Əkrəm Əylislinin yazdığı “Daş yuxular” çap edildikdən sonra Azərbaycanın ictimai həyatına daş kimi düşdü və yazıçının özünə müxtəlif problemlər yaratdı, təzyiqlər oldu və bütün bunlar azmış kimi, yaxın günlərdə ölkədən çıxışının qarşısı alındı, cinayət işi başlandı. Ə.Əylisliyə qarşı əvvəlcə CM-nin 221.1-ci maddəsi üzrə ittiham irəli sürülmüşdü. Həmin ittihamda 320 saatdan 400 saatadək ictimai işlər, bir il islah işləri və ya bir ilədək həbs cəzası nəzərdə tutulurdu. Daha sonra isə prezidentə yazdığı açıq məktuba görə ittiham ağırlaşdırılaraq Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə ittiham edilir və burda yalnızca 3 (üç) ilədək həbs cəzası var. Ta əvvəlindən haqqında çeşitli ittihamlarla təzyiqə məruz qalan, kitabları yandırılan Əylislinin “Daş Yuxular”ı nəymiş ki, belə hadisələr baş verdi? Gəlin biraz bunu aydınlaşdıraq.
“Daş yuxular” sovetlərin dağılması ərəfəsində Azərbaycan-Ermənistan arasındakı konfliktlər fonunda insan əzablarının və xatirələrinin təcəssümüdür. Sınmaz, əyilməz Saday Sadıqlının ölüm yatağında ikən ağlından keçənlər, şüurunda iz buraxmış hadisələr nəql olunur, eyni zamanda Doktor Fərzaninin tənhalığı üzərindən dövrün Bakısı, ona dair düşüncələri, müşahidələri göstərilir.
İnsanlarda qıcıq yaradan məsələ Əylislinin Bakıda ermənilərin təqibi, döyülməsi və s. mövzularına toxunması, ayrıca Əylisin erməni sakinləri haqda işlətdiyi xoş , azərilər haqqında dediyi pis sözlərdir. Gəlin, ilk öncə birinci iddiaya aydınlıq gətirək. Azərbaycanlıların Ermənistandan deportasiya olunduğu dövrdə eyni tərzdə hərəkətlər Bakıda da olurdu, evlərə girərək mənzilləri qəsb edir, yiyələnirdilər. Bir gün evinə qayıdan “bakılı erməni”nin illərdir yaşadığı, xəyalları ilə dolu olduğu evinin əslində olmadığını görməsi necə də kədərli mənzərədir. “Ev” həm də vətəndir, çünki sən orda özünü daha çox etibarlı yerdə imiş kimi hiss edirsən.
Tanıdığım insanlar arasında da ermənilərin evinə girərək, oranı zəbt edərək “ev sahibi” olan şəxslər var və bundan bəzən utansalar da, heçnə unudulmur. Əlbəttə, öz evlərindən uzaq düşmüş təkcə ermənilər deyil, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş insanlardır, lakin ikinciləri vurğulayıb, birincilərin isə belə bir əziyyət görmədiyini iddia etmək sadəcə insanlıqdan kənar hərəkətdir və əlimizi vicdanımıza qoyaraq danışmaq lazımdır. Azəri-erməni konflikti təkcə səksənlərin sonunda olmayıb, daha əvvəl də baş verib və 1905-1907-ci illərdəki hadisələr zamanı böyük ədibimiz Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının 17 sentyabr 1907 tarixində yazdığı “Yoldaş” yazısında nə yazdığına diqqət edək:
“… sözün doğrusu budur ki, erməni də öz xeyrini qanır, müsəlman da öz xeyrini qanır. Allah erməni və müsəlman davasına bərəkət versin. Əgər erməni müsəlman davası olmasaydı, nə ermənilər Qarabağda Xankəndini dağıdıb müsəlmanın var-yoxuna sahib ola bilərdi, nə də Naxçıvanda müsəlmanlar ermənilərin dükanlarını dağıdıb top-top çitlərini evlərinə daşıya bilərdilər. Lazımdır mülahizə etmək ki, məsələn, Xankəndində nə qədər erməni yox yerdən bir satın içində dövlətə çatdı və nə qədər müsəlman Naxçıvanda bir saatın müddətində dövlət sahibi oldu?”
