Azərbaycanca yeni qoyun cinsi pasportlaşdırılır

Vahid Məhərrəmov: ”Bunlar 30-40 il əvvəl qarşıya qoyulan məqsədə bu gün nail olduqlarından, onu qanuniləşdirmək istəyirlər”

Source:
Foto Azərtac
Foto Azərtac


Vahid Məhərrəmov: ”Bunlar 30-40 il əvvəl qarşıya qoyulan məqsədə bu gün nail olduqlarından, onu qanuniləşdirmək istəyirlər”

Azərbaycanda yeni qoyun cinsi pasportlaşdırılır. Məlumatı

“Azərtac”

yayıb.

Bildirilir ki, Lerik rayonunun “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də yeni “Pirəsora” qoyunları yetişdirilir. Qoyunlar xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə artırılır. Bu qoyun sortunun adı da Pirəsora kəndinin şərəfinə “Pirəsora” adlandırılıb.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Fizuli Mirzəyev də bununla bağlı rəy verib.

Bildirilir ki, institutun mütəxəssisləri Pirəsora qoyunlarının əlamətlərini götürmək və yaxın gələcəkdə bu qoyunların cins kimi təsdiq olunmasında lazımi materialları toplamaq məqsədilə Pirəsora yaylağında tədqiqat aparıblar:

“Qoyunlar qədim zamanlardan Lerik rayonunda saxlanılıb və xalq tərəfindən yetişdirilib. Çarpazlaşdırma yolu ilə təsdiqlənəcək cinsin eksteryer göstəriciləri xeyli yüksəldilib. Cinsin təsdiq edilməsi üçün bir neçə meyar var. Əsas meyar isə qoyunların baş sayı, eksteryer göstəriciləri, eyni arealda yerləşməsidir. Bütün bu göstəricilərə görə Pirəsora qoyunları cins kimi təsdiq olunmağa layiqdir və yaxın vaxtlarda əldə olunmuş materiallar və elmi araşdırmaların nəticələri cinsin təsdiq edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacaq”, – rəydə bildirilir.

Foto Azərtac
Foto Azərtac

Eyni zamanda, qeyd olunub ki, “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-də 8269 baş Pirəsora qoyunu yetişdirilir. Törədici qoçların diri çəkisi 60-75 kiloqram, ana qoyunların çəkisi 35-40 kiloqramdır. Toğluların çəkisi isə 30 kiloqrama çatır.

Aqrar sektor üzrə mütəxəssis Vahid Məhərrəmov isə Meydan TV-yə deyib ki, dövlət bu məsələlərdə öz siyasətini müəyyənləşdirməlidir:

“Azərbaycana hansı cins qoyunlar lazımdır, ətlik, yoxsa yunluq və ya universal? Bu məsələ müəyyən olunduqdan sonra hansı cinslərin hansı yolla əldə edilməsi və necə nail olunması gələcəyin işidir”.

Vahid Məhərrəmov güman edir ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi gördüyü işi patentləşdirmək istəyir, amma göstəricilər hazırkı zamanın tələbinə uyğun deyil:

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Artıq qonşu Dağıstanda və Həştərxanda ətlik istiqamətində elə qoyun cinsləri yetişdirirlər ki, 60-70 kiloqram ət götürə bilirlər. Azərbaycana da ətlik cins lazımdır, təəssüf ki, göstəricilər indinin tələbinə uyğun deyil. Problem seleksiya işlərinin və elmin geridə qalmasıdır. Bunlar 30-40 il əvvəl qarşıya qoyulan məqsədə bu gün nail olduqlarından onu qanuniləşdirmək istəyirlər. Ümumiyyətlə, nazirliyə yetişdirilən cinsin sertifikatlaşması lazım deyil. Hazırda bütün müsbət göstəricilər bazarda öz təsdiqini tapır. Əgər yüksək keyfiyyətli ətlik və yunluq qoyun yetişdirmisənsə, bunu bazara çıxar, nəticələr əldə edəcəksən, müştərilər özləri fəallıq göstərəcək. Universal cins – həm ətlik, həm südlük, həm də yunluq – mümkün deyil, yalnız bir istiqaməti götürməlisən. Gərək dövlət özü bu istiqamətdə siyasətini müəyyənləşdirsin. Azərbaycanda isə bu sahədə qeyri-müəyyənlik var. Tədricən örüş sahələri azalırsa, əhəmiyyətli cinslər sıradan çıxırsa, məsələni izah etməyə ehtiyac yoxdur”.

Ana səhifəXəbərlərAzərbaycanca yeni qoyun cinsi pasportlaşdırılır