Azərbaycana qarşı vuruşmaqda ittiham olunan Livan vətəndaşının mühakiməsi başlayacaq

Onun Livanın başqa bir vətəndaşı Hovak Kikiyanın təklifi ilə sentyabrın 29-da muzdlu döyüşçü kimi Qarabağ müharibəsinə qoşulduğu, bundan ötrü ilkin mərhələdə 2500 dollar pul aldığı bildirilir

Source: Specify Source


DTX və Baş Prokurorluq birgə məlumat yayıb

Livan vətəndaşı, 42 yaşlı Eulcekcian Viken Abraham Azərbaycana qarşı terrorda ittiham olunur. Yaxın vaxtlarda bu və başqa ittihamlarla onun mühakiməsi başlayacaq. Bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda bildirilir ki, Eulcekcian Viken Abraham və bir sıra başqaları 44 günlük İkinci Qaranağ müharibəsində pul müqabilində Azərbaycana qarşı vuruşub.

1979-cu il təvəllüdlü Eulcekcian Viken Abraham Livanın paytaxtı Beyrutda yaşayıb. Onun Livanın başqa bir vətəndaşı Hovak Kikiyanın təklifi ilə sentyabrın 29-da muzdlu döyüşçü kimi Qarabağ müharibəsinə qoşulduğu, bundan ötrü ilkin mərhələdə 2500 dollar pul aldığı bildirilir.

Azərbaycan ərazisi hesab olunan yerlərə icazəsiz gəldiyinə görə ona Cinayət Məcəlləsinin 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddəsilə də ittiham verilib. Viken Eulcekcian həmçinin bu Məcəllənin 114.3 (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1 (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) və başqa maddələrilə də təqsirləndirilir. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Viken Eulcekcian və bənzər əməllərdə ittiham olunan digər şəxslərin işi üzrə araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılıb. Artıq ibtidair istintaq başa çatıb və ittiham aktı təsdiqlənib. Mayın 5-də bu iş baxılması üçün məhkəməyə göndərilib.

Viken Eulcekcianın ittihamları qəbul edib-etmədiyi məlum deyil.

Ana səhifəSiyasətAzərbaycana qarşı vuruşmaqda ittiham olunan Livan vətəndaşının mühakiməsi başlayacaq