Ermənistan tərəfi isə deyir ki, bundan sonra Artsvaşen anklavının Yerevana qaytarılması müzakirə olunacaq
Aprelin 19-da Ermənistan və Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının iclasının keçirildiyi bildirilir.
Toplantıda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib.
Bu barədə “Armenpress”ə məlumat verən Ermənistanın Baş Nazirinin Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsi qeyd edib ki, məlum 4 kəndin ərazisində ilk dəfə olaraq dövlət sərhədi demarkasiya olunacaq.
Demarkasiyanın hansı xəritələrə əsasən həyata keçiriləcəyinə gəlincə, bildirilib ki, prosesin kartoqrafik əsasını SSRİ dövründən qanuni əsasa malik olan və müvafiq səlahiyyətlərə malik orqanlar tərəfindən tərtib edilmiş ən son topoqrafik xəritələr təşkil edir:
“Əhəmiyyətli bir nüans ondan ibarətdir ki, Sovet İttifaqının dağılması zamanı hüquqi əsası olan sərhədlər bərpa olunur, yəni Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında de-yure mövcud olan sərhədlər… Komissiyalar Ermənistan və Azərbaycan arasındakı bütün sərhədlərin delimitasiyası prosesi zamanı 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq və bu da sərhədin delimitasiyası prosesinin əsas prinsipi kimi təsbit olunub. Bu prinsip, həmçinin yaxın aylarda tərəflər arasında razılaşdırılacaq və Parlamentdə ratifikasiya prosesi daxil olmaqla lazımi daxili təsdiqlərdən keçəcək. Eyni zamanda, bu, “Sərhədin delimitasiyası prosesi haqqında” Əsasnamədə də təsbit edilməlidir”.
Açıqlamada qeyd olunub ki, tərəflər arasında sülh müqaviləsi başqa formatda müzakirə edilir və o, daha yüksək statusa malik olacaq:
“Müqavilə qüvvəyə mindikdən sonra Əsasnamənin daha yüksək hüquqi əhəmiyyət kəsb edən sənədə zidd olduğu aşkar edilərsə, ona uyğunlaşdırılmalıdır. Çünki sülh sazişinin statusu daha yüksəkdir. Alma-Ata Bəyannaməsi Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün fundamental əhəmiyyət kəsb edir və o, əsas prinsip kimi artıq ən yüksək səviyyədə razılaşdırılıb”.
“Komissiyalarının birgə press-relizində anklav və eksklavlar məsələsi də qeyd olunur, bunun mənası nədir?” sualına belə cavab verilib:
“Komissiyalar razılığa gəliblər ki, Əsasnamə təsdiq edildikdən sonra onlar Ermənistan-Azərbaycan dövlət sərhədinin qalan hissələrinin delimitasiyası prosedurunu razılaşdıracaqlar və bu kontekstdə anklav və eksklavlar problemini də həll edəcəklər. Bilirsiniz ki, Ermənistan bu problemdən əl çəkə bilməz, çünki Artsvaşen ölkəmizin suveren ərazisinin bir hissəsidir. Biz delimitasiya prosesində Artsvaşen anklavının mövcudluğunu de-yure əsaslandırmaq niyyətindəyik və hökumətin belə əsaslandırmaları var. Ondan sonra Artsvaşen ətrafında delimitasiya prosesi həyata keçiriləcək. Bu fakt üzə çıxandan sonra problemin hansı siyasi həll yolu tapılacağı isə başqa sualdır. Delimitasiya prosesində ilk növbədə eksklav və anklavların mövcudluğu de-yure əsaslandırılmalıdır”.
Məlumatda da vurğulanıb ki, sərhədin delimitasiyası başa çatdıqdan sonra qısa zamanda silahlı qüvvələr 4 kəndin ərazisindən çıxarılacaq və sərhəd qoşunları yerləşdiriləcək:
“Ancaq bu proses nəticəsində hansısa erməni kəndi yollardan məhrum olmayacaq. Dəqiqlik üçün bildirək ki, Azərbaycan ona məxsus iki kənd yarımı alır, çünki Qızıl-Hacılı kəndinin bütün ərazisi, Aşağı Əskipara kəndi ərazisinin əhəmiyyətli hissəsi əvvəllər Azərbaycanın nəzarətində olub”.