Aradan 100 il keçmiş və heçnə dəyişməmişsə, bunları yenidən dilə gətirən Əylislidə günah daha çoxdur, yoxsa başını dəvəquşu kimi torpağın altında gizlədən bizlərdə?
İkinci məsələdə azərbaycanlılar qıcıqlanır ki, necə olur azərilər pisdir, amma ermənilər yaxşıdır? Belə bir şey mümkündürmü? Xalqımız onlara doza-doza, ampula-ampula yeridilən nifrətə görə özlərinin hər zaman yaxşı, ermənilərin isə hər zaman pis olduğunu düşünür. Əylisli Haykanuş adlı bir obraz yaradıb ki, həmin obraz yetim qalmış uşağı (Camalı) çimdirən ermənidir və əsərin ən təsirli səhnələrindən biridir. Yetim Camal nənəsi Əzranın gözü tutulandan sonra başına su dəyməyən, bu səbəbdən də hər zaman başında kepka ilə gəzən bir oğlandır. Camalı məktəbdə də kepkanı başından çıxarmadığı üçün danlayırlar, ancaq bunun səbəbini heç kim duymur, ya da duymaq istəmir, yalnız Haykanuş onu çimdirdikdən sonra yığışıb gələn azərbaycanlı qadınlar arasında keçən bu dialoq hər şeyi ifadə edir:
“- Kül bizim müsəlman başımıza, bir yetimin başın yumağa da qeyrətimiz çatmadı.
– Yuyub da, erməni olanda nə olar. Haykanuş göydən gəlməyib ki! O da bu kəndin adamıdır.”
Əylislinin dialoq içində vurğuladığı nöqtə heç də bütün müsəlmanların pis, ermənilərin yaxşı olduğu deyil, əksinə bəşəri dəyərlərin istənilən xalq üçün keçərli olduğu; yaxşılığın, şəfqətin və sevginin heç bir irqi, dini fərq kəsb etməməsidir. O, hamı üçündür və burda heç bir ayrıseçkiliyə yol vermək olmaz. Saday Sadıqlının Əylis kəndinə olan sevgisi də elə insanlığa və mərhəmətə, sevgiyə, şəfqətə olan təzahürüydü. “Onun Əylisə vurğunluğunun, bəlkə də, nə erməniyə, nə müsəlmana dəxli vardı. İnsanın haqq-həqiqətə sadiqliyini bu da belə bir ali – və ağayana- təzahürüydü.”
Əylisli əsər boyunca iki paralel xətt aparır; gerçəklik və yuxu. Gerçəklikdən qopmuş, ölməkdə olan Saday Sadıqlı şüurunun dərinliklərində iz qoymuş bütün hadisələri, uşaqlığını, Əylisi xatırlayır, onlarla yenidən qarşılaşır, eyni zamanda gerçəklikdən daha çox qopur, batdığı “daş yuxusundan” heç cür ayıla bilmir. “Daş yuxular” metaforu təkcə Saday Budaqlını “ölümə” aparmır, eyni zamanda cəmiyyətin içində yaradılan kin, nifrət ünsürlərinin də mənəvi ölümə apardığını göstərir.
Doktor Fərzaninin gözündən həmin dövrün Bakısına nəzər salaq: “Qəribəydi, artıq bir neçə aydı ki, nəinki gecələr, hətta gündüzlər də Bakının küçələrində tək-tək, yaxud cüt-cüt gəzən adamlar heç yerdə gözə dəymirdi. İndi bu şəhərdə insanlar sürü-sürü, dəstə-dəstə gəzirdilər. Və danışmağın, söz deməyin külli-ixtiyarı da sanki yalnız sürü-sürü, dəstə-dəstə gəzən bu insanlara verilmişdi. Sanki bu şəhərdə daha heç kəs özü deyildi. Elə bil 5-10 nəfər ürəksiz, beyinsiz, allahsız və şəxsiyyətsizin minlərlə nüsxəsini çıxarıb, şəhərin canına buraxmışdılar və maraqlı burasıydı ki, bu adamların gecəli-gündüzlü bağıra-bağıra dediyi sözlərin miqdarı da, təxminən, ibtidai insanların ov vaxtı işlətdiyi sözlərin sayı qədərindəydi:
A- zad-lıq!
