Azərbaycan xalqının demokratiyaya layiq olmadığını necə ölçürük?!

Azərbaycan xalqının demokratiyaya layiq olmadığı, bunun üçün hələ yetişmədiyi, onun liberal-demokratik dəyərləri qəbul etmədiyi ilə bağlı özündən əmin yanaşmalar bizi daimi yanlış bir çarxın içərisində dönüb-dolaşmağa vadar edəcək

Source:


Azərbaycan xalqının demokratiyaya layiq olmadığı, bunun üçün hələ yetişmədiyi, onun liberal-demokratik dəyərləri qəbul etmədiyi ilə bağlı özündən əmin yanaşmalar bizi daimi yanlış bir çarxın içərisində dönüb-dolaşmağa vadar edəcək

Azərbaycan cəmiyyətində çox tez-tez müzakirəyə çıxarılan, ən başda gələn mövzulardan biri, (ki, bunu da daha çox cari hakimiyyətin media kanalları edir) azərbaycanlıların liberal-demokratik dəyərlərə sahib olmadığı, “cəmiyyətin demokratik idarəçiliyə hazır olmadığı”, bunun üçün zamana ehtiyacın olduğu (nə qədər, 1-5-10 il, bilinmir), “azərbaycanlıların spesifik dəyərlərinin (daha çox mentalitet adı ilə tanıdılan) demokratik-liberal dəyərlərə səsləşmədiyi kimi beyin dumanlandıran, insanları çaşdıran yanaşma sərgilənir.

Azərbaycanda sosial sorğu mərkəzlərinin, analitik “think-tank”-lərin çox az olması və ya onun, ümumiyyətlə, olmaması bizə və ən əsası ixtisaslı kadrlara və mütəxəssislərə (istənilən sahə ilə bağlı) imkan vermir ki, faktlara, rəqəmlərə, dayanan analizlər aparsın və yekun nəticəyə gələ bilsin. Bu işləri müxtəlif universitetlər də görə bilər, amma mövcud siyasi reallıq bunun qəti marağında olmadığından, həmin universitetlərin də “beyin mərkəzləri” heç bir iş görə bilmir və ya gördüyü işlər yetərsizdir.

Hər halda mən indiyə kimi, məzunu olduğum Bakı Dövlət Universitetində belə bir mərkəzlərin olmasına nə rast gəlmişəm, nə də onlar haqqında eşitmişəm. Digər universitetlərin də vəziyyəti eynidir, əksi olsaydı, səsləri çoxdan gələrdi. Bütün bunları deməkdə məqsədim odur ki, biz əlimizdə analiz aparmaq üçün materiallar, faktlar olmadan yalnız hipotetik formada və şəxsi müşahidələrimiz ilə (şəxsi müşahidələr çox zaman önyarğılarla bol olur) yuxarıda qaldırılan suallara “cavablar” verə bilərik.

Məsələn qonuşu Gürcüstanda, “Qızıl Gül” inqilabından sonra beynəlxalq İDEA təşkilatı gürcü xalqının liberal-demokratik dəyərlərə nə qədər bağlı olduğu, onu öz dəyərlərinin bir hissəsi hesab etdiyi ilə bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, gürcü cəmiyyəti ən fundamental liberal-demokratik dəyərlər məsələsində konsensus içərisindədirlər. Onlardan bir neçəsini sadalayım: Demokratiyanın fikir plüralizminə (fərqlilyinə) ehtiyacı olduğu, ölkə konstitusiyasının demokratiya və siyasi rəqabət üçün qarant olduğu, siyasi hakimiyyətin adi vətəndaşlar kimi qanunlara tabe olmalı olduğu, siyasi müxalifətin mütləq azad və rəqabət içərisində siyasi sistemdə iştirakının vacib olduğu ilə bağlı ümumi razılıq içərisindədirlər. Diqqət çəkən məqamlardan biri odur ki, bu dəyələri müdafiə edənlərin əsas qismi gənclər olub.

Bu misalı çəkməkdə məqsədim ondan ibarətdir ki, bu tipli araşdırmalar və faktlar olmadan bizim istənilən mövzu ilə bağlı deyəcəklərimiz yalnız və yalnız öz şəxsi müşahidələrimizə dayanacaq və qeyri-obyektiv səsləndiyi üçün ciddi fikir ayrılıqlarına, mənasız və səmərərsiz mübahisələrə gətirib çıxardacaq. Bu mözuya dolayı bağlılığı olan, misal kimi son dövrlərdə mətbuatda dolaşan və sosial şəbəkələr vasitəsilə yayılan ailə-məişət zorakılıqları oldu.

Cəmiyyətin və onun ayrı-ayrı yaş, sosial qruplarının bu məsələyə yanaşmada dəqiq fikrini və düşüncəsini bilmədən, insanlar bir-birini ittiham etməyə, müxtəlif şəxsi təcrübələrinə və müşahidələrinə dayanan hekayələri bölüşməyə başladılar. Və sonda ümumi görünən nəticə bu oldu ki (şəxsi müşahidəmdir), bu məsələdə azərbaycanlının adət-ənənəsi, tərbiyəsi məişət zorakılığına əsas yaradan önəmli faktordur. Bütün bunların fonunda isə siyasi hakimiyyətin bu məsələdə vacib rolu, qoşulduğu beynəlxalq müqavilə və konvensiyalar ilə bağlı öhdəliyini icarə edib-etməməsi kimi məsələlər diqqətdən kənar qaldı. Müxtəlif sahələr üzrə ixtisaslaşmış müstəqil qeyri-hökümət təşkilatlarının məhv edilməsi və “zərərsizləşdirilməsi” də, ağır halda olan durumun daha da pisləşəməsinə və alternativ-analitik düşüncə mərkəzlərinin yoxa çıxmasına səbəb oldu.

Bir daha mövzuya qayıdaraq deyim ki, əlimizdə faktlar və materallar olmadan Azərbaycan xalqının demokratiyaya layiq olmadığı, bunun üçün hələ yetişmədiyi, onun liberal-demokratik dəyərləri qəbul etmədiyi ilə bağlı özündən əmin yanaşmalar bizi daimi yanlış bir çarxın içərisində dönüb-dolaşmağa vadar edəcək. Ən pisi cəmiyyətin istəyi, arzusu ilə səsləşməyəcək siyasi-iqtisadi idarəçilik sisteminin qurulmasına (məsələn, son dönəmdə avtoritar sağçı idarəçiliyini dəstəkləyən qrupların yaranması) zəmin yaradacaq.

Ana səhifəXəbərlərAzərbaycan xalqının demokratiyaya layiq olmadığını necə ölçürük?!