Dövlət Statistika Komitəsi

Mənbə: meydan tv

Başlıq: Dövlət Statistika Komitəsi

Azərbaycanda 2018-ci ildə leykemiya xəstəliklərindən 183 nəfər ölüb

Adil Qeybulla: “Bu xəstəliklərin şiddətlənməsi ölkədəki durumla bağlıdır”

2018-ci ildə Azərbaycanda limfoid leykemiya xəstəliyindən 111 nəfər ölüb. Bunlardan 66-sı kişi, 45-i qadın olub.

Dövlət Statistika Komitəsi bu məlumatı “APA” İnformasiya Agentliyinin sorğusuna cavab olaraq yayıb.

Ölənlərdən 17 nəfəri 0-17, 12 nəfəri 18-29, 82 nəfəri 30 və yuxarı yaş qrupuna aiddir. Mieloid leykemiya xəstəliyindən isə 37-i kişi, 35-i qadın olmaqla 72 nəfər ölüb.

Bildirilib ki, ötən il talassemiya diaqnozu ilə ilk dəfə qeydə alınmış xəstələrin sayı 418 nəfər olub. Müalicə-profilaktika müəssisələrində talassemiya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı ilin sonuna olan məlumata əsasən, 3 min 700 nəfər olub. Talassemiya xəstəliyindən 2018-ci ildə 13 nəfər ölüb.

Komitədən bildirilib ki, ötən il hemofiliya diaqnozu ilə ilk dəfə qeydə alınmış xəstələrin sayı 104 nəfər olub.

2018-ci ildə limfoid leykemiya diaqnozu ilə qeydə alınan xəstələrin sayı 162 nəfər olub. Bu diaqnozla ilk dəfə qeydə alınmış xəstələrin sayı isə 63 nəfər olub.

Professor Adil Qeybulla təqdim olunan rəqəmlərin reallığı əks etdirmədiyi qənaətindədir:

“Bir sıra xəstələr başqa ölkələrdə müayinə və müalicə olunduqlarından qeydiyyata düşmürlər. Bu mənada reallıq daha ciddidir”, - professor deyib.

Adil Qeybulla hesab edir ki, bu xəstəliklərin şiddətlənməsi ölkədəki durumla bağlıdır. Onun sözlərinə görə, söhbət psixoloji vəziyyətdən, qida məhsullarının keyfiyyətindən gedir.

“Ölkəyə yararsız, əksəriyyəti aşağı keyfiyyətli qida məhsulları idxal olunur. Bu gün qida təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Digər tərəfdən, dərmanların keyfiyyət parametrləri çox aşağıdır. Ekoloji amillər, atmosferin çirklənməsi də öz rolunu oynayır. Nəhayət, əhalinin sosial-iqtisadi durumu və bundan qaynaqlanan stress və sadaladığım digər məsələlər xəstəliklərin dinamikasının artmasına səbəb olur”.

Adil Qeybulla

Adil Qeybulla

Mənbə: meydan.tv

Adil Qeybullanın sözlərinə görə, problem adambaşına düşən xəstələrin sayının daha çox olmasındadır.

“Əhalinin sayı reallıqda çox azdır, insanların yarısı xaricdədir. Rəsmi məlumatı götürdükdə, başqa ölkələrlə müqayisədə xəstələrin sayı xeyli çoxdur”.

Professor bildirib ki, bu məsələdə məsuliyyət yalnız Səhiyyə Nazirliyinin üzərində deyil və ekologiyaya, qidalara, ərzaqlara, dərmanlara cavabdeh qurumlar da var.

“Əlbəttə, müayinə və müalicə ilə bağlı problemlər var. Amma məsələ dövlətin ümumi vəzifəsidir, yalnız təkcə bir nazirliyin yox. Dövlət dərman, ərzaq, su təhlükəsizliyini mllli təhlükəsizlik konsepsiyasına çevirməlidir. Əgər ölkəyə standartlara cavab verməyən qida, dərman preparatları, maşınlar gəlirsə, atmosfer çirklidirsə, buna bütövlükdə dövlət cavabdehlik daşıyır. Ona görə konkret konsepsiya ortada olmalıdır və bu, çoxdan olmalı idi”, - Adil Qeybulla deyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/94ksf3

Ən çox baxılan