İlham Əliyev: “Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan əldə edirlər”
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Macarıstanın Milli Televiziyasına müsahibəsində bəyan edib ki, Azərbaycan yüz il müddətində Avropanın etibarlı qaz tədarükçüsü ola bilər.
“Bizim böyük enerji ehtiyatlarımız var. Bizim təsdiq olunmuş minimum qaz ehtiyatlarımız 2,5 trilyon kubmetr səviyyəsindədir və daha da çox olacaq. Çünki biz hələ də kəşfiyyat işləri aparırıq. Hətta bu miqdar ən azından yüz il ərzində Avropa istehlakçıları üçün etibarlı qaz mənbəyinin olmasına kifayətdir”, – deyə Azəbaycan Prezidenti bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu ehtiyatları Avropa bazarına çıxarmaq üçün artıq çoxlu səylər göstərib. Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan əldə edirlər.
İlham Əliyevin sözlərinə görə, hazırda Azərbaycan Avropanın enerji xəritəsini tamamilə dəyişəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçirir. “İki aydan da az müddət öncə, yəni, sentyabr ayında biz möhtəşəm “Cənub” qaz dəhlizi layihəsinə start verdik. Artıq işlər başlayıb. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Biz elə bir paylayıcı sistem quracağıq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq”, – deyə Prezident bildirib.
Prezident həmçinin qeyd edib ki, Avropa ölkələri arasında qaz kəmərlərini bir-birinə bağlayan layihələr də nəzərdən keçirilir. “Düşünürəm ki, burada bizə sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə bağlıdır”, – deyə Prezident fikrini tamamlayıb. (Turan İA)