Azərbaycan və rus dilləri arasında “savaş”: hansı qalib gələcək?

2017-ci ilin dekabrında yerli bir jurnalistin, rusdilli azərbaycanlıların övladlarını hələ də rus məktəblərinə verən valideynlərin ünvanına yazdığı status “Facebook”-un Azərbaycan seqmentində mübahisələrə səbəb oldu. Statusun müəllifi çox ağır ifadələr işlətməkdən çəkinmir, “hamısına rus vəsiqəsi verib ailəlikcə sürgün etmək lazımdır bu Sovetin qırıntılarını”, – deyə yazırdı. “Özümü güclə saxlayıram, Azərbaycan dilində danışa bilməyən körpə görəndə, it başı kimi başlarını əzmək istəyirəm…!!! – jurnalist qeyd edirdi.

Bu status rəy bildirməyən qalmamışdı. Əsasən, müəllifin ünvanına lənətlər yağdırılırdı, amma onu dəstəkləyənlər də tapıldı.

Azərbaycanın tanınmış tarixçi-alimi Altay Göyüşov jurnalistin sözlərini “ksenofobiya” adlandırdı, bununla belə valideynlərə övladları ilə azərbaycanca danışmağı tövsiyə etdi. Jurnalist Həmid Həmidov isə “həqiqətən yaxşı jurnalist” hesab elədiyi şəxsin statusunu “əclaflıq” adlandırdı.

Şərhçilərin əksəriyyəti isə müəllifə, əsas ünsiyyət dili rus dili olan ölkə prezidentinin ailəsindən başlamağı təklif edirdi. Statusu paylaşdığı günün ertəsi jurnalist onu sildi, sonra üzr istədi, daha sonra isə ümumiyyətlə, sosial şəbəkədəki hesabını bağladı. Tezliklə jurnalistin işlədiyi saytın baş redaktoru əməkdaşının ifadələrinə görə ictimaiyyətdən üzr istədi və onun işdən çıxarıldığını bildirdi…

Nə qədər qəribə olsa da, Azərbaycanda cəmiyyətin rusdilli və Azərbaycandilli hissəsi arasında qarşıdurma bu gün – SSRİ-nin dağılmasından 26 il sonra da davam edir.


Yerli düşüncədə “çuşka”

Sovet Azərbaycanında əhalinin daha varlı və savadlı təbəqəsi, bir qayda olaraq, paytaxt Bakıda cəmlənmişdi. Burda azərbaycanlılarla yanaşı ruslar, ukraynalılar, beloruslar, ermənilər, yəhudilər, farslar və gürcülər də yaşayırdılar. Onların arasında əsas ünsiyyət vasitəsi rus dili sayılırdı. Ümumiyyətlə, rus dilini bilmək, bu dildə danışmaq kübarlıq hesab olunurdu. Hətta bu dili bilməyənləri alçaldıcı şəkildə “çuşka” da adlandırırdılar.


Rus dilindən tam imtina siyasəti?

Sovet İttifaqının dağılması, 1991-ci ildə Azərbaycanın müstəqilliyinin elan olunması, xüsusilə də, Qarabağ müharibəsinin başlaması vəziyyəti dəyişdi. Ruslar, ermənilər, yəhudilər Bakını sürətlə tərk etdi, onların yerini müharibədən qaçan əyalət sakinləri tutdu.

“Hökumət rus dilindən tamamilə imtina üzərində qurulmuş siyasət həyata keçirir”, – filosof Rəhman Bədəlov deyir.

Onun sözlərinə görə, həmin illərdə ölkə rəhbərliyi elə zənn edirdi ki, Azərbaycan dili uğrunda mübarizə mütləq rus dili əleyhinə mübarizə

deməkdir

.

Ancaq 1992-93-cü illərdə Azərbaycanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik etmiş filoloq Vurğun Əyyub deyir ki, o vaxt rus dilindən tam imtina siyasətindən söz belə getmirdi:

“Söhbət Azərbaycan dilinin mövqeyinin gücləndirilməsindən gedirdi. Amma rusdilli vətəndaşlar bunu rus dili əleyhinə müharibə kimi başa düşürdülər”.

