“Azərbaycan vətəndaşlarına viza verilməsində daha böyük çətinliklər yaradacaqlar”

“Siyasi mühacir biznesində Azərbaycanın adının hallanması nəinki Avropaya, eləcə də ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə viza almaqda çətinliklər yaradacaq”

Source: Specify Source


Qubad İbadoğlu: “Azərbaycan vətəndaşlarına verilən imtina cavabları artacaq”

Son dövrlərdə Azərbaycandakı Avropa Birliyi ölkələrinin səfirlikləri ictimai fəal və jurnalistlərə viza verilməsi prosesində çətinlik yaradır.

Keçmişdə ölkədən çıxış qadağası olan, adı media gündəmində hallanan jurnalistlərə, nə zamansa həbs olunmuş ictimai fəallara potensial mühacir kimi baxıb, ya onlara viza verilməsindən imtina edilir, ya da əlavə sorğu-sualdan sonra, çətinliklə viza verilir.

Keçmiş siyasi məhbus İlkin Rüstəmzadə də deyir ki, bəli, sonuncu vizanı ona çox çətinliklə, xeyli sorğu-sual etdikdən sonra veriblər. O, çoxgirişli vizaya müraciət etsə də, təkgirişli viza ala bilib.


“İllər öncə eyni sənədləri təqdim etməklə, viza almışdım”

Jurnalist Aynur Elgünəş isə şengen vizasına müraciət edib, imtina alanlardandır. Deyir, bütün sənədləri qaydasında olsa da, səfirlik ona “yox”, – cavabı verib:

“Səfər sığortası, iş yerindən arayış, lazımi qaydada doldurulmuş ərizə forması, bank hesabından çıxarış, daha öncə alınan şengen vizaları, otel bronu, təyyarə bileti, hər şey qaydasında idi. Ancaq viza vermədilər. Bunun səbəbini açıqlamadılar. İllər öncə eyni sənədləri təqdim etməklə, asanlıqla viza almışam. Bu dəfə nədənsə, imtina etdilər”.


“Sənədlərimiz qaydasında olsa da, vizaya imtina aldıq”

İctimai fəal Nigar Həzi də vizaya imtina alanlardandır. Deyir, 20-24 AND Təşkilatının Almaniyada keçirdiyi tədbirinə dəvət alıbmış. Tədbirə getmək üçün səfirliyə müraciət edib. Ancaq imtina cavabı alıb:

“Viza üçün lazım olan bütün sənədləri topladıq. Səfirlikdən gün aldıq və lazımi qaydada müraciət etdik. Üstəlik, vaxtımız da məhdud idi. Bütün sənədləri qısa zaman içində toplaya bilmişdik. Ancaq vizaya imtina cavabı aldıq”.


“Azərbaycanlılara bundan sonra viza almaq daha da çətin olacaq”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu, yaxşıdır. Hələ bundan sonra Azərbaycan vətəndaşlarına viza verilməsində daha böyük çətinliklər yaradacaqlar. Səbəb isə Musavat Partiyasının adının siyasi mühacir biznesində hallanmasıdır. Noyabrın 13-də alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb.

Bu barədə məlumatı Almaniyanın "

spiegel.de

" saytı yazıb. Məlumatda bildirilirdi ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar. Qəzet kimin evində axtarış aparıldığı və həbslər barədə məlumat vermir.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Almaniyanın “

swr.de

” saytı isə yazırdı ki, bu hadisə ilə bağlı 2 nəfər həbs olunub. Onlardan biri dəstənin rəhbəridir. 8 şübhəlinin isə istintaqı aparılır. Saxlananlar ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro qarşılığında aparmaqda ittiham edilirlər.


“Səfirliklər azərbaycanlılardan əlavə sənəd tələb edə bilərlər”

“Siyasi mühacir biznesində Azərbaycanın adının hallanması nəinki Avropaya, eləcə də ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə viza almaqda çətinliklər yaradacaq. Azərbaycan vətəndaşlarına verilən imtina cavabları artacaq. Viza almaq istəyənlərdən əlavə sənədlər (məsələn, əmək haqqı cədvəli, bank hesabından çıxarış, mülkiyyət şəhadətnaməsi və sairə) tələb olunacaq. Vizanın verilməsi prosesi bir çox halda 2 həftəyədək uzadılacaq. Müddətin uzadılması müraciət edənlərin daha dərindən araşdırılması ilə əlaqədar olacaq” – deyir, Qubad İbadoğlu.

