Azərbaycana problem yaradacaq köç

“Əgər hər hansı bir ölkədən beyin axını olursa, bu həmin ölkənin gələcəyinə ciddi ziyan vurur”

Source:


“Əgər hər hansı bir ölkədən beyin axını olursa, bu həmin ölkənin gələcəyinə ciddi ziyan vurur”

2016-cı ildə Almaniyaya sığınacaq üçün 4750 nəfər azərbaycanlı müraciət edib. Bu da 2015-ci illə müqayisədə 3 dəfə çoxdur.

Ann.az-a bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsindən bildiriblər. Məlumata görə, 2016-cı ildə daxil olan 4750 müraciətdən, yalnız 2722 müraciət barədə qərar verilib:

“Qalan 63,4 faiz müraciət əsassız hesab edilib. Sığınacaq istəyən 459 azərbaycanlı barədə müsbət qərar verilib. 537 azərbaycanlıya qarşı “Dublin Əsasnaməsinə” uyğun olaraq başqa sığınacaq prosedurları tətbiq edilib. 2015-ci ildə isə Almaniyadan 1497 Azərbaycan vətəndaşı sığınacaq istəyib. Həmin müraciətlərdən yalnız 390-ı barədə qərar verilib. 165 nəfərə rədd, 71 müraciətə müsbət cavab verilib. 154 nəfərə isə “Dublin Əsasnaməsinə” uyğun başqa sığınacaq prosedurları tətbiq edilib”.

“Dublin Əsasnaməsi” üçüncü ölkə vətəndaşının və ya vətəndaşlığı olmayan şəxsin beynəlxalq himayə məqsədi ilə təqdim etdiyi hər bir ərizəsinin Avropa İttifaqının bir üzv dövləti tərəfindən baxılmasını tələb edir. “Dublin Əsasnaməsi” müraciət üçün tez bir vaxtda Aİ-nın cavabdeh üzv dövlətinin müəyyən edilməsini və sığınacaq istəyən şəxsin həmin üzv dövlətə transfer edilməsini nəzərdə tutur. Bir çox halda cavabdeh dövlət sığınacaq istəyən şəxsin Avropa İttifaqına gəldiyi ilk dövlət hesab olunur.

Röya Rəfiyeva
Röya Rəfiyeva

Edəcəyin heç nə yoxdursa, getmək ən yaxşısıdır

15 ilə yaxın Azərbaycanda müxtəlif qəzet və saytlarla əməkdaşlıq edən jurnalist Röya Rəfiyeva da Almaniyadan sığınacaq istəyib. Hazırda düşərgədə qalır.

O hesab edir ki, ölkəni tərk etmək siyasi, iqtisadi, sosial problemlərdən çıxış yoludur:

“Ölkənin dəyişəcəyi ilə bağlı ümid və bu baxımdan sənin edəcəyin heç nə yoxdursa, getmək ən yaxşısıdır. Onsuz da qalıb nəsə edə bilmirsən”.

Kursdakı 22 öyrəncidən 21 nəfəri azərbaycanlı idi

Röya Rəfiyeva deyir ki, son 2 qaldığı düşərgədə çoxlu azərbaycanlı görüb. Hətta düşərgələrin böyük hissəsi azərbaycanlılardan ibarətdir:

“Hamısının hekayəsi ilə tanış deyiləm, amma əksəriyyəti ölkəni siyasi səbəblərdən tərk etdiklərini söyləyirlər. İqtisadi durumun çətinliyindən, övladının müalicəsi üçün gələnlər də var. Ancaq onlar azlıq təşkil edir. Dil kursuna yazılmağa getmişdim. Oradakı 22 öyrəncidən 21 nəfəri azərbaycanlı idi. Demək istəyirəm ki, ölkədən gediş bu qədər kütləvi hal alıb”.

Ölkəni tərk etmək çıxış yoludurmu?

Röya Rəfiyeva deyir ki, ölkəni tərk etməyə bir çox amilin təsiri var. Ən çox da problemlər insanları məcburiyyət qarşısında qoyur. Bunun ən böyüyü də siyasi problemlərdir:

“İqtisadi məsələlərdən ötrü də gedənlər var. Onlar durumun daha da pisləşəcəyini düşünürlər. Odur ki, hansısa bir ölkəyə mühacir kimi sığınıb, aldıqları müavinət, tapacaqları işlə yaşamlarını sürdürmək istəyirlər. Çoxu ölkədə ümidin qalmadığını düşünənlərdir. Kiçicik bir ümidlə başqa ölkələrə üz tuturlar”.

