Azərbaycan və Rusiya münasibətlərində “İsgəndər” müəmması

“Bütün bunlara görə Bakının kifayət qədər iradı ola bilər, amma Azərbaycanın bunlardan başqa gözləntiləri vardı”.

Source: Specify Source


“Sülhməramlılar işğalçıya çevrilə bilərlər”

2020-ci ildə 44 günlük müharibə bitdikdən sonra Azərbaycan və Rusiya rəsmiləri iki ölkə arasında tam anlaşma şəraitinin olduğunu hər vəchlə dilə gətirsələr də, son zamanlar baş verənlər, xüsusilə də Şuşaya atılan “İsgəndər” raketi ilə bağlı proseslər hər şeyin heç də görünən kimi olmadığını nümayiş etdirir.

Şuşada qalıqları tapılan “İsgəndər” raketinin “M” modifikasiyası Rusiya istehsalı olan silahın ixraca qadağan olunan versiyasıdır. Bu raketin Şuşaya atılması isə Rusiyada yüksək səviyyəli hərbçilərin qadağanı pozaraq, onun Ermənistana ötürməsindən xəbər verə bilər. Sosial şəbəkələrdə və media orqanlarında bir sıra ekspertlər isə daha dərinə gedərək, iki əlavə versiya da irəli sürürlər. Onlardan biri, raketin Ermənistana ötürülməsi barədə qərarın hərbçilərdən də yüksək, yəni ölkə prezidenti Vladimir Putin səviyyəsində verildiyi, digəri isə raketin Şuşaya elə Rusiya hərbçilərinin özləri tərəfindən atıldığı versiyasıdır.


“Putinə dedim ki, biz cavabı bilməliyik”

Mülahizələrin hansının düzgün olmasından asılı olmayaraq, baş verənlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsindən xəbər verir. Məsələ o həddə çatıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının rəsmi məlumata daxil edilməyən hissəsini də ictimailəşdirib. Həm də, o, bunu beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirdə edib.

Bakıda, ADA-da aprelin 13-də təşkil olunan “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda, sualları cavablandıran İlham Əliyev Putinlə aprelin 1-də bu barədə danışdığını bildirib. O etiraf edib ki, tərəflərin razılaşması ilə danışığın həmin hissəsi rəsmi məlumata daxil

edilməyib

.

“Cənab Putinlə telefon söhbətim zamanı bu məsələni qaldırmışdım. Mən dedim ki, biz cavabı bilməliyik. Azərbaycan xalqı nəyin baş verdiyi ilə bağlı cavabı bilməlidir. Artıq iki həftə keçib”.

İlham Əliyev və Vladimir Putin, 01.09.2018, Soçi
İlham Əliyev və Putin

O xatırladıb ki, aprelin 4-də Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub ünvanlayaraq, foto, video və digər materialları təqdim edərək onlardan cavab istəyib.

“Bu raketlər nə raketləridir və nə baş verib? Artıq doqquz gün keçib, heç bir cavab yoxdur. Bir qrup Azərbaycan jurnalisti Rusiyanın Azərbaycandakı səfirliyinə açıq məktub yazıb və bu məktub açıq xarakter daşıyır. Heç bir cavab verilmədi. “İsgəndər” buradadır, “İsgəndər-M”, hansı ki, heç bir yerə ixrac olunmamalı idi, Şuşaya necə gətirilib? Haradan atılıb? Kim onu atıb? Biz cavabları gözləyirik”.

Bununla belə, İlham Əliyev bəzi suallara Azərbaycan tərəfində artıq cavabların olduğunu deyib və Ermənistandan cavab gözlədiklərini qeyd edib.

“Çünki bu raketlər Ermənistanın ərazisindən buraxılıb. Biz onların dəqiqliklə haradan atıldığını bilirik. Bu suallar cavablandırılmalıdır. Bu, ciddi məsələdir”.

Rusiya ilə münasibətdə daim ehtiyatlı davranış nümayiş etdirən İlham Əliyevin bu ölkəni yüksək rəhbər səviyyəsində tənqid etməsi, cavabdan yayındıqlarını deməsi ciddi fikir ayrılıqlarının olmasına əlavə bir sübutdur.