İqtisadçı düşünür ki, viza verildiyi halda, müddəti qısa və girişlərin sayı məhdud olacaq:

“Bundan əlavə, Şengen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq”.


“Viza görüşünü səfər tarixindən 1 ay öncədən alın”

Qubad İbadoğlu xaricə səfər etmək niyyətində olanlara tövsiyə edir ki, müraciətləri üçün çox zaman ayırsınlar. Səfər tarixindən ən azı 1 ay əvvəldən viza görüşü alsınlar:

“Viza sənədlərini tələblərə uyğun hazırlasınlar, yalnışlığa və saxtakarlığa yol verməsinlər. Uçuş biletlərini vizanı əldə etməmiş almasınlar. Bundan əlavə, viza müsahibələrinə hazırlıqlı getsinlər. Bu zaman sorğulara cavab verərkən həyəcanlanmasınlar, inamlı görsənsinlər”.


Gürcülər Avropa Birliyinə üzv ölkələrə vizasız gedir

Azərbaycan vətəndaşları vizanı çox çətinliklə əldə etsələr də, qonşu Gürcüstan vətəndaşlarına Avropa Birliyinə üzv ölkələrə viza tələb edilmir.

2016-cı ilin dekabrı

ndan Avropa Parlamenti və Avropa Birliyinin üzvləri Ukrayna və Gürcüstana qarşı viza rejiminin ləğvi ilə bağlı razılaşma imzalayıb.


Şengen vizası almaq üçün hansı sənədlər tələb edilir?

Çətinlikləri nəzərə alıb, sizə Şengen vizası üçün hansı sənədlərin lazım olduğunu qeyd edirik.


  1. Lazımı qaydada doldurulmuş, tarixi qoyulmuş və imzalanmış qısamüddətli viza müraciəti blankı;

  2. Açıq fonda 3.5×4.5 formatda təzəliklə çəkilmiş 1 ədəd rəngli fotoşəkil (üzün ölçüsü çənənin aşağısından başın ortasınadək 32 mm və 36 mm arasında olmalıdır);

  3. 10 ildə verilmiş və vizanın etibarlılıq müddəti bitəndən sonra ən azı 3 ay etibarlı olan, 2 ağ səhifəsi olan pasportun əsli və sürəti;

  4. Son 3 ildə alınmış vizaların sürəti;

  5. Şəxsiyyət vəsiqəsinin (azərbaycan) əsli və hər iki üzünün sürəti;

  6. Gedişli/qayıdışlı təyyarə bileti sifarişinin əsli və sürəti;

  7. Şengen məkanı üçün etibarlı olan, viza müddətini + 2 günü əhatə edən, repatriasiyanı nəzərdə tutan tibbi sığorta, əsli+ sürəti (siğorta məbləği 30 min avro olmalı və repatriasiya nəzərdə tutulmalıdır).

  8. Mehmanxana sifarişi (turistin soyadı, adı, doğum tarixi, pasport nömrəsi və səfərin müddəti yazılmaqla, mehmanxana əməkdaşının imzası və mehmanxananın möhürü ilə təsdiqlənmiş sənəd).

Sonrakı tələb viza müraciəti edənin sosial vəziyyətini əks etdirən sənədlərdir. Burada bir neçə sənəd tələb olunur:


  1. İş yerindən arayış (işəgötürənin, müəssisənin blankında verdiyi, möhürlü, imzalı, tarixli və müəssisənin ünvanını, telefon nömrələrini və faksını aydın göstərən arayış (tərcüməsi ilə). Bu arayışda imza edənin və viza müraciəti edənin familiyası və vəzifəsi, işçinin maaşının miqdarı və müəssisədəki iş stajı göstərilməlidir);

  2. Viza müraciəti edənin maddi vəziyyətini əks etdirən son üç ay üçün bank hesabından çıxarış. Bank hesabı olmasa maaş barəsində arayış və ya daşınmaz əmlak olmasını təsdiq edən sənəd.

Bütün bu qeyd edilən sənədlərin hamısı bir əsli və bir sürəti olmaqla yığılıb səfirliyə təqdim edilir.


Qeyd:

Səfirlik sizdən əlavə sənəd tələb edə bilər.

Ana səhifəSiyasət“Azərbaycan vətəndaşlarına viza verilməsində daha böyük çətinliklər yaradacaqlar”