“Orta məktəblərdə rus dilinin tədrisi tamamilə ləğv olunmamışdı, sadəcə məhdudlaşdırılmışdı. Tədris planında rus dilinin saatları bir-iki dəfə azaldılmışdı”, – Azərbaycan Müstəqil Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir.


Rus dili yenə dəbdədir

Ancaq bu vəziyyət o qədər də uzun çəkmir. 2000-ci illərin əvvəllərində hazırkı prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra Rusiya ilə münasibətlərin bərpası və sıx şəkildə inkişafı, keçmiş sovet respublikaları – o cümlədən, Gürcüstan, Ukrayna, Moldova və Şərqi Avropa ölkələri ilə iqtisadi əlaqələrin gücləndirilməsi Bakıda rus dilini yenidən gündəmə gətirir. Baxmayaraq ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsinə əsasən, Azərbaycan dili ölkənin dövlət dili elan olunub, bundan başqa, 2002-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda mətbuatın, təhsilin, rəsmi yazışmaların və çıxışların Azərbaycan dilində aparılması, dövlət müəssisələrində, bütün digər xidmət sahələrində də Azərbaycan dilində istifadənin vacibliyi xüsusi vurğulanıb, bu gün Bakıda işə qəbul zamanı rus dili bilgisi vətəndaşlara əsas tələb kimi qoyulur, hətta, demək olar ki, peşəkar xüsusiyyətlərdən daha çox buna diqqət yetirilir.

29 yaşlı Murad Süleymanlı iki təhsillidir: Bakı Humanitar Kollecinin bədii-yaradıcılıq şöbəsini bitirib, həmçinin mühasibatlıq üzrə beynəlxalq sertifikatı var. Təhsilini 2012-ci ildə başa vuran, bu vaxta qədər sosial media menecerindən tutmuş anbardara qədər ən müxtəlif işlərdə çalışan Murada hələ də ixtisası üzrə işləmək nəsib olmayıb. Çünki o, rus dilini bilmir:

“İngilis dilini orta səviyyədə, rus dilini zəif bilirəm, anlamaqda çətinlik çəkirəm, danışa bilmirəm. İxtisasım üzrə CV göndərdiyim yerlərdə əksər hallarda heç iş görüşməsinə də çağırmırlar. Çağıranda da rus dilini bilmədiyimə görə elə ilk görüşmədə yox cavabı alıram”.

Muradın mühasib köməkçisi işləmək ümidilə müraciət elədiyi elektron texnika ləvazimatları istehsal edən holdinqin insan resursları müdiri ilə Muradın atası danışmalı olub. Muraddan fərqli olaraq rus dilini bildiyi üçün: “Ora mühasib köməkçisi işi üçün müraciət eləmişdim. Müdir atama dedi ki, rus dilini bilmirsə, mümkün deyil, çünki digər işçilər rus dilində danışırlar”.

Böyük neft şirkətinin insan resursları üzrə mütəxəssisi Səbinə Muxtarova deyir ki, bu tip tələblər bir qayda olaraq inzibati işlərdə qoyulur. Onun fikrincə, bunun səbəbi Azərbaycanda mövcud olan biznes sistemidir:

“Digər ölkələrdə müştəri həmin ölkənin dilində danışmağa çalışır. Bizdə isə iş sistemi elə qurulub ki, müştərinin dilində danışmağa üstünlük verilir. Buna görə də işçilərdən əcnəbi dil bilgisi tələb olunur”.

Əksər özəl şirkətlər, özəl xəstəxanalar, banklar, reklam, sığorta agentlikləri, idman, gözəllik salonları, ictimai-iaşə müəssisələri onlara iş üçün müraciət edənlərdən rus dili bilgisi tələb edirlər.

“Çünki müştərilər, adətən, rus dilində danışırlar”, – bunu şəhərin mərkəzində, “Kaspian Plaza”, “Kapital Travels” kimi böyük biznes mərkəzlərinin əhatəsində yerləşən “PitStop” kafesinin meneceri Fuad Eyvazov deyir.

Kafenin əsas müştəriləri, əsasən, iş adamları, turistlərdir. Odur ki, ofisiant işləmək üçün müraciət edənlərdən belə rus dili tələb olunur.

