AŞPA-da deputat Mogens Yensen həbs olunan, təqib edilən jurnalistlərdən danışıb
“Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasında lider ölkələrdir”.
Avropa Şurası Parlament Assambleyasının media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə məruzəçisi, danimarkalı deputat Mogens Yensenin sözləridir.
Deyir, jurnalistlərin və bütünlükdə media hüquqlarının pozulması halları bütün dünyada artıb.
Məsələn, 2015-ci ildə belə halların sayı 180 idisə, 2022-ci ildə 280-ə çatıb. Onun sözlərinə görə, yenə də ən pis durum Azərbaycan və Türkiyədədir. Bu ölkələrdə və bir sıra digər ölkələrdə jurnalistlərə ciddi hücumlar, o cümlədən, qətl, təqib, mətbuat işçilərinə, xüsusən qadınlara qarşı qaralama kampaniyaları təşkil edilir:
“Bu gün Avropada 68 jurnalist həbsdədir və bu, bizim həll etməli olduğumuz böyük problemdir” – deyə, Yensen AŞPA-nın sessiyasında “Media Box” resursuna müsahibəsində bildirib.
“Bu məsələ ilə bağlı təklifləri nələrdir” sualına “biz bu ölkələrdən üzvü olduqları Avropa Şurasının standartlarına uyğun yaşamağı, belə halların baş verməməsi üçün qanunvericiliyi və onun tətbiqini dəyişdirməyi xahiş edirik. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə çağırırıq”, – deyə cavab verib.
Mogens Yensen deyib ki, o və komandası həmçinin bütün ölkələri mətbuatın inkişafı üzrə milli strategiya işləyib hazırlamağa və mətbuatın azadlığına və təhlükəsizliyinə hörmətə nail olmaq üçün mətbuat və hökumət arasında dialoqa başlamağa çağırır.
Yanvarın 24-də keçirilən axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə qərar veriblər.
Qərara dair 15 898 saylı qətnamə təsdiqlənib. Qərarın 76 deputat “lehinə”, 10 deputat “əleyhinə” səs verib, 4 nəfər isə bitərəf qalıb.
Qərardan öncə müzakirələrdə çıxışçılar Azərbaycanda media azadlığına təzyiqlərdən, “AbzasMedia”nın jurnalistlərinin həbsindən danışıblar.
Korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” əməkdaşları qaçaqmalçılıqda ittiham olunsalar da, özləri həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.
Müzakirə zamanı “Tərtər işgəncələri” və iqtisadçı professor Qubad İbadoğlunun həbsi xüsusi qeyd olunub.