Azərbaycana gələn əcnəbilərin statistikası açıqlanıb

Azərbaycanda turistlər. Foto: DH Saragih/shutterstock

Rusiya-Ukrayna müharibəsi ölkəyə gələn qaçqınların da sayını artırıb

2023-cü ilin ilk iki ayında Azərbaycana dünyanın 148 ölkəsindən 232,5 min əcnəbi gəlib.

Bu, ötən ilin eyni göstəricisindən çoxdur.

Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında deyilir.

Gələnlərin böyük hissəsi (32,4 faiz) Rusiyadan, 21 faizi Türkiyədən, 9,2 faizi İrandan, 5,7 faizi Gürcüstandan, 3,8 faizi Hindistandandır.

Gələnlərin sayına görə növbəti yerləri Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Küveyt, Səudiyyə Ərəbistanı tutur.

Son illər, müharibədən sonra Ukraynadan Azərbaycana gələnlərin sayı da artıb.

Ən son açıqlanan məlumata görə, Azərbaycanda yaşayan və qaçqın statusunda olanların 74 faizi ukraynalılardır.

Ümumilikdə isə Azərbaycanda 6466 nəfər qaçqın statusunda olan şəxs var.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında bildirilir.

2021-ci ilə baxanda Azərbaycandakı qaçqınların sayı artıb.

Həmin il Azərbaycanda 2000 nəfərdən az qaçqın olması ilə bağlı məlumat açıqlanmışdı.

Görünən odur ki, Rusiya və Ukrayna müharibəsi Azərbaycandakı qaçqınların sayını üç dəfədən çox artırıb.

Azərbaycanda qaçqın statusu ilə yaşayan şəxslərin vətəndaşlıqlarına gəlincə, 74 faizi (4788 nəfər) ukraynalı, 18 faizi (1179 nəfər) əfqan, 5 faizi isə ruslardır (325 nəfər).

Qaçqınlar üzrə Ali Komissarlığın məlumatında bildirilir ki, hazırda Azərbaycan Ukraynadan olan qaçqınlara hüquqi yardım və məsləhət xidmətləri, habelə müvəqqəti və daimi yaşayış icazələrinin alınması üçün dövlət rüsumlarının qarşılanması kimi mövcud proqramlara daxil edilməsi sahəsində tədbirlər görür.

Bu sahədə Ukrayna səfirliyi və könüllülərlə əməkdaşlıq edilir.

Təzəlikcə gələn ailələrə quru ərzaqdan ibarət 200 bağlama və 100 gigiyenik dəst çatdırıb.

“Həssas vəziyyətdə olan 31 ukraynalıya nağd pul verilib, həmçinin 3 nəfərə hüquqi yardım göstərilib”.

Bundan əlavə, məlumatda qeyd edilir ki, qaçqın statusunda olan 60-dan artıq qaçqın gəncin ali təhsil almasına “DAFI” (Albert Eynşteyn Alman Akademik Qaçqın Təşəbbüsü) Təqaüd Proqramı və ya illik təhsil haqlarının BMT QAK tərəfindən ödənilməsi ilə dəstək göstərilib. 1,160 məcburi köçkün hüquqi məsləhət və hüquqi yardım proqramı çərçivəsində ödənişsiz hüquqi yardımdan yararlanıb:

“14 Ukrayna vətəndaşına 90 günlük vizasız qalma müddəti bitdikdən sonra müvəqqəti yaşama icazəsi almaq və Azərbaycanda qalmalarını leqallaşdırmaq üçün maddi dəstək göstərilib. 2022-ci ilin aprel-sentyabr ayları ərzində 231 nəfər Azərbaycan vətəndaşlığı alıb və qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslərin sayı 391-dən 160-a enib”.

Ana səhifəSosialAzərbaycana gələn əcnəbilərin statistikası açıqlanıb