”Azərbaycan təpədən-dırnağa Heydər Əliyev muzeyidir”

Aytəkin İmranova: ”Bir adamın adına muzey tikmək, park salmaq, heykəl qoymaq –tam olaraq şəxsiyyətə pərəstişdir”

Source:

Heydər Əliyev Muzeyi foto sosial şəbəkə
Heydər Əliyev Muzeyi foto sosial şəbəkə


Aytəkin İmranova: ”Bir adamın adına muzey tikmək, park salmaq, heykəl qoymaq –tam olaraq şəxsiyyətə pərəstişdir”



Vikipediya

”ya əsasən, hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir. Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü müxtəlif yazıçı, şair, bəstəkarların ev muzeyi, 52-si isə Heydər Əliyev Muzeyidir.

Heydər Əliyev muzeyləri rayon və şəhərlərin əksəriyyətində var. “Azərtac” yazır ki, Hacıqabul, Tərtər, Zərdab, Bərdə, Siyəzən, Qobustan, Biləsuvar, Yevlax, Balakən və Mingəçevirdə olan bu muzeylərin rəhbərləri tez-tez Azərbaycan Xalça Muzeyində işin təşkili ilə bağlı geniş təlim–tədris dərsləri alırlar. Bütün bunlar dövlət hesabına gerçəkləşdirilir.



Bəs, bu muzeylərə kimlər gedir?

Və yaxud, insanlar daha çox hansı muzeylərə getməyə üstünlük verirlər? Meydan TV bununla bağlı öz “Facebook” səhifəsində sorğu keçirib. Sorğuda iştirak edənlərin cavabları:

Fuad Əliyev yazır ki, dollar qalxandan soyuducusu muzeyə dönüb. Hər gün açıb boş rəflərə baxır. Deyir, camaat çörək almağa pul tapmır, muzey hayındasız.

Zaur Məlikov adlı istifadəçi deyir ki, hər axşam muzeydədi. Soyuducu muzeyində: “Rəhmətliyin nəvəsi, heç hənanın yeridi? Hər şey düzəlib, qalıb muzey”.

foto Meydan TV
foto Meydan TV

Aqşin Əlizadə isə yazır ki, bütün tarixi muzeylərdə Heydər Əliyevin büstləri qoyulub: “Muzeyə getməyə nə ehtiyac var? Onsuz da hara baxırsan H.Əliyev sarayı, H.Əliyev muzeyi, H.Əliyev prospekti, H.Əliyev adına musiqili dram xəstəxanası. Hara baxırsan, H nöqtə Əliyevin adıdır. Misirdə rəhmətlik Amun Hotepin mumyasını tullayıb, Əliyevin müqəvvasını uzadıblar. Bundan o yana yoxdur”.

 “Azərbaycan acqarına seyr etdiyimiz muzeydir”

Eliş Məmmədov sual edir: “Bakıda muzeyə girib Heydər Əliyevin uşaqlıq şəkillərinə baxacağam? Normal tarixi ekspanatlarla zəngin muzeylərdə olmuşam. Amma Bakıdan xaric. Şəkidə və başqa şəhər, rayonlarda”.

Adil Hüseynov yazır: “Azərbaycan təpədən-dırnağa Heydər Əliyev muzeyidir də. Ayrı bir şey qalıb ki? Hər şeyi məhv ediblər”.

Əlövsət Dadayev adlı izləyici yazır: “Bəxtəvərlikdən danışırsız, millət bir-iki ilə harada və nə üçün yaşadığını unudacaq. Siz mədəniyyətdən danışırsız. Hələ ki millət çörək axtarır, muzey yox”.

Eldəniz Əhədov deyir, sabahı düşünür ki, övladlarına nə alacaq: “Ətin kilosu 15 manatadır”.

İlkin Hüseynli: “Azərbaycanda muzeyə getməyə ehtiyac yoxdur. Elə villalar muzeydir. Qıraqdan bax, ləzzət al, ağzıvın suyu tökülsün”.

Cavid Mahmudov da Azərbaycanın muzey olduğu fikrindədir: “Ac qarnına seyr edirik”.