Hələ müharibə gedən günlərdə mediaya müsahibə verən İlham Əliyev eyni kəskinliklə Rusiyanı Ermənistanı silahlandırmaqda davam etməsinə görə tənqid etdi. Lakin sonradan o, bunun qaçaqmalçıların etdiyini dedi və Rusiyanın rəsmiləri ilə münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi.

peskov.jpg
D.Peskov

Rusiya tərəfi isə bu məsələdə israrlı olaraq susmaqda davam edir. Azərbaycan tərəfindən konkret faktların təqdim edilməsinə qədər isə Rusiya rəsmiləri “İsgəndər” raketinin Ermənistan tərəfindən istifadəsini ümumiyyətlə təkzib edirdilər.

Putinin sözçüsü Dmitri Peskov da, ilkin olaraq məlumatı təkzib edənlər sırasında idisə, faktlar təqdim olunduqdan sonra mövzunun Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə olunduğunu deyib.


“Ermənistanın ordusunun modernləşdirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparması bizi narahat edir”

Ümumiyyətlə İlham Əliyevin ADA-da təşkil olunan tədbirdə suallara verdiyi cavablardan görünür ki, Rusiyadan narazılıq təkcə “İsgəndər” raketi ilə bağlı deyil. Buna misal kimi, Əliyevin Rusiyanın Ermənistan ordusunu modernləşdirmək istəyi barədə danışmasını göstərmək olar:

“Ermənistan bu gün tamamilə ruhdan düşmüş, təşkilatlanmamış vəziyyətdədir. Ordu yoxdur. Revanş haqqında düşünməyə əsas belə yoxdur. Mən bu haqda danışmışam – Ermənistanın ordusunun modernləşdirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparması bizi narahat edir. Bu narahatlıq Rusiya rəsmilərinə çatdırılmışdır. Nə üçün müasirləşdirilir onların ordusu? Revanşla bağlı istənilən imkan lazımsız gərginliyə səbəb olacaq”.

Bundan əlavə sosial şəbəkələrdə və mediada bir sıra ekspertlər qeyd edirlər ki, İlham Əliyevin Rusiyadan narazı olmasına digər bir səbəb də mümkündür. Onların fikrincə, güman ki, hazırda Rusiya müharibənin dayandırılması üçün verdiyi bəzi vədlərə əməl etmir və bu da Azərbaycan prezidentində qıcıq yaradır.

İlham Əliyevin ADA universitetində gələcəkdə Rusiya sülhməramlılarına ehtiyacın olmaması barədə dedikləri də, qeyd olunan narazılığın ifadəsi ola bilər.

ABŞ Dövlət Departamenti
Dövlət Departamenti


“Azərbaycanın Ermənistanla dövlət sərhədində Rusiya sülhməramlıları yoxdur”

“Bu gün Tovuz, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan və Ermənistan arasında dövlət sərhədi mövcuddur. Orada sülhməramlılar yoxdur və heç nə baş vermir. Sizə deyim ki, Azərbaycan Sərhəd Xidmətinin əsgərləri bu gün Ermənistan kəndlərinin 5 metrliyində, Qubadlının məşhur Şurnuxu kəndində dayanır. Həmin bu kəndin tam nəzarətə götürülməsində bizə heç kəs mane ola bilməz. Biz bunu edirikmi? Xeyr. Belə bir planımız varmı? Xeyr. Bu, gələcəkdə nəyin baş verə biləcəyinə cavabdır. Bu məsələ bizim iradəmizi nümayiş etdirir. Eyni vəziyyət Ermənistanın Qafan şəhərini İrəvanla birləşdirən 21 kilometrlik yolda mövcuddur. Yol bizim ərazimizdən keçir. Bəli, biz oraya sərhəd xidmətimizi yerləşdirmişik. Onlar bu yoldan istifadə edirmi? Bəli. Onları sülhməramlılar qoruyurmu? Xeyr. Yalnız iki yerdə postlar qurulub. Biz bu yolu kəsə bilərikmi? Bəli. Bunu edirikmi? Xeyr. Əlbəttə, Beləliklə, vəziyyət indiki kimi davam etsə, qonşuluqda yaşamaqla bağlı hər hansı bir problem olmayacaq”, – prezident deyib.


“Azərbaycan gələcəkdə Gürcüstanın vəziyyətinə düşəcək”

ABŞ rəsmiləri də israrla Rusiya sülhməramlılarının zaman keçdikcə bölgədə neqativ rol oynayacağını proqnozlaşdırırlar.

Belə ki, aprelin 8-də Vaşinqtonda fəaliyyət göstərən “Türkiyə irsi” qeyri-hökumət təşkilatının keçirdiyi internet-seminarda çıxış edən ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Rusiyanın Dağlıq Qarabağda münaqişənin həll edilməsinə yox, saxlanılmasına çalışdığını

deyib

.

