Daha 30 nəfər sağalaraq evə buraxılıb
Mayın 10-da Azərbaycanda 97 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq evə buraxılıb, bir nəfər isə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, ölən şəxs 1949-cu ildə doğulub:
“Onun COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı xəstəliyi olub”.
Operativ qərargah bildirib ki, Azərbaycanda hazırda 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər ölüb, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.
Eyni zamanda, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 193.411 testin aparıldığı vurğulanıb.