“Biz müştərilərimizin dilində danışmalıyıq. Onların əksəriyyəti isə rusca danışır. Buna görə də işə qəbul zamanı ingilis dili arzu olunandır, rus dili mütləqdir”, – Fuad Eyvazov izah edir.

S.Muxtarova öz iş təcrübəsində də belə tələblə qarşılaşdığını deyir:

“İşə qəbul zamanı mənim də qarşımda qoyulan vacib şərtlərdən biri rus dili bilgisi idi. Ümumiyyətlə, ictimaiyyətlə əlaqələr sahəsində rus dilini də, ingilis dilini də bilmək lazımdır. Çünki bizə əcnəbilər də iş üçün müraciət edə bilirlər. Bundan əlavə, azərbaycanlılar arasında elə peşəkar kadrlar var ki, öz dilimizi yaxşı bilmirlər. Görüş zamanı onlarla rus dilində ünsiyyət qurmalı oluruq”.


Bəs qanunlar nə deyir?

Hüquqşünas Yalçın İmanov bildirir ki, belə bir tələb qanunsuzdur: “Çünki həm Konstitusiya, həm də sahəvi qanunlar Azərbaycan dilinin dövlət dili kimi statusunu müəyyən edir”.

Sözügedən qanuna əsasən, əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər.

Hüquqşünasın sözlərinə görə, ölkə ərazisində dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır. Bu zaman işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Buna görə 1000 manatdan 4000 manata qədər (təxminən, 600 dollardan 2350 dollara qədər) cərimə nəzərdə tutulub.

Bununla belə, Y.İmanov nə özünün, nə də həmkarlarının təcrübəsində sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət halı ilə rastlaşıb:

“Azərbaycanlılar heç daha ağır qanun pozuntuları ilə məhkəməyə müraciət etmirlər. Heç kim buna vaxt sərf eləmək istəmir”.


Şairlər və alimlər əleyhinə çıxış edir

Azərbaycanda indi də zaman-zaman rus dilindən istifadənin ləğvi ilə bağlı fikirlər səslənir. Keçmiş millət vəkili, şair, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı 2014-cü ildə Milli Məclisdəki çıxışında rusdilli məktəblərin dövlət büdcəsindən maliyyələşdirilməsinin dayandırılması təklifilə

çıxış edib

.

Bakı Şəhər Təhsil İdarəsinin 2017-ci ilin dekabr ayı üçün məlumatına əsasən, hazırda Bakıda rus dilində təhsil alan şagirdlərin sayı bütün şəhər üzrə şagirdlərin ümumi sayının 17 faizini təşkil edir. Paytaxtın 141 ümumtəhsil müəssisəsində həm Azərbaycan, həm də rus bölmələri var.

AMEA-nın əməkdaşı, dilçi alim Cahid İsmayıloğlu isə Azərbaycan dili və ədəbiyyatının inkişafına mane olduğunu əsas gətirərək, məktəbəqədər və ibtidai təhsil müəssisələrində rus dilinin tədrisinin ləğv olunmasının vacibliyini

vurğulamışdı

.


Elitanın dili

Bununla belə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “BBC Azərbaycanca”-ya verilən məlumata görə, təkcə bu idarənin tabeliyində olan təhsil müəssisələrində 2013-2014-cü tədris ilində şagirdlərin 14,8%, 2014-2015-cı ildə 15,4%, 2016-cı ildə isə 15,8% rus bölməsində

təhsil alıb

.

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2017-ci ilin avqust ayında artıq neçə ildir ki, həyata keçirilən “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsinə qərar verib. Sözügedən əmrə əsasən, layihə ölkənin 50 ümumtəhsil müəssisəsində davam etdiriləcək.

Layihədə birinci sinifdən doqquzuncu sinfə qədər təhsil alan şagirdlər iştirak edirlər. İkinci əcnəbi dilə ayrılmış saatlarda və dərsdənkənar məşğələlərdə (həftədə üç saat) rus dili dərsləri tədris olunur. Həmçinin, sinifdə şagirdlərin sayı 20-dən çox olanda rus dili dərslərində sinif iki qrupa bölünür. Bu, rus dilinin tədrisinin effektivliyini artırmaq

məqsədilə edilir

.

