Azərbaycan Vidadi İsgəndərliyə təzminat ödəyəcək

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

AİHM ərizəçiyə 3500 avro təzminatın verilməsi ilə bağlı qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 17-də hüquq müdafiəçisi və hazırda xaricdə yaşayan Vidadi İsgəndərli ilə bağlı qərarını elan edib.

“Vidadi İsgəndərli Azərbaycana qarşı” işində AİHM ərizəçinin işgəncənin yolverilməzliyi, ədalətli məhkəmə araşdırması hüquqularının pozuntusu iddialarını rədd edib.

Eyni zamanda, hesab edib ki, ərizəçinin məhkəməyə qədər həbs edilməsi qərarı pozuntu (azadlıq və toxunulmazlıq hüququ) ilə müşayiət olunub.

Hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

Vidadi İsgəndərli ixtisasca hüquqşunasdır.

O, 2011-ci ildə saxlanılıb. Şəkərli diabetdən əziyyət çəkən ərizəçi Nəsimi Rayon Polis İdarəsində iki nəfərlik kamerada yeddi nəfərlə birlikdə saxlanılıb.

Aprelin 26-27-də həmin kamerada saxlanılan ərizəçi yemək və içməli su ilə təmin olunmayıb.

Ərizəçinin həbsdə saxlanma şəraitinin qanunsuzluğu ilə bağlı şikayətini cinayət prosesini həyata keçirən orqan təmin etməyib, həmin qərardan şikayəti isə milli məhkəmələr rədd edib.

Şikayəti saxlanılma şəraitinin pis olması, məhkəməyə qədər həbs edilməsinin, həbs müddətinin uzadılmasının qanunsuzluğu iddiaları ilə bağlı olub.

Ərizəçi daha sonra ona qarşı irəli sürülmüş ittihamlar üzrə (döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə) təqsirli bilinib. İddia edib ki, barəsindəki məhkəmə araşdırmaları ədalətli olmayıb.

Ərizəçi bu işdə ona münasibətdə Konvensiyanın 3-cü, 5-ci və 6-cı maddələrinin pozuntusunun baş verdiyini iddia edib.

AİHM öncə ərizəçi ilə rəftarın minimum şiddət səviyyəsinə çatıb-çatmamasını araşdırıb.

Hökumət iddia edib ki, ərizəçinin saxlanma şəraiti bütün standartlara cavab verib. Həm də cinayət prosesini həyata keçirən orqanlar, eləcə də daxili məhkəmələr ərizəçinin şikayətlərini hərtərəfli araşdırıb və nəticədə ərizəçinin iddialarını təsdiq edən hər hansı fakt çıxmayıb.

Saxlanıldığı kameranın həddən artıq darısqal olması, yemək və içməli su ilə təmin olunmadığını iddia edən ərizəçi isə istər ölkədaxili araşdırmalar zamanı, istərsə də AİHM qarşısında saxlanma şəraiti ilə bağlı iddialarını təsdiq edən heç bir dəlil təqdim edə bilməyib.

Vidadi İsgəndərli. Mənbə: Azadlıq radiosu

AİHM isə presedent hüququna söykənərək qeyd edib ki, həbs şəraitinə dair iddiaları təfərrüatların ətraflı və bir-birini tamamlayan təqdimatlarının müşayiət etməsi və mümkün olduğu qədər iddiaları dəstəkləyən dəlillərin təqdim olunması gözləniləndir.

Hazırkı işdə isə iddiaların əhatə etdiyi müddət saxlanılma yerlərində yemək verilməyən gecə vaxtı ilə bağlıdır və həm də ərizəçi şəkərli diabet xəstəsi olması, ona yemək, içməli su verilməməsi, kameranın həddən artıq dolu olması ilə bağlı dəlil və yetərli təfərrüat təqdim etməyib. Buna görə məhkəmə hesab edib ki, ərizəçinin 3-cü maddə üzrə şikayətləri qəbuledilməzdir.

AİHM ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozuntusu ilə bağlı iddialarını qəbuledilən sayıb.

Azərbaycanla bağlı əvvəlki qərarlarına istinad edən AİHM, daxili məhkəmələrin həbslərlə bağlı qərarlarında standart şablonlardan istifadə etdiyini, heç bir səbəb göstərmədiyini, konkret faktlara istinad etmədiyini, həbs üçün bir sıra mücərrəd əsasları təkrarladığını vurğulayıb.

Hesab edib ki, məhkəmələr ərizəçi barəsində məhkəməyə qədər həbs qərarları çıxararkən, uyğun və yetərli əsaslar göstərə bilməyiblər və 5-ci maddənin pozuntusu baş verib.

Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı ərizəçinin iddiasını qəbuledilməz hesab edib.

Ərizəçi iddia edib ki, onun işində təklif etdiyi 27 şahiddən yalnız səkkizi dindirilib.

Məhkəmə isə bildirib ki, müdafiə tərəfinin şahidlərinin dindirilməsini tələb edərkən, onların ifadələrinin dinlənilməsinin vacibliyini, zərurliyini aydın izah etmək gərəklidir. Ancaq ərizəçi bunu etməyib. Müdafiə tərəfinin şahidlərinin dindirilməsinin zəruri olması ilə bağlı hər hansı arqumentin ortaya qoyulmadığını da göz önünə alan AİHM, yerli məhkəmələrin bu məsələyə yanaşmasında problem görmədiyini ifadə edib və 6-cı maddə ilə bağlı iddiaları qəbuledilməz sayıb.

Yekunda məhkəmə, ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi ilə təminat altına alınan hüquqlarının (məhkəməyə qədər həbs üçün əsasların olmaması) pozulduğuna qərar verib.
Hökumət ərizəçiyə mənəvi zərərə əvəzi 3 min, xərc və məsrəflərə görə 500 avro təzminat ödəməlidir.

Ana səhifəXəbərlərAzərbaycan Vidadi İsgəndərliyə təzminat ödəyəcək