Əfran İsmayılovun yerinə meydana daxil olan Dmitri Nazarov matçın son dəqiqələrində fərqi artırıb
“Avro-2016”nın seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilib. Azərbaycan milli komandası da növbəti matçına çıxıb. Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız doğma meydanda Malta ilə qarşılaşıb. Oyun millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 4-cü dəqiqəsində Cavid Hüseynov hesabı açıb. “Qəbələ”nin futbolçusunun vurduğu qol komandamızı fasiləyə üstün yola salıb. 70-ci dəqiqədə Əfran İsmayılovun yerinə meydana daxil olan Dmitri Nazarov matçın son dəqiqələrində fərqi artırıb – 2:0. Matçda bundan başqa qol olmayıb və yığmamız seçmə mərhələdə ilk 3 xalını qazanıb.
“Cırtdan” ölkə təmsilçisi ilə görüş xorvatiyalı baş məşqçimiz Robert Prosineçki üçün də əlamətdar olub ki, təcrübəli çalışdırıcı bu postda millimizi ilk oyuna çıxarıb. Xorvat mütəxəssis komandamızla Antalyadakı təlim-məşq toplanışında Ukrayna “Şaxtyor”u ilə matçda debüt edib. Lakin bu görüş yoxlama xarakteri daşıdığından rəsmi status daşımırdı.
10 xalla Xorvatiya və İtaliya milliləri H qrupunda 1-2-ci yerləri tuturlar. Norveç yığması 9 xalla 3-cü, Bolqarıstan 4 xalla 4-cü sırada qərarlaşır. Aktivində 1 xalı olan Malta sonuncu olan Azərbaycandan 1 pillə irəlidədi.