Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı

Rəcəb Tayyib Ərdoğan: ”Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik”

İlham Əliyev: ”Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir”

Source:


Rəcəb Tayyib Ərdoğan: ”Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik”


İlham Əliyev: ”Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir”

Martın 15-də Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu”nu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol”u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu imzaladılar.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyə Respublikası Baş nazirinin müavini Yalçın Akdoğan imzaladılar.

Mərasimdən sonra keçirilən mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğan 13 mart Ankara terroru barədə deyib ki, terrordan bir vasitə olaraq istifadə edənlər Türkiyəni diz çökdürə bilməyəcək, özləri diz çökəcəklər.

R. T. Ərdoğan bildirib ki, dost və qardaş ölkələrin də dəstəyi ilə Türkiyə bu sıxıntıları arxada qoyacaq: “Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına təşəkkür edirəm. Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduq və olmağa davam edəcəyik”.

Türkiyə prezidenti bildirib ki, iclasda enerji, nəqliyyat-kommunikasiya, müdafiə sənayesi və hərbi əməkdaşlıq məsələləri müzakirə olunub: “Müstəqil Azərbaycanın banisi Heydər Əliyevi rəhmətlə yad edirəm. İlham Əliyev onun irsinə uğurla sahib çıxdı və çıxır”.

R. T. Ərdoğan qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları 1 il Azərbaycanda, 1 il Türkiyədə keçirilməyə davam edəcək: “Qarşıdakı dövrdə yenə bir araya gələcəyik. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı olacaq, o iclasda yenə görüşəcəyik. Aprelin 25-26-da mədəniyyətlərarası dialoqla bağlı tədbirlə əlaqədar Bakıda olacağam. Vaşinqtonda nüvə sammitində də bir araya gələcəyik”.

“Türkiyə və Azərbaycan beynəlxalq müstəvidə daim bir-biri dəstəkləyir. Türkiyənin dünyada rolu artır, Türkiyəyə dünyada artan rəğbət və inam bizi sevindirir”.

Bu sözləri isə Azərbaycan prezidenti İlham Əliyev deyib. O xatırladıb ki, ötən il Türkiyə “G-20” toplantısına Azərbaycanı dəvət edib: “Türkiyə bu sammitə bir ölkəni dəvət edə bilərdi, Azərbaycanı dəvət etdi. Buna görə təşəkkür edirəm. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olar”.

Dövlət başçısı qeyd edib ki, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun həll edilməsinə dəstək verib: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan ədalətsizliklə üzləşib. Türkiyənin dəstəyi bizim üçün çox önəmlidir. Bu yaxınlarda hərbçilərimiz birgə təlimlər keçirib. Bu da çox yaxşı ənənədir. Biz Türkiyədən müxtəlif hərbi texnika və silah alırıq. Türkiyənin müdafiə sənayesi sahəsində uğurları Azərbaycanın da müdafiə qabiliyyətini gücləndirir”.



azertag.az, apa

Ana səhifəXəbərlərAzərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı