Azərbaycanda adambaşı hüquqi yardım büdcəsi Avropa Şurası dövlətləri arasında ən aşağıdır

“Azərbaycan 100 min sakinə düşən vəkil sayında ən az olan ölkədir”

Source:
Məhkəmə
Məhkəmə


“Azərbaycan 100 min sakinə düşən vəkil sayında ən az olan ölkədir”

Avropa Şurasının Ədalətli Mühakimənin Effektivliyi üzrə Avropa Komissiyası (CEPEJ) bu gün iştirakçı ölkələrdə bu istiqamətdə vəziyyət haqqında növbəti hesabatı açıqlayıb.

“Turan” agentliyinin məlumatına əsasən, “Ədalətli mühakimənin effektivliyi və keyfiyyəti” adlı məruzə Avropa Şurasına üzv 47 dövlətdən 45-ni əhatə edir (Lixtenşteyn və San-Marinodan başqa) və 2016-cı ilin məlumatlarına əsaslanır.

Araşdırma müəllifləri məhkəmə sistemlərinin yaxşılaşdırılması üzrə ümumi xərclərin bir qədər artdığını qeyd edir. Belə ki, Avropa ölkələri bu sahəyə orta hesabla illik bir sakin üçün 64 avro xərcləyir. Lüksemburq və Norveçdə büdcələr daha böyükdür.

Hesabatda qeyd edilib ki, peşəkar hakimlərin, o cümlədən qadınların sayı artır.

Ümumilikdə mülki və cinayət işləri üzrə Avropa məhkəmələrinin məhsuldarlığı artır. Bu zaman 2016-cı ildə sığınacaq verilməsi haqqında ərizələr 9 ölkədə – Almaniya, Avstriya, Belçika, Finlandiya, Fransa, İtaliya, İspaniya, İcveç və İsveçrədə işlərin sayına böyük təsir göstərib.

Azərbaycanın 2016-cı ildə məhkəmə sisteminə ayırdığı adambaşı dövlət büdcəsi tədqiq edilən bütün ölkələr arasında ən aşağı büdcədir (7,8 avro). Bu, orta göstəricidən (64,5 avro) 8 dəfədən daha az, maksimum göstəricidən isə (İsveçrə, adambaşı 214,8 avro) 28 dəfə azdır.

Azərbaycanla birlikdə Ukrayna (8,1 avro), Moldova (8,3 avro), Ermənistan (8,4 avro) və Gürcüstan (9,7 avro) autsayderlər qrupundadır.

2014-cü ildə aparılmış əvvəlki qiymətləndirmə zamanı Azərbaycanda adambaşı məhkəmə büdcəsinin ölçüsü 16,4 avro təşkil edirdi. Amma bundan sonra Azərbaycanda iki böyük devalvasiya baş verdi, onların nəticəsində manat iki dəfə dəyər itirdi.

Azərbaycanda məhkəmə rüsumları və vergilər bütün məhkəmə sistemi büdcəsinin 6%-ni formalaşdırır. Bu zaman Avropa üzrə orta hesabla bu göstərici 19% təşkil edir.

Azərbaycanın adambaşı hüquqi yardım büdcəsi (0,06 avro) Avropa Şurası dövlətləri arasında ən aşağı büdcədir. Azərbaycanın göstəricisi Avropada orta göstəricidən (6,96 avro) 100 dəfədən də aşağıdır.

Azərbaycan 100 000 sakinə düşən peşəkar hakimlərin sayı ən az olan ölkələr arasındadır (5,2 hakim) və son illər bu göstərici aşağı düşüb. Bu parametr üzrə orta Avropa göstəricisi 100 000 sakinə 21 hakimdir.

Azərbaycanda hakimlərin orta əmək haqqı yüksəkdir. Hakimlər karyerasının başında ölkə üzrə orta əmək haqqından 4 dəfədən də çox maaş alır. Karyerasının sonunda onların əmək haqqı orta əmək haqqından 6 dəfə çox olur. Avropada karyeranın sonunda hakimin orta əmək haqqı göstəricisi ölkə üzrə orta əmək haqqından 4,5 dəfə çox olur.

Bu gün Azərbaycan 100 000 sakinə düşən vəkil sayı ən az olan ölkədir – 9,5. Bu, Avropa üzrə orta göstəricidən (162 hüquqşünas) 17 dəfə azdır.

2016-cı il üçün olan məlumata görə, dövlət ittihamçılarının sayı 100 000 sakinə 11 nəfər təkil edir, bu da Avropa üzrə orta göstərici ilə (12) müqayisə oluna bilər.

Azərbaycanda, şübhəsiz ki, peşəkar hakimlər arasında qadınların faizi ən aşağıdır (12%), onun ardınca Ermənistan (25%), Şotlandiya (27%) və İngiltərə və Uels (34%) gəlir, Avropa üzrə orta göstərici 51%-dir.

Prokurorlar arasında cəmi 5%-i (bir halda ki, Avropa üzrə orta göstərici 53% təşkil edir), vəkillərin isə 15%-i qadınlardır. Notariusların və icraçıların gender tərkibi haqqında məlumat yoxdur.

Ana səhifəXəbərlərAzərbaycanda adambaşı hüquqi yardım büdcəsi Avropa Şurası dövlətləri arasında ən aşağıdır