Bundan əlavə, ölkədə rus dilinin tədrisi ilə məşğul olan özəl kursların da, onlara müraciət edən vətəndaşların da sayı artır.

Bakıda həm rus, həm də Azərbaycan bölmələri üzrə fəaliyyət göstərən özəl uşaq bağçasının meneceri Vüsalə Zeynalova (adı və soyadı dəyişdirilib) maraqlı bir tendensiyanı qeyd edir:

“Bağçamızın fəaliyyətdə olduğu altı il ərzində fikir vermişəm ki, çox vaxt rus dilini bilməyən valideynlər övladlarını rus bölməsinə yazdırırlar. Ya da elə hallar olub ki, uşaq iki-üç il Azərbaycan bölməsinə gedib, sonra yuxarı qruplarda valideynlər qəflətən onu rus bölməsinə keçirmək qərarına gəliblər və bunu gələcəkdə uşağı rus məktəbinə qoymaq məqsədilə ediblər”.

Valideynlər öz qərarlarını belə izah edirlər: “Azərbaycanda rusdillilərin irəli getməsi daha asandır”.

V.Zeynalovanın sözlərinə görə, hərdən şəxsən özü valideynləri bu addımdan daşındırmağa çalışıb: “Təsəvvür edirsiniz, uşaq üçün yuxarı qrupda birdən-birə rusca danışmağa başlamaq necə çətindir. Üstəlik, əgər evdə də hamı azərbaycanca danışırsa… Çox zaman valideynləri başa sala bilmirik”.



Bəs səbəb nədir?

Ölkədə hələ də elmi, mədəni və s. sahələrlə bağlı Azərbaycan dilində normal internet resursları yoxdur, insanlar istənilən hər hansı bilgini axtararkən daha çox rusdilli mənbələrə müraciət etməli olurlar, xüsusilə ali təhsil müəssisələrində indinin özündə də Azərbaycan dilli elmi ədəbiyyat, mənbələr yox dərəcəsindədir ki, bu da rus dilinin əvvəlki kimi gündəmdə qalmasına şərait yaradır.

Azərbaycan Xarici Dillər Universitetinin məzunu, ingilis dili üzrə tərcüməçi, 25 yaşlı Günel Abbasova tərcümə mərkəzindən aldığı 350 manat maaşla (təxminən, 200 dollar) kifayətlənməyə məcburdur, çünki rus dilini bilmədiyinə görə onu daha nüfuzlu təşkilatlarda və daha yüksək maaşla işə götürmürlər.

Hazırda mühacirətdə yaşayan yazıçı Əli Əkbər də 90-cı illərdə ölkədə rus dili və mədəniyyətinə qarşı başlayan mübarizənin iflasa uğradığını

deyir

: “Çünki həm hakim ailə rusdillidir, həm də Azərbaycan dilinin cəlbedici olmaması, müasir gəncliyin onu rayon dili kimi başa düşməsi rus dilini zəiflətməyəcək”.

Həqiqətən də, bu məsələdə hakim ailənin doğma dilini zəif bilməsi də az rol oynamır. Belə ki, prezidentin böyük qızı – “Bakı” jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti və fondun Bakıdakı nümayəndəliyinin başçısı Leyla Əliyeva, kiçik qızı – “Silk Way” Bankının sahiblərindən biri olan Arzu Əliyeva, birinci xanım, eyni zamanda ölkənin vitse-prezidenti Mehriban Paşayevanın bacısı, MDU-nun Bakıdakı filialının rektoru Nərgiz Paşayeva, Mehriban Paşayevanın bacısı qızı, rusdilli “Nərgiz” jurnalının baş redaktoru Aida Mahmudova doğma dillərini zəif bilir, ölkədaxili rəsmi tədbirlərdə, adətən, rus dilində danışmağa üstünlük verirlər. Leyla Əliyeva hətta şeirlərini də rus dilində yazır. O da, bacısı Arzu Əliyeva da sosial şəbəkələrdəki hesablarında rus dilindən istifadə edirlər.

Əli Əkbər deyir ki, necə qərar verilməsindən asılı olmayaraq, əmrlə, göstərişlə rus dilini yox etmək mümkün olmayacaq.

Ana səhifəVideoAzərbaycan və rus dilləri arasında “savaş”: hansı qalib gələcək?