İTSDA və TƏBİB birgə məlumat yaydı
Avqustun 25-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Bildirirlər ki, COVID-19 xəstəliyi əleyhinə hər iki doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin üçüncü doza (buster) ilə peyvəndlənmələri tövsiyə edilir.
Qurumlar bunu son elmi tədqiqatlara əsasən tövsiyə etdiklərini bildirirlər: "Bunun üçün vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir".
Qeyd edilir ki, "Peyvənd sertifikatı" müddətsizdir və üçüncü dozanın vurulması onun müddətinə təsir etmir.
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən başlanıb. Əsasən, Çinin "Sinovac" şirkətinin vaksinindən istifadə edilir.
İndiyə kimi 3.7 milyon insanın birinci mərhələdə, 2.4 milyon şəxsin isə ikinci mərhələdə peyvənd edildiyi açıqlanıb.
Koronavirus 2019-cu ilin sonlarında Çində yaranıb dünyaya yayılıb.
2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə avqustun 25-nə kimi 398 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 5 min 370-nin vəfat etdiyi açıqlanıb.