Azərbaycanda adambaşına düşən xarici dövlət borcu 737,2 dollardır

Nazim Bəydəmirli: “Artıq həyəcan təbili çalmağın zamanı çoxdan yetişib”

Source:


Nazim Bəydəmirli: “Artıq həyəcan təbili çalmağın zamanı çoxdan yetişib”

Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2017-ci il yanvarın 1-nə 6 913,2 mln. dollar ekvivalentində olub.

Azərbaycanda adambaşına düşən xarici dövlət borcu 2017-ci il 1 yanvar tarixinə 704,7 ABŞ dolları təşkil edib.

“Report” hökumətin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci il 1 yanvar tarixinədək imzalanan sazişlər üzrə cəlb olunması nəzərdə tutulan kreditlərin ümumi məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 32,3 faizə, 2017-ci il 1 yanvar tarixinə istifadə edilmiş və xarici dövlət borcu hesab edilən kreditlərin məbləğinin 2016-cı ilin ümumi daxili məhsuluna nisbəti 20,4 faizinə bərabər olub.

Hesabata əsasən, xarici dövlət borcu hesab edilən şərti öhdəliklərin məbləği 2017-ci il 1 yanvar tarixinə 406,2 mln. ABŞ dollarına bərabər olub.

1 yanvar 2016-cı il tarixinə Azərbaycanın xarici dövlət borcu 6,894.3 mln. ABŞ dolları (10,751.0 mln. manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19.8% təşkil edib. Bu borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Nəticədə adambaşına xarici dövlət borcu 737,2 dollar səviyyəsində olub.

Nazim Bəydəmirli

İqtisadçı alim Nazim Bəydəmirli Meydan TV-yə istənilən borcun yaxşı hal olmadığını deyib:

“Ancaq borcsuz da keçinmək olmur, çünki beynəlxalq maliyyə qurumları olan Dünya Bankı, Valyuta Fondu, Asiya İnkişaf Bankıyla əməkdaşlıq etməsən də, alınmır. Məsələ ondadır ki, Azərbaycan özünün valyuta ehtiyatlarını müxtəlif maliyyə qurumları vasitəsilə idarəetməyə yönəldir, belə olan halda bu qlobal bazarda söz sahibi olan BVF, Dünya Bankı və s. qurumlardan aradabir borc almaq da vəzifə kimi başa düşülməlidir. Bu zaman əsas olan sual budur ki, dövlətin öz pulu varsa və bundan gələn gəlirlər götürülən borcun faizlərindən azdırsa, bu, səmərəli borc idarə edilməsidirmi? Götürdüyümüz borcların əksər hissəsi LİBOR +3/4 faiz olub, bu da bəzən də ortalama illik 7 faiz ətrafında olan borclardır. Belə olanda sual yaranır; borcun idarə olunması ilə bağlı ödədiyimiz vəsaitləri, özümüzün xaricdə saxlanılan vəsaitlərimizdən gələn gəlirlərlə müqayisə edəndə uyğunluq olurmu? Həm də Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin yaydığı məlumatlara görə, bu borclar istifadə edilmiş kreditlər üzrədir. Ancaq imzalanan müqavilələr üzrə borclar daha çoxdur və bu borclar son hesablamalara əsasən, ÜDM-nin 30 faizindən çoxdur. SOCAR və digər dövlət şirkətlərinin də borclarını hesablasaq, bu, ÜDM-in 60 faizindən də çoxdur. Təkcə 2017-ci ildə dövlət borcunun xidmətinə 1768 milyon manatdan çox pul nəzərdə tutulub ki, keçən ildəkindən 15.9 faiz bu ilin büdcə gəlirlərinin 10 faizindən çoxdur. Ona görə əminliklə demək olar ki, bu borc Azərbaycanın potensialı və gəliri baxımından kifayət qədər kritik borcdur”.

İqtisadçının sözlərinə görə, Azərbaycan iqtisadiyyatı diferensiallaşmış olsaydı, cari xərcləri vergilər və gömrük daxilolmaları hesabına ödənsəydi, dövlətin idarəetmə xərcləri azalsaydı, göstərilən rəqəmə qorxulu hədd kimi baxılmazdı.

“Artıq həyəcan təbili çalmağın zamanı çoxdan yetişib” – Nazim Bəydəmirli fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərAzərbaycanda adambaşına düşən xarici dövlət borcu 737,2 dollardır