SDİ siyasi məhbuslarla bağlı açıqlama yayıb.
Sülh və Demokratiya İnstitutu (SDİ) Bakıda səfərdə olan Avropa Şurasının baş katibi Thorborn Jaglanda 28 siyasi məhbusun adı olan siyahını təqdim edib. Onların azad olunması istənilib. Ancaq ölkədə 130 siyasi repressiya qurbanı var. SDİ-dən Meydan TV-yə daxil olan məlumatda bildirilir ki, qurum 2008-ci ildən mütamadi şəkildə məhkəmələrdə monitorinqlər həyata keçirir və siyasi repressiyalara məruz qalanların siyahısını mətbuatda dərc edir: “O cümlədən, institut heç zaman mətbuatda dərc olunmayan siyahıları beynəlxalq təşkilatlara göndərmir. Aşkarlıq və şəffaflıq SDİ-nin əsas iş üslubudur”.
SDİ 2014-cü ildə hazırladığı siyahı “Turan İA”nin siyasi repressiyalar, məhkəmələr haqqında yaydığı məlumatlara əsaslanır: “Bu siyahı ardıcıl şəkildə dəyişilir, cəza müddətini bitirənlərin adları çıxarılır. Mayın 21-nə olan məlumata əsasən Azərbaycanda 130 nəfər siyasi repressiyaya məruz qalıb, onlardan 41-i vicdan məhdusu, 89-u isə siyasi məhbusdur”.