Azərbaycanda 15-dək deputatın koronavirusa yoluxduğu bildirilir (yenilənib)

Gəncədə də 3 nəfər koronavirus xəstəsi barədə cinayət işi başlanıb.

Foto: Arxiv


17.59.


Meydan TV-nin əldə etdiyi məlumata görə, COVİD-19 testi pozitiv çıxan millət vəkilləri bunlardır: Azər Badamov, Tahir Kərimli, Məşhur Məmmədov, Qənirə Paşayeva, Rəşad Mahmudov, Soltan Məmmədov, Nizami Səfərov, Elnur Allahverdiyev, Vüqar Bayramov.


Meydan TV adıçəkilən deputatlarla əlaqə saxlaya bilməsə də, həmkarlarından biri faktın doğruluğunu təsdiqləyib.

***


Masallıda koronavirus xəstəsi ət satır, Ağstafada isə sərnişin daşıyırmış…

Milli Məclisin (MM) 15-dək deputatı koronavirusa (COVID-19) yoluxub.

Yerli media xəbər verir ki, onların əksəriyyətinin müalicəsini ev şəraitində aparılır.

Bundan əlavə, Milli Məclis Aparatının işçiləri arasında da COVID-19-a yoluxanların olduğu bildirilir.

Ağstafada isə COVID-19 testi pozitiv çıxan şəxsə cinayət işi açılıb.

O, Ağstafa sakini Ramiz Qadirlidir.

Noyabrın 7-də verdiyi COVID-19 testi pozitiv çıxsa da, noyabrın 8-də avtomobillə sərnişin daşıdığı müəyyənləşdirilib.

Məlumatı Ağstafa Rayon Prokurorluğu yayıb.

Bildirilib ki, Ramiz Qadirli karantin rejimini pozduğu üçün ona qarşı Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Masallıda COVID-19 testi pozitiv çıxan sakin ət satırmış.

Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun sakini Mösüm Kazımovu işlədiyi ət satışı dükanında saxlayıb və evinə göndərib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Ərkivan qəsəbəsinn sakini Mövsüm Kazımovun COVID-19 testi bir neçə gün öncə pozitiv çıxıb. Ona ev şəraitində müalicə təyin edilib və yaşayış yerini tərk etməməsi tapşırılıb.

Goranboyda da yaşayış yerini tərk edən koronavirus xəstələri saxlanaraq evlərinə göndərilib. Onlar rayonun Safıkürd kənd sakini Kəniş Həsənov və Boluslu kənd sakini Kamil Əliyevdir. Onların yaşayış yerini tərk etməsini polis müəyyənləşdirib.

Gəncədə də 3 nəfər koronavirus xəstəsi barədə cinayət işi başlanıb. Onların hər üçü evdə müalicə alırmış. Polis yaşayış yerlərini tərk etdiklərini müəyyən edib. Onlardan biri COVID-19 testi pozitiv çıxan Aybəniz Abdullayevadır. O, ev şəraitində müalicə alırmış. Karantin qaydalarını pozaraq Tovuz rayonuna gedibmiş. Digər sakin Ramil Məmmədov isə karantin qaydasını pozaraq mağazaya gedib. Sakinlərdən Mehman Nəcəfov da karantin qaydasını pozub və dostları ilə görüşə gedib.

Mingəçevirdə də şəhər sakini Ş.Əhmədovaya cinayət işi açılıb. Bir neçə gün öncə verdiyi COVID-19 testi pozitiv çıxan Ş.Əhmədova da yaşadığı ünvanı tərk edibmiş.

Azərbaycanda indiyədək ümumilikdə 89 898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib.

Ən son açıqlanan məlumata görə, aktiv xəstə sayı 26548 nəfərdir. Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə müalicə alan koronavirus xəstələri də var.

Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

İndiyədək gündəlik ölüm sayının 28 nəfərdən çox olduğu açıqlanmamışdı.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Ana səhifəSosialAzərbaycanda 15-dək deputatın koronavirusa yoluxduğu bildirilir (yenilənib)