Vətəndaşın gedişi ölkə üçün itkidir, mənfi haldır

Röya Rəfiyeva bu köçün gələcəkdə Azərbaycana ciddi problemlər yaradacağını deyir:

“Azərbaycan ən azından işçi qüvvəsini, savadlı insanlarını itirir. Ölkədən gedənlərin böyük əksəriyyəti intellektual insanlardı. Onların itirilməsi gələcəkdə yaxşı heç nə vəd etmir. Sabah ölkədə ciddi dəyişikliklər üçün referendum, seçki keçirilsə, səs verməyə adam tapılmayacaq. Hansı ki, həmin insanların verdikləri səslər çox önəmlidir. Hər bir vətəndaşın gedişi ölkə üçün itkidir, mənfi haldır”.

Natiq Cəfərli

Bu hal həmin ölkənin iqtisadiyyatına, gələcəyinə ciddi ziyan vurur

İqtisadçı, ReAL Hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, bir nəfər yaxşı mütəxəssisin yetişdirilməsi üçün dövlət 100 min dollara yaxın vəsait xərcləyir:

“O mütəxəssis iş həyatı boyu ölkəyə birbaşa və dolayı yolla hardasa 1 mln. dollar qazandırır. Əgər hər hansı bir ölkədən mütəxəssis, beyin axını olursa, bu hal həmin ölkənin iqtisadiyyatına, gələcəyinə ciddi ziyan vurur”.

Mütəxəssislər, iş adamları, təhsilli insanlar ölkəni tərk edirlər

Natiq Cəfərli deyir ki, köç bu gün Azərbaycandakı ən böyük problemlərdəndir. Mütəxəssislər, iş adamları, təhsilli insanlar ölkəni tərk edirlər:

“Bu, bizə həm maddi ziyan vurur, həm də zaman itiririk. Çünki bir mütəxəssisin formalaşması 15-20 il alır (məktəbə gedən dövrdən sayılmaqla)”.

İnhisarçı və ədalətsiz sistem təşəbbüsləri boğur

Son bir neçə ildə ölkədən köçmək istəyənlərin sayının kəskin artmasının səbəbinə gəlincə, Natiq Cəfərli hesab edir ki, bu insanların gələcəklə bağlı qayğılarından, qapalı sistem, özünürealizə imkanlarının məhdud olmasıdan və azadlıqların azlığından irəli gəlir:

“İnhisarçı və ədalətsiz sistem təşəbbüsləri boğur, insan potensialının açılmasına imkan vermir. Bu, ölkə daxilində olan məmurların, vəzifə sahiblərinin də potensialını qapadır. Məsələn, elə səfir var ki, çox gözəl müğənnidir, dünya şöhrətli musiqiçi ola, konsertlər verə, milyonlar qazana, ölkəni tanıda bilərdi. Amma işi bütün potensialını məhv edib. Elə icra başçıları var ki, gözəl konditer, aşbaz, şirniyyatçı, və ya komik aktyor ola, məşhurlaşa bilərdi. Sistem onlara da öz potensialını açmağa imkan vermədi. Elə nazirlər var ki, çox məşhur iş adamları ola, rəsmi milyonçu olub həm özünə, həm ölkəsinə xeyir verə bilərdi. Bir sözlə, sistem nə insanların, nə də ölkənin potensialını açmağa imkan verir”.

Cavid İmamoğlu
Cavid İmamoğlu

Ölkədə hər şeyin pisliyə doğru getməsi ab-havası yarandı

Sosioloq Cavid İmamoğlu isə deyir ki, əvvəlcə ölkəni tərk edənlərlə bağlı araşdırma aparılmalı, demoqrafiq göstəricilərinə baxılmalıdır. Bu insanların kimliyi, təhsili, gender məsələləri müəyyənləşdirilməlidir:

“Bunları bilmədiyimdən sosioloji baxımdan vəziyyətin nə dərəcədə ciddi olduğunu söyləmək çətindir. Sırf qanunauyğunluqlar çərçivəsindən baxdıqda görürük ki, ölkədə özlərinə normal imkanlar yarada, ailə ehtiyaclarını qarşılaya bilməyənlər xarici ölkələrə üz tuturlar. Sonuncu devalvasiyadan sonra ölkədə hər şeyin pisliyə doğru getməsi ab-havası yarandı. Bunda sosial şəbəkələrin rolu da böyük oldu. Hamı durumun ağır, pis olduğunu yazdı, müzakirə etdi. Məncə, bu cür ab-havanın yaranmasına kənar müdaxilələr də oldu, özlüyündən yaranmadı. İnsanlar da yazılanlara inandılar. Nəticədə hamı bir-birini təkrarlamağa, ölkəni tərk etməyə başladı”.

