 2400 dollar, Azərbaycanda 2800 dollar səviyyəsində proqnoz edilir. Səhiyyə, təhsil və sosial müdafiə xərclərinin büdcədə payı:
– Gürcüstanda 38 faiz,
– Qazaxıstanda – 40 faiz,
– Azərbaycanda 30 faiz (Sosial Müdafiə Fondu ilə birgə) təşkil edir Səhiyyə, təhsil və sosial müdafiə xərclərinin adambaşına məbləği:
– Gürcüstanda 500 dollar,
– Qazaxıstanda – 950 dollar,
– Azərbaycanda 850 dollar təşkil edir.
Nəticə: Azərbaycanda adambaşına büdcə xərcləri hər 2 ölkədən çoxdur: Qazaxıstanla müqayisədə 15 faiz, Gürcüstana nisbətən 2.3 dəfə. Lakin göründüyü kimi, sosial xərclərin adambaşına həcminə görə Gürcüstanın göstəricisi bizdən cəmi 40 faiz az, Qazaxıstanın göstərici isə 11 faiz çoxdur. Faiz etibarı ilə hər 2 ölkənin büdcəsi Azərbaycan büdcəsindən daha çox sosialyönümlüdü.
“Bu ölkələrlə müqayisədə bir maraqlı məqam da çıxdı ortaya: bizə nisbətən onlarda adambaşına səhiyyə xərcləri daha çoxdur. Məsələn, 2015-də Azərbaycanda adambaşına səhiyyə xərcləri 104 dollar, Gürcüstanda 135 dollar, Qazaxıstanda isə 225 dollar səviyyəsində proqnozlaşdırılır”.