Görüşlə bağlı Azərbaycan tərəfi də açıqlama yayıb.
AZƏRTAC-ın yaydığı rəsmi məlumatda bildirilir ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.
Bildirilir ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanis Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Razılaşma ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də (XİN) məlumat yayıb.
XİN sözçüsü Ayxan Hacızadə “X” platformasında yazıb ki, Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
“Çoxdan gözlənilən tarixi hadisə: Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının 8-ci iclasının nəticəsi olaraq Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib”, – deyə XİN rəsmisi qeyd edib.
İndiyə qədər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı hansı addımlar atılıb?
Martın 18-də Nikol Paşinyan Tavuşun kənd sakinləri ilə görüşüb.
O söz verib ki, bütün narahatlıqlar nəzərə alınacaq, danışıqlar yekun deyil, qərar olarsa, yenidən onlarla görüşəcək.
Martın 9-da Azərbaycanın Ermənistandan işğal altındakı 4 kəndinin azad olunmasını tələb etdiyi açıqlanıb.
Bu barədə yerli mediaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.
Qeyd olunub ki, dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib:
“Hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır. Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır”.
“Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir. Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır”, – deyə məlumatda qeyd olunur.
Martın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşündə Yerevanın Bakıya güzəştə getməsindən danışıb.
O bildirib ki, sovet dövründən qalma sərhəd kəndləri-eksklavlar məsələsində Bakıya güzəştə getməsə, o zaman gələn həftənin sonunda müharibə başlaya bilər:
“İndi biz buradan gedə bilərik, gedək və Azərbaycana deyək ki, yox, biz heç nə etməyəcəyik. Bu o deməkdir ki, həftənin sonunda müharibə başlayacaq”.
“Mən bu müharibənin sonunda nə baş verəcəyini bilirəm”, – deyə Paşinyan əlavə edib.
Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin praktik mərhələsi…
Ermənistan mediası yazır ki, Baş nazir Paşinyan bu inamla bir ay əvvəl Voskepar və Kirantsla həmsərhəd olan Tavuşa gedib və sakinlərə sərhədin demarkasiyasının təfərrüatlarını izah edib.
O, Ermənistanın real sərhədlərini təsvir edərək sərhədlərin demarkasiyası başa çatdıqdan sonra Azərbaycan mövqelərinin öz evlərinə daha yaxın olacağını qəbul edib.
“Biz görürük ki, biz Baqanisdən Berkaberə qədər bu hissədə delimitasiya və demarkasiya prosesinə başlamaq üçün real fürsəti reallaşdıra bilərik”, – Paşinyan bildirib.
Bu ərəfədə Bakı 90-cı illərdən ermənilərin nəzarətində olan 4 kəndin dərhal geri qaytarılmasını tələb edib: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı.
Bu açıqlamadan iki gün əvvəl Ermənistan və Azərbaycan komissiyalarının delimitasiya və demarkasiya məsələsi üzrə birgə iclası olub.
Ermənistan lideri Tavuşa getməzdən əvvəl mətbuat konfransında bildirib ki, həmin kəndlər heç vaxt Ermənistanın ərazisi olmayıb və de-yure Azərbaycan əraziləridir.
Praktiki mərhələyə gəlincə, Paşinyan aprelin əvvəlində “Azatutyan”a verdiyi müsahibədə deyib ki, demarkasiyanın konkret hansı məkanda başlaması ilə bağlı qərar yoxdur.
“Heç bir qərar yoxdur, biz razılığa gəlməmişik ki, prosesə bu nöqtədən, bu şəkildə, bu hissədən başlayaq, amma sabah razılığa gələ bilərik”, – deyə Baş nazir bildirib.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.