Əvvəlcə həyəcan, stress, sonra da adaptasiya problem yaşayacaqlar

Sosioloq deyir ki, reallıqda vəziyyət elə də ağır deyil. Qiymət artımı, devalvasiyanı çıxsaq, durum o qədər də pis deyil. İnsanların yaşayışı qaydasına düşüb:

“Ölkəni tərk edənlər bir növ bir-birlərini təkrarladılar. İnsanların öz dilini danışan, ətrafında dostu-tanışı olan bir ölkədə nəsə edə bilməyib, başqa ölkədə özünə biznes şəraiti yarada biləcəyini düşünməsi normal hal deyil. Gözləntilərin düzgün idarə olunmaması deməkdir. Həmin şəxslər çox tez bir zamanda gözləntilərinə uyğun olmayan yerə düşdüklərinə görə əvvəlcə həyəcan, stress keçirəcəklər. Bundan sonra isə adaptasiya problemi yaşayacaqlar”.

Ölkəni tərk etmək istəyən insan çox düşünməlidir

Cavid İmamoğlu son dövrlərdə miqrasiyanın artdığını təsdiqləyir. Deyir, əvvəllər ölkəni çox az adam tərk edirdi. Getdikləri ölkələrdə onlara şərait yaradılırdı:

“İndi bütün dünyada miqrasiya geniş vüsət alıb. Ona görə də həmin şəxslərə xüsusi yanaşma yoxdur, sadəcə texniki səviyyədə dəstək verilir. Ona görə də belə insanlar gözləntilərinə uyğun nəsə görməyəndə sıxıntı yaşayırlar. Ölkəni tərk etmək istəyən insan çox düşünməlidir”.

Miqrasiyaların geri dönüşlərini eşidəcəyik

Sosioloq deyir ki, kifayət qədər təhsilli, bilgili olmalısan ki, alman və ya başqa ölkələrin cəmiyyətinə yeni nəsə verə biləsən. Digər hallarda miqrasiya sosial qanunauyğunluğa düz gəlmir:

“Bir insanı ölkə qane etməyə bilər. Tutaq ki burda əməyinə qarşılıq 2 min verirlər, başqa ölkədə 10 min. Təbii getməlidir. Ancaq bundan savayı qalan kütləvi miqrasiyaların geri dönüşlərini eşidəcəyik”.

Miqrantlar
Miqrantlar

Ölkəni tərk edənlər Qərbdə siyasi azadlıqlar və iqtisadi imkanlar axtarırlar

2000-2014-cü illərdə oxşar vəziyyət Rusiyada da yaşanıb. 14 il ərzində 1.8 milyon təhsilli rusiyalı repressiyalar və imkanların yoxluğu ucbatından vətənini tərk etmək məcburiyyətində qalıb. “Newsweek” dərgisinin

məlumatına

görə, ölkəni tərk edənlər Qərbdə siyasi azadlıqlar və iqtisadi imkanlar axtarırlar:

“Bu, Rusiya Federasiyasında təhlükəsizliyə ən böyük hədəyə çevrilib”, – Atlantika Şurası beyin mərkəzinin Avropa və Avrasiya üzrə tədqiqat direktoru Alina Polyakova belə düşünür. Onun fikrincə, “bu, dünyada yenidən öz yerini qazanmağa çalışan Rusiyaya 1 nömrəli təhlükədir”.

”Böyük səkkiz”liyə miqrantların etdiyi köçün statistikası
”Böyük səkkiz”liyə miqrantların etdiyi köçün statistikası

Putinin dövründə 1.8 milyon rusiyalı ölkədən gedib

Yazıda bildirilir ki, prezident Vladimir Putinin dövründə 1.8 milyon rusiyalı ölkədən gedib. Bu cərəyan daha da güclənib: “Səbəb vətəndaş cəmiyyətinə qarşı kəskin repressiyalar, iqtisadi imkanların azlığı, müstəqil medianın yoxluğudur. Ölkəni iqtisadi baxımdan güclü edə biləcək fərdlər Rusiyanı atıb gedirlər”.

2009-2010-cu illərdə İrlandiyadan köçənlər…

İrlandiyanın Mərkəzi Statistika Ofisinin (CSO)

məlumatına

görə, 2009-2010-cu illərdə İrlandiyadan köçənlərin sayı 65 mini ötüb. Bunun 1900-cü illərdən bəri ən böyük köç olduğu bildirilir. Səbəb isə iqtisadi vəziyyətin ağırlığı, işsizliyin artması olub.

Yunan miqrantların sayı 65 faiz artıb

Avstraliyanın İmmiqrasiya Departamentinin

məlumatına

əsasən, 2014-cü ildə ölkəyə gələn yunan miqrantların sayı 65 faiz artıb. Məlumatda deyilir ki, 2011-ci ilin son altı (6) ayında Avropada baş verən iqtisadi böhran bu göstəricilərə xüsusi ilə təsir edib.

Ən çox gedilən ölkələr

“The Telegraph”

yazır ki

, 2005- 2015-ci illərdə miqrasiya üçün ən çox üz tutulan ölkələr Kanada, Almaniya, Amerika, İngiltərə və Fransa olub.

Ana səhifəXəbərlərAzərbaycana problem yaradacaq köç