Azərbaycan və ABŞ növbəti gündəliyi hazırlayıblar: İslahatlar

Amerikanın sonuncu avtoritar resurslu dövlətlərinin sabitliyini neft qiymətinin azaldılması ilə pozmaq strategiyası təsirini göstərib, bu, Rusiya, İran, Venesuella, o cümlədən Azərbaycanda konstruktivliyin artmasında özünü göstərib. ABŞ-ın bu ölkələrdən hər biri ilə bağlı öz gündəliyi var, amma bir komponent – liberal islahatlar dəyişməz olaraq qalır

Source:


Amerikanın sonuncu avtoritar resurslu dövlətlərinin sabitliyini neft qiymətinin azaldılması ilə pozmaq strategiyası təsirini göstərib, bu, Rusiya, İran, Venesuella, o cümlədən Azərbaycanda konstruktivliyin artmasında özünü göstərib. ABŞ-ın bu ölkələrdən hər biri ilə bağlı öz gündəliyi var, amma bir komponent – liberal islahatlar dəyişməz olaraq qalır

Antalyada keçirilən G20 forumundan Azərbaycan KİV-lərinin əsas xəbəri prezident İlham Əliyevin ABŞ prezidenti Barak Obama ilə əl sıxması olub. KİV Ağ Evin rəhbərinin Əliyevə ünvanladığı yeganə ifadədən – “Sizi görməyə şadam, cənab prezident. Necəsiniz?” Əliyev və Azərbaycan xalqı üçün taleyüklü mühüm bəyanat kimi sitat gətirib.

Türkiyə prezidenti Erdoğanın iştirakı ilə bu qısa görüş 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt sammitində prezident Bill Klintonun Türkiyə baş naziri Tansu Çillerin iştirakı ilə prezident Heydər Əliyevi salamladığı səhnəni çox xatırlatdı. Həmin vaxt iki prezidentin bu qısa tanışlığı gizlincə Türkiyə tərəfindən hazırlanmışdı və Əliyevin regional miqyasda növbəti addımları üçün böyük əhəmiyyət kəsb edirdi. Və bu qısa salamlaşma səhnəsinin mənası belə idi: “Azərbaycan liderinin əməkdaşlığa hazır olması; ölkədə və regionda Amerikanın maraqlarını təşviq etmək müqabilində Azərbaycana himayəçilik. Sabitlik, təhlükəsizlik, Xəzər-Avropa energetika və logistika layihələri və nəhayət, çox vacib olmasa da, müşaiyətedici komponent – adətən insan hüquqlarının müdafiəsi adlandırılan demokratik institutların və vətəndaş azadlıqlarının inkişafı kimi prioritetləri aid etmək olar. Heydər Əliyev strateji məsələlərdə müvəffəqiyyət qazanıb və 1997-ci ildə ABŞ-a rəsmi səfərə və prezident Klintonla görüşə layiq görülüb.

Prezidentlərin əl sıxmasından xeyli əvvəl İlham Əliyevin Türkiyəyə səfəri prezident Erdoğan tərəfindən təklif edilib və onun vasitəçiliyi ilə hazırlanıb. O, azərbaycanlı həmkarını sammitdə şəxsi qonağı kimi iştirak etməyə dəvət edib. G20 görüşünün tarixi yaxınlaşdıqca tərəflər dəfələrlə Əliyevin dəvəti və iştirakı niyyətini dəfələrlə təsdiq edirdilər. Amerika və Azərbaycan tərəfləri qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və həlli üzrə işçi qrup formalaşdırıb. Tərəflərin bəyanatından məlum olur ki, əvvəllər də olduğu kimi, ilk növbədə Amerika strateqləri əsas məsələ kimi sabitlik, təhlükəsizlik, terrora qarşı mübarizə, energetika və demokratiya məsələlərini göstərir. Hərçənd, son məsələ daha kəskin ifadə edilirdi və iki ölkə arasında əməkdaşlıq səviyyəsinin artırılması yolunda maneə olaraq qalırdı.

Son beş ildə ABŞ getdikcə daha israrla Əliyevi islahatlar aparmağa və liberla demokratiyaya və iqtisadiyyata keçməyə çağırırdı, bu, “böyük neft” və əsas iqtisadi göstəricilərin sürətlə artdığı bir dövrdə Azərbaycan prezidentinin komandasında xüsusi maraq doğurmurdu. Amerika səfirləri Brayza, Morninqstar və indi də Sekuta israrla Əliyevi müsəlman dünyasında flaqman mövqeyi tutmağa, avtoritarizmdən demokratiyaya keçid nümayiş etdirməyə çağırır, eyni zamanda bu prosesin gecikdiriləcəyi təqdirdə ciddi problemlərə, Yaxın Şərqə gələn ərəb baharına işarə edirdilər.

Təhlükəsizlik və energetika sahəsində müəyyən uğurlar nümayiş etdirən Əliyev demokratiya sahəsində Azərbaycanı xeyli geridə qoyub, bir sıra qeyri-azad seçkilər keçirib və demokratik düşərgədən olan rəqiblərini həbsə göndərib ki, bu da ABŞ və onun Qərbdəki müttəfiqləri ilə gərginliyin artmasına gətirib çıxarıb.

Neft qiymətlərinin düşməsi iqtisadiyyatın cari gizli problemlərini üzə çıxardı və sistemin kollapsını sürətləndirdi, bu, valyuta ehtiyatlarının kəskin şəkildə azalmasından, bütün statistik göstəricilərin pisləşməsində və əsas dirəyi oliqarx nazirlər olan komandanın dağılmasında özünü göstərdi.

Bu gün prezident Əliyev heç vaxt olmadığı kimi həm ölkə daxilində, həm də xaricdə, xüsusən “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycanın müstəqilliyinin və sabitliyinin zamini rolunda çıxış edən ABŞ-da etibarlı dəstəyə ehtiyac duyur. Amma bu gün sabitlik artıq neftə söykənə bilməz, bunu Vaşinqtonda və hətta Bakıda da başa düşürlər. Kapitoliyada uzun müddət söhbəti gedən demokratik islahatlar cəmiyyətin sabitliyinin və gələcək üçün iqtisadiyyatın inkişafının yeganə amili olaraq qalır.

Amerika-Azərbaycan işçi qrupu tərəfindən gələcək üçün hansı fəaliyyət planının və hansı qarşılıqlı öhdəliklərin işlənib hazırlandığı bizə tam məlum deyil. Amma Obamanın G20-də qısa salamlaması Azərbaycan prezidentinin ölkənin idarəetmə sistemində və vətəndaş cəmiyyətinə qarşı münasibətdə islahatlar zərurəti haqqında dəlilləri qəbul etdiyini göstərə bilər. İlham Əliyevin 2017-ci ildə Amerikanın artıq yeni prezidenti olacağı zaman ABŞ-a baş tuta biləcək rəsmi səfərinə qədər Amerika-Azərbaycan münasibətlərindəki bir çox kəskin məsələlərin aradan qaldırılacağına ümid etmək olar. Bu, anın tələbidir. Və 20 il sonra Ağ Evdə Əliyev-Klinton-2 görüşünün keçirilə biləcəyi tamamilə realdır. Kiçik Əliyevin və Hilari Klintonun bu görüşü yeni formatda təkrar etmək üçün hər cür şansı var.



Turan Analitik Xidməti

Ana səhifəXəbərlərAzərbaycan və ABŞ növbəti gündəliyi hazırlayıblar: İslahatlar