“Mən ehtimal edirəm ki, Azərbaycan hakimiyyətində bununla bağlı narazılıq artacaq. Görünür ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalmaq istəyirlər”.

Gürsüstanın xarici işlər nazirinin müavinlərindən birinin adını çəkməyib, ona istinad edən Corc Kent deyib:

“Gürsüstanın xarici işlər nazirinin müavinlərindən biri noyabrda deyib ki, Dağlıq Qarabağda hazırki vəziyyət Gürcüstanın 1998-ci ildə olan vəziyyətinə bənzəyir. Sonradan Azərbaycan Gürcüstanın 2008-ci ildə olan vəziyyətinə düşəcək, daha sonra Azərbaycanda Gürcüstanın indiki vəziyyəti olacaq”.

Corc Kent
Corc Kent

Corc Kentin fikrincə, bu pessimist, lakin vəziyyətin real qiymətləndirilməsidir.

“Rusiya öz mənfəətini güdür və münaqişə ilə manipulyasiya edir. Rusiya əslində münaqişənin həlli üçün can atmır, Azərbaycan və Ermənistana irəli getməyə imkan vermir”.


“Səbəbləri Rusiya-Türkiyə münasibətlərində də axtarmaq lazımdır”

Baş verənləri Meydan TV-ə şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl qeyd edib ki, bunun səbəblərini təkcə Rusiya-Ermənistan deyil, həmçinin Rusiya-Türkiyə münasibətlərində də axtarmaq lazımdır. Onun fikrincə, Türkiyənin Ukrayna hadisələrində birbaşa olmasa da, müəyyən mənada hərbi-siyasi dəstək verməsi, Rusiyanın xoşuna gəlmir və buna görə də, təzyiq həm Bakıya, həm də Ankaraya olur. Bundan başqa, o hesab edir ki, Putinin Paşinyanla Moskvada görüşməsi və bunun qarşılığında İlham Əliyevlə yalnız telefon vasitəsilə danışması da, Azərbaycan prezidentinə təsir edən məsələlərdəndir.

“Rusiya-Azərbaycan münasibətlərində kəskin yox, çox yüngül soyuqluq var. Bu, soyuqluq müxtəlif bəyanatlarda özünü göstərir. Birinci məqam Dağlıq Qarabağda Azərbaycana faktiki yer verilməməsidir”, – İlham İsmayıl deyib.

İlham İsmayıl, ADA-da dövlət başçısının xarici ekspertlərlə görüşünə toxunaraq, qeyd edib ki, Prezident Dağlıq Qarabağla bağlı sualdan yayınıb, xüsusilə birgə yaşayış, perspektivdə Azərbaycanın bölgədə nə edəcəyi haqda məsələlərdə.

“Görünür, 10 noyabr bəyanatında yox, Rusiya ilə arxa planda apardığı danışıqlarının nəticəsidir ki, Azərbaycan Dağlıq Qarabağ məsələsinə uzun müddət toxunmayacaq. Məncə, yaxın 5 ildə toxunulmayacaq, ona görə də dövlət başçısı qeyd etdi ki, Laçından yol çətindir, ona görə hava limanı tikilir, o cümlədən, Kəlbəcərə tunel çəkilişini qabartdı. Bu, o deməkdir ki, biz yaxın 5 ildə Rusiyanın diqtəsiylə Dağlıq Qarabağa qayıda bilməyəcəyik”.

İlham İsmayıl
İlham İsmayıl


“Bakı Moskvanın qanadı altından çıxmaq istəmir”

Münasibətlərin hansı dərəcəyə qədər kəskinləşə bilməsinə gəldikdə isə İlham İsmayıl hesab edir ki, bu prosesdə Rusiya Azərbaycanı itirmək, Bakı isə Moskvanın qanadının altından çıxmaq istəmir.

“İstər Rusiyanın, istər Türkiyənin, istərsə də Azərbaycanın ümumi məqsədi odur ki, Qərb Cənubi Qafqaza gəlməsin. Hələ bu xəttə əməl olunur, arada yüngül soyuqluq var”.

Rusiyanın sülhməramlılardan Azərbaycana qarşı güc kimi istifadə etmək imkanından danışan ekspert deyib ki, bu müharibə demək olardı:

“Rusiya əslində gücünü hərbi bazaya çevirmək istiqamətində iş aparır. Yəni Moskva 10 ildən sonra Bakı ilə müqavilə bağlasın ki, sülhməramlıları hərbi bazaya çevirsin. Yekun olaraq bütün cəhdlər hərbi baza və Qərbin regiona buraxılmaması məqsədi daşıyır”, – ekspert hesab edir.


