Gültəkin Hacıbəyli: “İlham Əliyevin çıxışını “yumşaq şantaj” adlandırmaq olar”
Azərbaycanın dövlət başçısı İlham Əliyev bildirib ki, AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək.
Bu barədə İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu ilin yanvarında AŞPA qırmızı xətti keçib:
“Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, 2023-cü ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni, biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”.
“Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarı adekvat olub. Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”, – deyə Prezident əlavə edib.
Ölkə başçısının açıqlamasını Meydan TV-yə şərh edən Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli deyib ki, Azərbaycan hökuməti AŞPA-ya qayıtmaq üçün İtaliya və Almaniya ilə danışıqlar aparır:
“İtaliyaya dünənki səfər də bu danışıqların tərkib hissəsidir. Bundan öncə də Almaniya ilə münasibətlərin yüksək səviyyədə tutulmasına dəfələrlə cəhdlər edilib. Eyni zamanda, AŞPA rəhbərliyi ilə birbaşa kommunikasiya qurmaqla ora qayıtmaq niyyətləri var”.
Gültəkin Hacıbəyli İlham Əliyevin çıxışını “yumşaq şantaj” adlandırıb:
“Ölkə başçısı deyir ki, siz bizi AŞPA-ya geri qaytarın, biz də onun qarşılığında deputatlara qoyulan qadağaları götürəcəyik. Məqsəd AŞ A-ya qayıtmaqdır və bunu rəsmi Bakı gizlətmir. Ötən həftə XİN-nin rəsmisi Ayxan Hacızadə də buna oxşar açıqlama vermişdi”.
Siyasi şərhçi Rauf Mirqədirov isə Əliyevin söylədiklərini: “Müəyyən gözləntilərlə bağlı çıxışdır”, – deyə izah edib:
“Məsələ ondadır ki, sentyabrın 1-də Azərbaycanda kabinetlərdə təyin olunmuş parlament formalaşdırıldı. Seçkilərdən sonra yeni nümayəndə heyəti AŞPA-ya göndərilməlidir, qurum onları təsdiq etməlidir. Ehtimal edirəm ki, AŞPA yeni nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyəcək, amma onların çoxları köhnə üzvlərdən ibarət olacaq. Bundan sonra da Avropa Şurası ilə “soyuq müharibə” davam edəcək, amma assambleyanın mövcud prosedurları çərçivəsində. Ardınca hökumət bu alver çərçivəsində siyasi məhbusların bir qismini azad edə bilər. Bütün hallarda münasibətlərdə ciddi dəyişikliyin baş verəcəyinə inanmıram”.
Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?
Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.
Həmin il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.
1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də “Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.
2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.