Prezidentin Ceyhun Bayramova verdiyi tapşırıqlarda əsas yeri Qərb ölkələri tutdu
Prezident
İlham Əliyev
in yeni Xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən ona xarici siyasət üzrə prioritetlər barədə verdiyi tapşırıqlar ekspertlər arasında maraqla qarşılanıb.
Dövlət başçısı Avropa İttifaqı ilə yeni saziş ətrafında danışıqların tezliklə başa çatdırılmasını tələb edib. O bildirib ki, Azərbaycan tərəfindən danışıqlarda kompromis üçün imkanlar var.
Bundan başqa İlham Əliyev ABŞ və Böyük Britaniya ilə əlaqələri xüsusi önə çəkərək, XİN rəhbərinə bu sahəyə diqqət yetirməyi tapşırıb.
Ekspertlər prezidentin baş diplomatla görüşündə Rusiyanın adını çəkməməsinə diqqət ediblər və güman olunur ki, Azərbaycanın xarici siyasətində müəyyən dəyişikliklər olsun.
“Avropa İttifaqı Azərbaycana dəstək verdi, Rusiya Ermənistanı dəstəkləyir”
ReAL Partiyasının üzvü, millət vəkili Erkin Qədirli hesab edir ki, dövlət başçısının çıxışına iyulun 12-də başlanan döyüşlər kontekstində yanaşmaq lazımdır.
“Avropa Birliyi döyüşlərdə Azərbaycana dəstək verdi və yaydığı bəyanatda ərazilərin işğal olunduğunu qeyd etdi. Rusiya isə Ermənistana dəstək verir, problemə əngəl olduğu gizlədilmir. Bu ərəfədə Avropa Birliyindən və parlamentindən Azərbaycanın xeyrinə, Dağlıq Qarabağın işğal olunması faktını qeyd etməklə ardıcıl iki güclü bəyanat səsləndiyi halda, Rusiya Xəzər donanmasını döyüş vəziyyətinə gətirir”.
Avropa Birliyi ilə sazişin bundan əvvəl gecikməsinə gəldikdə, Erkin Qədirli bunu sabiq nazir Elmar Məmmədyarovla əlaqələndirmir. Onun fikrincə, sadəcə olaraq, son hərbi döyüşlər fonunda Azərbaycan cəmiyyətinin bilmədikləri də var və prezident də bu barədə danışmır:
“Amma bildiklərimiz də yetər ki, Qərbdə Azərbaycanın ərazi bütövlüyünə, Qarabağ məsələsinə Rusiyadan daha anlayışla yanaşıldığını deyək.
Hətta Avropadan yayılan bəyanatlarda Ermənistana verilən mesaj odur ki, Qərblə yaxınlaşmaq istəyirsənsə, Qarabağı Azərbaycana qaytar. Yəni Qarabağı işğalda saxlamaqla Avropaya gələ bilməyəcəksən. Ancaq Rusiyadan oxşar bəyanatlar səslənmir. Ona görə də İlham Əliyev cavab jesti olaraq o cür tapşırıqlar verir”.
Deputat qeyd edib ki, rəsmi Bakı həmişə Qərbdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı istənilən münasibəti ala bilmədiyini vurğulayırdı. Onun sözlərinə görə, məsələ ondadır ki, Gürcüstanın ərazi bütövlüyü barədə danışanda Abxaziya və Osetiya, Ukrayna barədə danışanda Krım, Moldova barədə danışanda Dnestryani ərazi də nəzərdə tutulur.
“Amma Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi deyiləndə Dağlıq Qarabağ da daxil olmaqla deyilmirdi. Bu dəfə Dağlıq Qarabağın işğal ərazisi olduğunu səsələndirdilər. Bu, özlüyündə prezident üçün yetərli əsasdır”.
“Avropa gələcək üçün Bakının vacib tərəfdaşlarından biri sayılır”
Siyasi icmalçı İlqar Vəlizadə düşünür ki, prezidentin tapşırıqları Azərbaycanın Qərblə əməkdaşlığında maraqlı olduğunu göstərir. Onun sözlərinə görə, ümumiyyətlə, Avropa gələcək üçün Bakının vacib tərəfaşlarından biri sayılır.
“Bunun bir çox səbəbləri var, ona görə də Qərblə münasibətlər sabit olmalıdır. Son illər Çinlə Avropanı birləşdirən nəqliyyat dəhlizi qurulur. Bu gedişatda Azərbaycanın da payı böyükdür. Dəhlizin ortaq xətti Azərbaycandan keçir. Ötən müddət ərzində bu dəhliz Azərbaycana yarım milyard dollar pul gətirib. Söhbət təkcə nəqliyyat daşımalarından gedir”.
İlqar Vəlizadə vurğulayıb ki, bundan başqa Qərbə yönələn enerji layihələri də yaxın vaxtlarda öz aktuallığını itirməyəcək. O qeyd edib ki, bu yöndə ticarət tərəfdaşlarımıza baxsanız, Qərb, Avropa ilk pillələrdədir.
“Ümumiyyətlə, enerji və və nəqliyyat layihələrində Böyük Britaniyanın müstəsna rolu var. Azərbaycan büdcəsinə külli miqdarda gəlir bu dövlətin şirkətləri ilə münasibətlərin əsasında daxil olur. Nəqliyyat dəhlizi Çinin Sarı dəniz hövzəsində olan Lyənq-Qandan başlayır Londonda bitir. Yük qatarları bu iki şəhər arasında 15 gün ərzində hərəkət edə bilir”.
O bildirib ki, Avropa İttifaqı Çinlə ticarət dövriyyəsinin əsas sifarişçisidir və ümumi həcm yarım trilyard civarındadır. Siyasi icmalçının fikrincə, bunun 10 faizi Azərbaycan üzərindən keçsə, xeyli gəlir gətirə bilər.
“İmzalanması gözlənilən sazişdə bu məsələlər öz əksini tapıb və konkret bəndlər var. Saziş 4 prioritet üzərində qurulub ki, onlardan biri də nəqliyyat sahəsindəki əməkdaşlıqdır”.
İlqar Vəlizadənin fikrincə, sazişdə siyasi istiqamətdə olan məsələlərdə fikir ayrılıqları əsasən çözülüb. O deyib ki, əsas propblem Dağlıq Qarabağla bağlı Avropa İttifaqının işlətdiyi ifadə idi. Bakı daha sərt ifadənin seçilməsini istəyirdi.
“Bundan əlavə Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, burada şərtlərlə bağlı müəyyən problemlər vardı. Son açıqlamalar göstərir ki, artıq razılaşma var. Hər halda nazir Bayramov yaranan problemlərin həllində aktiv rol oynaya bilər”.
İlqar Vəlizadə hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyindəki problemləri aradan qaldırmaq üçün keyfiyyətli menecment lazımdır. Yəni idarəetmə qabiliyyəti olan mütəxəssisləri, problemlərin mahiyyətini bilən peşəkar insanları nazirliyə cəlb etmək lazımdır. O deyib ki, Ceyhun Bayramovun da vəzifəsi bu cür insanları işə cəlb edib çatışmazlıqları aradan qaldırmaqdır.