İlham Şaban: Hökumət qərarın hansı zərurətdən irəli gəldiyini izah etməyib
Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişiklik edib.
Nazirlər Kabinetindən “APA -Economics”ə verilən məlumata görə, dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.
Dəyişikliyə əsasən, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.
Nazirlər Kabineti həmçinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında da dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir.
Neft sahəsi üzrə mütəxəssis İlham Şaban Nazirlər Kabinetinin bu dəyişikliyini öz “facebook” səhifəsində şərh edib.
İlham Şaban bildirib ki, Aİ-92 markalı benzinin idxalı müvəqqətidir: “Azərbaycan Hökuməti 1 mln-a yaxın 92 markalı benzindən istifadə edən istehlakçılarla “gizlənpaç” oynayır. Avqustun 17-də bəyan edib ki, bəs dünəndən yeni qanun qüvvəyə minir: tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin hər 1 tonu üçün aksiz vergisi 200 AZN-dən 1 AZN-ə endirilib. Qərar avqustun 16-dan etibarən qüvvəyə minib və 60 gün müddətində qüvvədədir. Qərarı nə izah edən var, nə başa salan. KİV isə müraciət edib ki, AÇ SİRRİ – benzin qalxacaq, ya qalxmayacaq? Əlbətt ki, qiymət dəyişikliyi nəzərdə tutulmayıb. Əks təqdirdə, hökumətin bu qərarının mənası nə idi? Sadəcə, hökumət izah etməyib ki, bu hansı zərurətdən doğub. Nədən 60 gün müddətində Ai-92 markalı benzinin idxalına ehtiyac yaranıb Azərbaycanda. Adətən, hər ildə bir dəfə neft ayırma zavodları plana uyğun olaraq təmirə dayanırlar. Cari ildə təmir işləri avqust ayına salınmışdı. Təmirdən əvvəl zavodun rezervuarlarında yanacağın ehtiyatı toplanır ki, daxili bazarda hər hansı problem yaşanmasın. Ancaq hazırda H.Əliyev ad. NEZ-da SOCAR həmçinin modernizasiya işləri də görür və bir neçə qurğunun yenilənməsi prosesi gedir. Ona görə də bu işlərin müddəti əvvəlkindən daha çox müddət tələb etməli olub. Nəticədə rezervuar parkında olan ehtiyat hesabına ölkənin Ai-92 markalı benzininə olan tələbatını ödəmək mümkün olmayacaqdı. Yəni idxala ehtiyac yaranıb. Qiymətin daxuili bazarda dəyişməməsi üçün isə Nazirlər Kabineti məlum qərarı verib”.