Azərbaycana qarşı hər hansı sanksiya tətbiq olunmayıb (yenilənib)

ABŞ səfirliyi yayılan məlumatı təkzib etdi

Source:

16.51. “Avropa İttifaqı nə Azərbaycana, nə də azərbaycanlı olan hər hansı şəxsə qarşı sanksiya tətbiq edib”.

Bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr şurasının mətbuat katibi Suzanna Keiefer APA-nın sorğusuna cavabında deyib. ABŞ-ın Azərbaycandakı səfirliyi də bu dövlət və Aİ tərəfindən 31 azərbaycanlı məmura sanksiya tətbiq edilməsi xəbərinə münasibət bildirib. Səfirlikdən APA-ya deyilib ki, bu xəbər doğru deyil: “Azərbaycana qarşı hər hansı sanksiya tətbiq edilməyib”.

Baş Prokurorluq da bəzi KİV-in prokurorluq əməkdaşlarına sanksiya qoyulması xəbərini təkzib edib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, sosial şəbəkələrdə və bəzi KİV-də prokurorluq orqanlarının 11 nəfərinə qarşı sanksiya qoyulması barədə yayılan xəbərlər əsassızdır və tərəfimizdən qəti şəkildə təkzib olunur.

E. Sultanov həmçinin bildirib ki, Baş Prokurorluğun əməkdaşları mütəmadi olaraq beynəlxalq tədbirlər və ezamiyyətlərlə bağlı xarici ölkələrdə səfərlərdə olur: “Baş Prokurorun birinci müavini Rüstəm Usubov ötən ilin noyabrında Almaniya və Avstriyaya səfər edib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov ötən ilin iyul ayında Almaniyada, həmin idarənin müstəntiqi Qasım Məmmədov ötən ilin noyabr-dekabr aylarında Finlandiyada, digər müstəntiq İbrahim Ləmbəranski isə dekabr-yanvar aylarında Avstriya və İtaliyada ezamiyyətdə olub, hazırda isə Finlandiyadadır”.


ABŞ səfirliyi yayılan məlumatı təkzib etdi

“Azərbaycana qarşı hər hansı sanksiya tətbiq olunmayıb, bu, yanlış məlumatdır”. Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfirliyi Meydan TV-in sorğusuna cavabında bildirib.

Yanvarın 11-də “Azərbaycan saatı” proqramında məlumat verilib ki, Avropa Birliyi və ABŞ Dövlət Departamenti Azərbaycandan olan bir sıra məmurlara qarşı sanksiyaların tətbiq edilməsi barədə ilkin razılığa gəlib. Məlumata görə, bu məmurlar insan haqlarının pozulmasında birbaşa iştirakı olan hakimlər və prokurorlardır. İlkin siyahıya 31 nəfərin adı daxildir. Onların içərisində Baş prokurorun müavini Rüstəm Usubov da var.

Avropa Birliyinin Bakı nümayəndəliyindən hələlik məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərAzərbaycana qarşı hər hansı sanksiya tətbiq olunmayıb (yenilənib)