Nikahdan əvvəl talassemiyanın aşkarlanması üçün müayinələr aparılır
Azərbaycanda artıq 9 aydır ki, nikahdan əvvəl talessimiyanın aşkarlanması üçün müayinələr aparılır və il ərzində 180 min insanın müayinəsi nəzərdə tutulur. “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva deyib.
Onun sözlərinə görə, artıq 107 500 nəfər müayinə olunub.
Müayinə olunanlar arasında 6 222 nəfər talessimiya daşıyıcısı olduğu aşkarlanıb: “ Eləcə də 48 cütlükdə hər ikisində talessimiya aşkarlanıb. Bu cütlüklər arasında 4-5 nəfəri nikaha daxil olmayanlar da var. Ailə quranlar arasında isə hamilələr də var, onlar da bizə müraciət edirlər. Onlar genetik müayinə olunurlar və ilk olaraq dölün Perinatal Mərkəzdə diaqnostikası aparılıb və həmin döldə xəstəlik aşkarlanıb. Bu barədə gənclərə məlumat verdik və onlar uşaqda xəstəlik olduğu üçün hamiləliyi pozublar”.
Azərbaycanda xəstəliyin qarşısının alınması üçün hazırda 2015-2020-ci illər üçün üçüncü dövlət proqramı qəbul edilib. 2006-cı ildən bəri qəbul edilən dövlət proqramları talassemiyalı xəstələrə tibbi yardımın təkmilləşdirilməsinə, onların qan və dəmirqovucu preparatlarla təminatına yönəldilib.
Səhiyyə Nazirliyinin saytında deyilir ki, belə xəstələrin normal həyat fəaliyyətinin təmin olunub, əlillik və ölüm hallarının azaldılmasına nail olunub.
“Lakin bu tədbirlərin görülməsinə baxmayaraq, həmin xəstəliklə qeydiyyata düşən şəxslərin sayı ilbəil artır”.
Yeni proqram əsasən, tibbi yardımın daha da təkmilləşdirilməsi və xəstə uşaqların doğulmasının qarşısının alınmasına yönəlib.