Nazirlik “Facebook” hesabından həmin fotonu silib
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında Rusiyaya məxsus gəmilər görünüb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəliblər.
Rusiya gəmisinin üzərindəki “Z” hərfi diqqət çəkib.
Yerli media Müdafiə Nazirliyinin “Facebook” hesabından paylaşdığı fotoları yayımlasa da, nazirlik sonrada “Z” görüntülü fotonu silib.
Bu hərf Rusiyanın başlatdığı müharibəyə dəstək simvoluna çevrilib. “Z”nin nə demək olduğuna dair çoxsaylı nəzəriyyələr var. Ən populyar olanı Ukrayna prezidenti Zelenskinin hədəfə alınmasıdır. Hərbi əməliyyatların gedişatında bu hərf Putinə dəstək simvoluna çevrilib. Hətta onun yeni rus kimliyinin simvolu olduğunu söyləyənlər də var.