”İlham Şaban: Sənədlərin heç biri kommersiya xarakteri daşımır. ”Şimal-Cənub” dəmir yolu ilə bağlı da məsələ aydınlaşmadı – memorandum bağlamaqla kifayətləndilər”
Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşündən sonra sənədlərin imzalanması mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə İran İslam Respublikasının Standartlar və Sənaye Tədqiqatları İnsititutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019), Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikası Hökuməti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Prezidentlərin görüşünü və imzalanan sənədləri Facebook səhifəsində şərh edən ekspert İlham Şaban bildirib ki, sənədlərin heç biri kommersiya xarakteri daşımır. Heç “Şimal-Cənub” dəmir yolu ilə bağlı da məsələ aydınlaşmadı – memorandum bağlamaqla kifayətləndilər. Xəzər dənizinin statusundan üstüörtülü keçdilər: “Rəsmi Bakı yenə susdu: 2001-ci ilin iyulundan İranın təkidi ilə dondurulmuş “Araz-AlovŞərq” strukturlarında işlərin bərpa edilməsi ilə bağlı məsələləri gündəmə belə gətirmədi. Əvəzində İlham Əliyev bəyan etdi hazırda iki ölkə arasında əlaqələr özünün inkişafında ən yüksək zirvəsindədir. Ancaq faktlar tam başqa şeylər deyir: 2010-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 560 mln dollar olmuşdu, 2014-də bu göstərici 200 mln-dan aşağı səviyyəyə düşmüşdü və 2015-də azalma davam edib”.
İlham Şaban daha sonra bildirib ki, İranın ümumiyyətlə, bütün Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi keçən il son 5 ildə 2 dəfədən çox aşağı düşüb: “Azərbaycanda avqustun 8-dən yeni gömrük qaydaları qüvvəyə minəcək: bundan sonra Azərbaycan vətəndaşları 1 ay ərzində xaricdən ancaq 30 kg ərzaq gətirə biləcəklər (10 kg olmaqla 3 dəfə), əvvəllər isə bu hədd 300 kg idi. Bundan isə əsasən sərhədyanı bölgənin sakinləri yararlanırdı. Deməli, ticarət dövriyyəsi iki ölkə arasında “çelnoklar” səviyyəsində cari ildə inkişaf etməyəcək”.