”Azərbaycana qoyulan xarici sərmayələr 68 faiz azalıb”

Halva-halva deməklə, ağız şirin olmur

Source: google.az


İlham Əliyev: ''Çinin iri şirkətləri də Azərbaycana sərmayə qoymaq üçün böyük maraq göstərirlər''

Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ölkədə biznes mühitinin yaxşılaşmasından, sərmayə qoyuluşu üçün daha yaxşı şərait yaradılmasından danışıb. O bildirib ki, Azərbaycana xaricdən investisiya, sərmayə qoymaq istəyənlərin artıb. Çinin iri şirkətləri də Azərbaycana sərmayə qoymaq üçün böyük maraq göstərirlər.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan isə bəlli olur ki, Azərbaycana yatırılan xarici sərmayələrin 3 aylıq həcmi 2018-ci ildə 816 milyon dollar, 2019-cu ildə 519 milyon dollar olub. Yəni, xarici sərmayələr bir ildə 36,4 faiz və ya 297 milyon dollar azalıb.

İqtisadçı Nemət Əliyev deyir, xarici sərmayələrin son 5 illik dinamikası göstərir ki, əcnəbi investorlar Azərbaycana sərmayə qoyuluşunu bir qayda olaraq azaltmaqda davam ediblər:

"2015-ci ilin yanvar-mart dövründə ölkəmizə 1,6 milyard dollar sərmayə yatıran xarici investorlar bu göstəricini 2016-cı ildə 1,243 milyard dollara, 2017-ci ildə 1,177 milyard dollara, 2018-ci ildə 816 milyon dollara və nəhayət, 2019-cu ildə 519 milyon dollara qədər azaldıb. Göründüyü kimi, xarici investorlar son 4 ildə Azərbaycana sərmayələri 68 faiz azaldıb".

İqtisadçı deyir ki, hətta xarici sərmayə qoyuluşu sahəsində vəziyyət o dərəcədə bərbaddır ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan adının 25-ci yerə yazılması, yaxud da rəsmi məlumatların dediyi kimi, “32 pillə irəliləyərək ən islahatçı 10 ölkə sırasında yer almağımız” da xarici investorların ölkəmizə olan neqativ münasibətini dəyişə bilməyib:

Nemət Əliyev
Nemət Əliyev

"Çinin iri şirkətlərinin ölkəmizə maraq göstərməsi məsələsinə gəlincə, deməliyəm ki, bu ilin yanvar-mart dövründə xarici investisiyaların 91 faizi (471 milyon dolları) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Malayziya, Yaponiya, Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına məxsus olub. Çinin bu onluq sıralamada yeri yoxdur. Odur ki, Çin sərmayədarları Azərbaycana sərmayə qoyuşunda iştirak edirsə də, onun iştirak payı elə də diqqət çəkən səviyyədə deyil. Hətta Neft Fondunun 2015-ci ildə Çinin istiqraz bazarlarına 500 milyon dollar həcmində yatırım eləməsi də çinli investorlarda Azərbaycana ciddi maraq yarada bilməyib".

İqtisadçı bildirir ki, belə olan halda bir daha təsdiqlənir ki, yayılan rəsmi məlumatlar, məmurların çıxışlarında söylədikləri həqiqəti əks etdirmir:

"Halva-halva deməklə, ağız şirin olmur. Bilmək lazımdır ki, ölkənin sosial-iqtisadi mənzərəsinə yaxından bələd olan xarici sərmayədarlar şifahi sözə deyil, əməli fəaliyyətə, real şəraitə istinad edirlər. Heç şübhə etmirəm, siz də etməyin ki, ölkədəki hazırkı qeyri-adekvat, üzücü şərait dəyişən kimi xarici sərmayədarlar ölkəmizə üz tutacaqlar. Bundan ötrü gerçək və köklü islahatlara ehtiyac var".

Ana səhifəXəbərlər”Azərbaycana qoyulan xarici sərmayələr 68 faiz azalıb”