Sülh və Demokratiya İnstitutu siyasi məhbusları 7 qrupa bölüb
Azərbaycanda hazırda 99 nəfər siyasi məhbusun olduğu bildirilir.
Bu, Sülh və Demokratiya İnstitutunun tərtib etdiyi siyahıda əksini tapıb.
İnstitut siyasi məhbusları 7 qrupa bölüb.
Birinci qrupa jurnalistlər və blogerlər salınıb: 4 nəfər.
İkinci qrupa isə müxalif partiya və hərəkatların üzvləri daxil edilib. Burada da 4 nəfərin adı var.
Üçüncü qrupda Almaniyadan deportasiya olunmuş siyasi mühacirlərdir ki, onların sayı 5-dir.
19 nəfərin olduğu dördüncü qrupa dindarlar daxil edilib.
27 nəfərlik 5-ci qrupda isə “Tərtər işi” ilə əlaqədar həbs edilən 27 nəfər var.
“Gəncə işi” üzrə həbsdə olan 27 nəfər 6-cı qrupa salınıb. Sonuncu, yeddinci qrupda isə ömürlük məhbuslardır. Onlar 13 nəfərdir.
Sülh və Demokratiya İnstitutu bildirib ki, keçmiş DTK generalı Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə siyasi repressiyalar başlayıb:
“2003-cü ildə atasının yerinə oğlu İlham Əliyev və dissidentlərə qarşı repressiyalar sistematik xarakter alıb. Bundan sonra hüquq müdafiəçiləri Azərbaycanda mütəmadi olaraq “vicdan məhbusları” və siyasi məhbus siyahıları tərtib edib”.
Təşkilat hesab edir ki, siyahı konsepsiyanın müəyyənləşdirilməsi meyarlarına uyğun tərtib edilib.