Futbol üzrə Azərbaycan yığması Priştinada Kosovo millisinə böyük hesabla məğlub olaraq, Millətlər Liqasında çıxışını dayandırdı.
Son oyun öncəsi Liqanın “D” divizionunun 3-cü qrupunda yer alan Azərbaycan millisi 9 xalla ikinci yerdə idi. Qrup lideri Kosovonun 11 xalı var idi. Azərbaycan futbolçuları yalnız qələbə nəticəsində qrupda birinci yer tutub, yarışın yarımfinal mərhələsinə vəsiqə qazana bilərdi. Bunun əvəzinə komanda artıq ikinci dəqiqədə, Kosovo futbolçusu Zenelinin qapımıza ilk zərbəsindən sonra qol buraxaraq, hesabda geri düşdü.
İkinci hissənin əvvəlində, oyunun 50-ci dəqiqəsində Zeneli özünün və komandasının ikinci qolunu vurdu. Bundan 11 dəqiqə sonra meydan sahiblərinin digər futbolçusu Rəhmani qapımızdan üçüncü topu keçirdi.
Kosovo futbolçuları bununla kifayətlənmədilər. 76-cı dəqiqədə Zeneli het-trik edərək, hesabı 4:0-a çatdırdı.
Qrupumuzun digər rəqibləri Farer adaları və Malta yığmaları idi.
“D” divizionunun digər qruplarında Gürcüstan, Makedoniya, Belarus yığmaları oldu. 2019-cu ildə bu dörd komanda yarımfinal və final oynayaraq, divizionun qalibini müəyyən edəcəklər. Qalib komanda 2020-ci ildə Avropa Çempionatına vəsiqə qazanacaq.