“İsgəndər” raketi yüngül silah deyil ki, oğurlayıb, satasan”

İsveçrədə mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov Meydan TV-nin əməkdaşı ilə söhbətində təəssüflənib ki, Azərbaycan hakimiyyəti siyasətində ardıcıl deyil. O vurğulayıb ki, Azərbaycan tərəfi diqqətini “İsgəndər” raketində cəmləşdirib, amma indiyə qədər noyabrın 10-da, sazişin imzalanmasına bir neçə saat qalmış Bakı ətrafında eşidilən raket səsi barədə danışmır.

“Prezident Əliyev sual verir, biz Rusiya tərəfindən cavab gözləyirik ki, Ermənistan raketi necə əldə edib. Sual qoyulmur ki, atəş hardan və necə açılıb? Azərbaycan nə üçün əmindir ki, atəşi Ermənistan açıb?”

Politoloq xatırladıb ki, “İsgəndər” raketləri barədə hələ Baş nazir Nikol Paşinyan danışmazdan əvvəl ABŞ saytlarından biri Qarabağda həmin raketin tətbiq olunması barədə məlumat yaymışdı.

“İsgəndər” raketi patron, yaxud yüngül silah deyil ki, oğurlayıb satasan və kütləvi istehsal da edilmir. Yəni bu raketi anbardan oğurlayıb satmaq mümkün deyil”.

85290.jpg
Rauf Mirqədirov

Rauf Mirqədirov həmçinin xatırladıb ki, 44 günlük müharibə zamanı da İlham Əliyev dəfələrlə Ermənistana silah daşınması barədə açıqlamalar verirdi.

“Gürcüstanla sərhəd məlumdur. Amma yük təyyarəsini görməmək olmaz. Ardınca Əliyev dedi ki, bu məsələdə Rusiya siyasi rəhbərliyinin heç bir məlumatı yoxdur, yerli səviyyədə pul qazanmaq istəyənlər iştirak edir. İndi də “İsgəndər” raketi. Bunu oğurlayıb satmaq mümkünsüzdür, yalnız siyasi rəhbərlik məlumatlı ola bilər. Yaxud Rusiyanın Ermənistandakı qoşunları tərəfindən onlara verilib. Əslində, bu variant ağlabatandır”.


“Rusiya üçtərəfli sazişin bir çox müddəalarını pozur”

Politoloqun fikrincə, İlham Əliyev sülhməramlıların işğalçıya çevrilə biləcəyini anlayır.

“Nə qədər ki, Azərbaycanın arxasında böyük güc dayanmır, Rusiya heç nədən qorxmur. Artıq Vladimir Putin hər şeyə hazırdır. Onun üçün vacibi hakimiyyətini qorumaqdır. Azərbaycan bu prosesdə xırda oyunçu olduğundan Putin hər şeyə gedər”.

Rauf Mirqədirov deyib ki, Bakının narazılığı təkcə “İsgəndər” raketi ilə bağlı olmaya da bilər. O qeyd edib ki, Rusiya üçtərəfli sazişin bir çox müddəalarını pozur – Ermənistan qoşunları çıxarılmır, yerli strukturlarını, fövqəladə hallar, federal təhlükəsizlik hərbçilərini ora toplayır və s.

“Bütün bunlara görə Bakının kifayət qədər iradı ola bilər, amma Azərbaycanın bunlardan başqa gözləntiləri vardı. Gözləntilərdən biri o olardı ki, Rusiya ən azı Ermənistan qoşunlarını bölgədən çıxardaydı”.

Bununla belə, politoloq əmindir ki, iki ölkə arasında münasibətlər kəskin forma almayacaq.

“Əliyev ancaq bir halda münasibətləri o həddə çatdıra bilərdi ki, arxasında böyük güc olardı. Hələ belə bir güc yoxdur. Yəni İlham Əliyev Mixail Saakaşvili deyil ki, o vəziyyəti yaratsın. İndiki vəziyyətdə də ona nə Türkiyə, nə də ABŞ vəd verib ki, arxasında dayanacaq. Əliyev həm də indi Rusiya Ukraynayla müharibə vəziyyətində olduğundan çox təhlükəli situasiyadadır”.

İsgəndər raketləri
“İsgəndər” raketləri
Ana səhifəSiyasətAzərbaycan və Rusiya münasibətlərində “İsgəndər” müəmması