Azərbaycana qayıtmamaq üçün intihara cəhd edən qadın dispanserə yerləşdirilib

Kəmalə İmaməliyeva: ”Dəfələrlə prezident İlham Əliyevə məktub yazıb kömək istəsəm də, mənim imdadıma çatan olmadı”

Source:


Kəmalə İmaməliyeva: ”Dəfələrlə prezident İlham Əliyevə məktub yazıb kömək istəsəm də, mənim imdadıma çatan olmadı”

Almaniyadan sığınacaq istəmiş daha bir azərbaycanlı vətənə qayıtmamaq üçün özünə qəsd edib.

Almaniyanın Bavariya əyalətinin Bamberq şəhərində yaşayan 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Kəmalə İmaməliyeva intihara cəhd edib. “Legat” İnteqrasiya Mərkəzinin yaydığı ilkin məlumata əsasən, iltihablı revmatizma xəstəliyindən əziyyət çəkən Kəmalə İmaməliyeva uzun illər Azərbaycanda və Türkiyədə müalicə olunub. Müalicəsinin qalan hissəsini Azərbaycanda davam etdirmək üçün maddi imkanı olmayan, habelə, çox çalışdığına baxmayaraq, bu sahədə Azərbaycan dövlətinin sosial dəstəyini ala bilməyən Kəmalə İmaməliyeva humanitar sığınacaq almaq üçün 4 il öncə Almaniyaya gedib.

Almaniyada yaşadığı 4 il müddətində Kəmalə İmaməliyevanın müalicəsi davam edib və o, bu vaxt ərzində bəzi əməliyyatlar keçirib. Lakin indi Almaniya Qaçqınlar və Miqrasiya İdarəsi (BAMF) onun sığınacaq ərizəsinə mənfi cavab verərək, öz ölkəsinə göndərilməsi haqda qərar çıxarıb.

Məlumatda deyilir ki, yanvarın 23-də səhər tezdən 30 nəfərə yaxın polis əməkdaşı və deportasiya üzrə məsuliyyətlilər onu aparmaq məqsədilə yaşadığı mənzilə girməyə cəhd ediblər. Bu zaman Kəmalə İmaməliyeva stress yaşayaraq öz qarın nahiyəsinə bıçaqla zərbə vurub və özünü ağır yaralayıb. Aldığı yaralardan sonra əməliyyat olunan Kəmalə İmaməliyevanı, daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdiriblər.

Kəmalə İmaməliyevanın yaxınları ilə əlaqə saxlandıqdan sonra məlum olub ki, o, Almaniyaya çarəsizlikdən gəlib:

“Yardım üçün dövlət qurumlarına müraciət etsəm də, dəfələrlə prezident İlham Əliyevə məktub yazıb kömək istəsəm də, mənim imdadıma çatan olmadı. Sahə həkimi gəlib dedi ki, sənə 1000 manat verək, daha heç yerə şikayət eləmə, prezidentə məktub yazma!”

Kəmalə İmaməliyevanın dediklərinə görə, o, Almaniyada qaçqınlara ilkin yardım göstərən qurumlardan biri olan “Karitas” təşkilatının əməkdaşlarına deportasiya olunacağı təqdirdə intihar edəcəyini deyib. Lakin buna baxmayaraq, səhər saatlarında onu aparmağa gəliblər. İntihara cəhd və keçirilən əməliyyatdan sonra bildiriblər ki, onun evinə gələn Əcnəbilərlə İş üzrə İdarənin əməkdaşları və polis yox, sadəcə Sosial idarənin qaçqın evləri üzrə işçisi olub və o, qapını döyəndə zarafatca özünü polis kimi qələmə verib.

Lakin Kəmalə İmaməliyeva bunun absurd olduğunu bəyan edir. Hazırda bu məsələni ictimailəşdirməyi düşünən Kəmalə İmaməliyeva, faktla bağlı yeni vəkil tutub, ondan da bu məsələni araşdırmağı xahiş edib.



Rüzgar Mövsüm

Ana səhifəXəbərlərAzərbaycana qayıtmamaq üçün intihara cəhd edən qadın dispanserə yerləşdirilib