Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün danışıqlara başlayıb

Vahid Məhərrəmov: “Azərbaycanda hökumətə təsir gücündə olan inhisarçılar şəbəkəsi var ki, ÜTT-yə üzv olmaq onların marağında deyil”

Source:


Vahid Məhərrəmov: “Azərbaycanda hökumətə təsir gücündə olan inhisarçılar şəbəkəsi var ki, ÜTT-yə üzv olmaq onların marağında deyil”

Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün danışıqlar çərçivəsində 2012-2014-cü illərdə ölkənin aqrar-sənaye kompleksində dəyişikliklər nəzərə alınmaqla kənd təsərrüfatına daxili dəstək üzrə yeni cədvəl hazırlayacaq. Bunu Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Martın 3-7-də Cenevredə Azərbaycanın ÜTT-yə üzv olması üzrə çoxtərəfli və ikitərəfli danışıqların növbəti raundu baş tutub. Bu məqsədlə M.Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Cenevrədə olub.

Onun sözlərinə görə, danışıqların əsas mövzusu aqrar sektora daxili dəstək məsələsi olub: “Azərbaycan üçün kənd təsərrüfatının ölkənin qeyri-neft iqtisadiyyatının əsas sektoru kimi inkişafının nə qədər vacibliyi bir daha qeyd edildi. Azərbaycan kənd təsərrüfatına dəstəklə bağlı məsələlər üzrə mövqeyini yenidən təsdiq etdi”.

M.Məmməd-Quliyev qeyd edib: “Bəzi ölkələr Azərbaycanda kənd təsərrüfatının inkişafının vacibliyini başa düşdüklərini bildirdilər. Bununla belə, bir sıra ölkələr hesab edirlər ki, biz bu sektora çox böyük həcmdə subsidiyalar ayırırıq. Lakin bu məbləğ ÜTT-nin kənd təsərrüfatı üzrə sazişlərinin müddəalarına tam uyğun gəlir”.

Nazir müavini əlavə edib ki, Azərbaycan 2012-2014-cü illər üçün ölkədə kənd təsərrüfatına daxili dəstək üzrə yeni cədvəl hazırlayacaq: “ÜTT-nin Katibliyi aprelin 15-dək onunla əlaqədar bizə sual və şərhlərini göndərməlidir, biz isə onlara cavab hazırlayacağıq, sonra danışıqlar qrupunun növbəti görüşü təyin ediləcək və orada bu məsələlər yenidən müzakirə olunacaq”.

ÜTT-yə üzv olmaq üzrə işçi qrupunun iclasına gəlincə, o, qeyd edib ki, bu çərçivədə iş davam edir: “Hazırda biz ÜTT Katibliyindən üzv ölkələrin suallarını gözləyirik, onları aldıqdan sonra cavablandıracaq, işçi qrupunun növbəti görüşünün tarixini razılaşdırmağa başlayacağıq”.

M.Məmməd-Quliyev bildirib ki, səfər zamanı ABŞ, Yaponiya, İsveçrə və Norveç nümayəndələri ilə ikitərəfli görüşlər də keçirilib: “Biz bəzi mövzuları nəzərdən keçirdik, lakin razılaşdırılmalı olan bir sıra açıq məsələlər qalıb. Söhbət kənd təsərrüfatı məhsulları, sənaye mallarından və s. gedir”.

Məsələni Meydan TV-yə şərh edən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ÜTT-in Azərbaycan üçün xüsusi tələb qoymadığını və başqa dövlətlərə olan ümumi tələbin rəsmi Bakıya da aid olduğunu deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan hökuməti müəyyən məsələlərlə bağlı danışıqları məqsədli şəkildə uzadır: “Görünür, Azərbaycanın ÜTT-yə qəbul olmaq niyyəti yoxdur. Prezidentin son çıxışlarından da hiss olundu ki, Azərbaycan hələ ÜTT-yə üzv olmağa hazır deyil. Hazırlıq 30-40 il də çəkə bilər və ümumiyyətlə, bu, hökumətin istəyindən asılıdır. Ancaq Qırğızıstan, Ermənistan və Gürcüstan uzun müddət danışıq aparmadan xüsusi hazırlığa ehtiyacın olmadığını başa düşdülər. Bu respublikalar zamanında ÜTT-in İşçi Qrupuna müsbət cavab verib təşkilata üzv oldular. Həmin ölkələrlə bağlı apardığımız araşdırmalar kənd təsərrüfatının daha sürətlə inkişaf etdiyini göstərir. Məsələn, yeni Avropa texnologiyasının gətirilməsi istiqamətində bir sıra işlər görülüb. Əslində, Azərbaycana ya inkişaf etmiş, ya da inkişafda olan ölkə statusunun verilməsi də prinsipial deyil. Azərbaycanla bağlı problemin nədən ibarət olduğu bəllidir, bizdə maarifləndirmə yönündə ciddi addımlar atılmalı, mütəxəssis hazırlanmalı, kənd təsərrüfatı institutlarının fəaliyyəti müasir tələblərə cavab verməlidir. Toxumçuluğun inkişafı ilə bağlı ciddi işlər aparılmalıdır. Dövlət bu yöndə kömək edə bilər, bax, problem məhz bu istiqamətdədir”.

Hökumətin bəhanələrinə gəlincə, Vahid Məhərrəmov bildirib ki, Azərbaycan ÜTT-yə qəbul olunarsa, ölkəyə yalnız inhisarçılar deyil, istənilən sahibkar məhsul idxal edə biləcək. Belə olduqda isə inhisarçı məmurlar sıradan çıxacaq: “Ancaq Azərbaycanda hökumətə təsir gücündə olan inhisarçılar şəbəkəsi var ki, ÜTT-yə üzv olmaq onların marağında deyil. Bu baxımdan ÜTT-yə üzv üçün hər hansı bəhanə gətirmək yersizdir. Təhlillərimiz göstərir ki, ÜTT-yə üzv olan ölkələrin xarici iqtisadi imkanları genişlənir, iqtisadi potensialı artır, haqsız rəqabət və inhisarçılıq aradan qaldırılır, xüsusən, mal və məhsul sabit qiymətdə təklif olunur, yeni texnologiyanın tətbiqi imkanı yaranır. Hər halda hökumət real vəziyyəti qiymətləndirib mövcud durumdan uduşla çıxa bilər. Bu, artıq hökumətin bacarığından asılıdır”.

Ekspert nazir müavininin “Azərbaycan 2012-2014-cü illər üçün ölkədə kənd təsərrüfatına daxili dəstək üzrə yeni cədvəl hazırlayacaq” fikrinin anlaşılmaz olduğunu dedi: “Artıq 2015-ci ildir, biz niyə ötən illər üçün cədvəl hazırlamalıyıq, anlamıram”.

Ana səhifəXəbərlərAzərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün danışıqlara başlayıb