Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu yaradılacaq
Azərbaycan vətəndaşlarının sertifikatla Türkiyə universitetlərinə qəbulu dayandırılır.
“Report” xəbər verir ki, bu haqda Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.
Sənəddə qeyd edilib ki, Təhsil Nazirliyi ilə Türkiyə Ali Təhsil Şurası arasında ali təhsil əməkdaşlığa dair Anlaşma Memorandumunun 5-ci bəndinə əsasən, Azərbaycan vətəndaşlarının Türkiyədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə sertifikat ilə qəbul edilməsinin dayandırılması təşviq ediləcək.
Türkiyə Ali Təhsil Şurasının rəsmi internet səhifəsinin “YÖK Lisans Atlası” bölməsində Azərbaycan ali təhsil müəssisələrinin sayının artırılması istiqamətində görüşlər keçiriləcək.
Bu işlərin həyata keçirilməsi Azərbaycan Təhsil Nazirliyinə, Türkiyə tərəfdən isə Ali Təhsil Şurasına (YÖK) tapşırılıb.
Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlıq genişləndirilir. Belə ki, Türkiyə-Azərbaycan Peşə Təhsili Qurumu yaradılacaq.
İşlərin həyata keçirilməsi hər iki ölkənin Təhsil nazirliklərinə tapşırılıb.