İs-te-fa!
Qa-ra-bağ!”
Bəli, aprelin əvvəlində baş verən hadisələrdə yenə minlərlə nüsxə insanın eyni hərəkətləri şüursuz şəkildə təkrar etdiyini, qana susadığını, yığılan enerjini müxtəlif yollarla canlarından çıxarmağa çalışdığını görürdük. Bu nüsxələr illərlə işlənmiş, hazırlanmış, iqtidarın ümumi səylərinin nəticəsi idi və yaradılan gərginlikdən maksimum dərəcədə istifadə edildi. Halbuki hər iki tərəfdən ölənlərin sayı qorxunc dərəcə idi, sosial mediada gördüyümüz şəkillər insanı dəhşətə gətirir, nifrətin nə qədər ürəkbulandırıcı bir hiss olduğunu göstərirdi, ancaq bunu görəcək gözlər varmı? “Daş yuxular”ın “Dördüncü fəsil”inin başlanğıcındaki sözlərə diqqət edək:
“Bu fəsildə doktor Abasəliyev deyir ki, dünyada günahsız məhv edilmiş qocaların, qadın və uşaqların hər birinə bircə şam yandırıb qoysaydılar, o şamların işığı göydəki Ayın işığından bir xeyli gür olardı.”
Bəs doğrudan da mı, Azərbaycan reallığında “qaranlığı lənətləməyib, bir şam yandıracaq” ziyalılar, şəxslər varmı? Xeyr, yoxdur, əvəzində hamı sonuna qədər qana susayıb, öldürməyə hazırdır. Olanları da heç kim qəbul etmək istəmir, əvəzində “erməni dəyirmanına su tökən”, vətən xaini kimi etiketlərlə damğalayır, düşmənə olan nifrətindən öz həmyerlilərinə də pay verirlər, çünki sistem bunun üzərindən qurulub, insanlar buna uyğunlaşdırılıb. Günahsız insanlar (istər hərbçi, istər mülki vətəndaşlar) siyasi intriqaların, iqtidarın qurbanı olur və Əkrəm Əylisli də həmin qurbanlardan birinə çevrilmək üzrədir. Bütün bunların fonunda Əkrəm Əylisli isə prezidentə açıq məktubunda belə yazır: “Mənim əqidəmə görə, qəlbində – dinindən və milli mənsubiyyətindən asılı olmayaraq – hər kəsə mərhəmət hissi yaşadan Saday Sadıqlı, doktor Abasəliyev, doktor Fərzani kimi yüksək mənəviyyatlı və böyük ürəkli Azərbaycan ziyalılarının təsvir edildiyi bir əsər Azərbaycan xalqını alçalda bilməz.”
Bizə belə ziyalıların lazım olduğu, daha humanist, müharibəyə qarşı şəxslər gərəkli olduğu halda, bu məktubun cavabında Əylisli nə cavab alır? Daha da ağır ittihamla günahlandırılır. 80 yaşına çatmış, həyatını ədəbiyyata həsr etmiş, ədəbiyyatımızda kifayət qədər yaxşı əsərlər yaratmış şəxsə qarşı olan qaralama, pisləmə kampaniyasına səs çıxaran yoxdur. Söz əbədidir və yaxşılıq üçün deyilmiş heç bir söz unudulmur.
Bu rəzilliyə bir son qoymaq və Əkrəm Əylisliyə qarşı cinayət işini saxlamaq lazımdır. Unutmaq lazım deyil ki, nə olmasa da, zamanın ədaləti bütün ədalətlərdən daha yüksəkdədir və o, hansısa dövlətin, şəxsin, qurumun təsirinə düşəcək məhkəmə sistemi deyil. Yazını Əylislinin “Daş yuxular”da Osip Mandelştamdan gətirdiyi sitatla başa vurmaq istəyirəm. Haşiyəyə çıxaraq deyim ki, Mandelştamı məhkum edən hakimi heç kim tanımır, amma indi mən ondan sitat gətirirəm. Bu, özlüyündə çox şeyi ifadə edir.
“Günahsız öldürülmüş milyonlarla insan zülmət qaranlıqda cığır salırdı.”
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.