  “2017-ci ildə əksəriyyətimiz muzeydə olacağıq”

Bəxtiyar Əliyev isə deyir ki, muzey varlı insanlar üçündür:

“Bir də məktəblilər və tələbələr gedə bilər. Bir soruşun, görün axırıncı dəfə əmimi, dayımı, bibimi görməyə nə zaman getmişəm? Çörək dalınca qaçmaqdan vaxt varmı?”

Nihad İbrahimxəlilov yazır ki, 20 gün əvvəl “ölkəmizi tanıyaq” layihəsi əsasında Quba, Qusar və Xaçmazdakı gəzməli, görməli tarixi abidələrə gediblər.

Rəna Abdurrəhmanova: “Elə Azərbaycan mənim üçün muzeydir. Nə restoranlarından, nə əyləncə mərkəzlərindən, nə qazından, işığından, neftindən, nə də pulundan istifadə edə bilmirəm. Elə muzey kimi baxa-baxa qalırıq”.

Nara Muradzadə deyir ki, tələbə vaxtı Heydər Əliyev muzeyinə aparıblar: “Ondan sonra getməmişəm”.

İlhamə Abbasova yazır ki, 2017-ci ildə əksəriyyətimiz muzeydə olacağıq, ancaq seyrçi kimi yox, ekspanat kimi.


2016-cı ilin elm xərcləri

Ümumiyyətlə, 2016-cı ilin dövlət büdcəsində elm xərcləri 135 milyon 186 min 418 manat nəzərdə tutulub. Bu vəsaitlərin 79 milyon 479 min 563 manatı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun tabeliyində olan müəssisələrin saxlanılması, 7 525 505 manatı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, 1 973 586 manatı “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinə ayırmalar, 7 055 505 manatı elm sahəsi üzrə əmək haqqı sisteminin təkmilləşdirilməsi və digər sosial tədbirlər, 4 514 400 manatı elm sahəsi üzrə maddi-texniki təminatın möhkəmləndirilməsi və əsaslı təmir, 4 800 000 manatı isə elm sahəsi üzrə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri və s. üçün nəzərdə tutulur. 2015-ci ilin dövlət büdcəsində isə elm xərcləri 150 milyon 457 min 284 manat nəzərdə tutulmuşdu.



Niyə muzeylərə maraq yoxdur?

“Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova Meydan TV-yə bildirib ki, son vaxtlar muzeylərə marağın olmamasına səbəb mədəniyyətə olan münasibətdir, yanaşmadır: “Sovet dövründə muzeylərlə bağlı müxtəlif kampaniyalar keçirirdilər. Tələbələr, şagirdlər üçün pulsuz günlər keçirilirdi. İndi bunların heç biri edilmir.  Odur ki, muzeylərə gedən yoxdur.

foto sosial şəbəkə
Aytəkin İmranova foto sosial şəbəkə

Mədəniyyətin cəmiyyətdə önəmini artırmaq lazımdır. Bəlkə də bu gün cəmiyyətin ən böyük problemi mədəniyyətin yoxa çıxmasıdır. İstər danışıqda olsun, istərsə də insanların özünü aparmasında, bir-birlərinə qarşı olan münasibətdə”.

Aytəkin İmranova deyir ki, muzeylər yaxşı qorunmur, təbliğatı getmir, şəraitləri yaxşı deyil: “Tək problem insanların muzeylərə getməməsi deyil ki… Bu sahədə çox böyük problemlər var”.

“Bu qədər muzeyin bir şəxsin adına bağlanması normal deyil”

O ki qaldı muzeylərin vəziyyətinə, deyir, mədəniyyət, ədəbiyyat, incəsənət muzeylərinin durumu, şəraiti ağırdır:

“Onlara diqqət ayırmaq lazımdır. Biri də var Heydər Əliyev muzeyləri. Bu yaxınlarda hətta səsi çıxmayan deputatlar da dedilər ki, bölgələrdə bu qədər çox olimpiya kompleksləri kimsəyə lazım deyildi. Heydər Əliyev muzeyləri də onun kimi. Məncə, millətin mədəniyyəti hansı sahədə güclüdürsə, muzeylərin də əksəriyyəti o istiqamətdə olmalıdır. Xalçaçılıq, tarix, incəsənət və s. Bunlar təbliğ edilməlidir. Bu qədər muzeyin bir şəxsin adına bağlanması normal deyil”.

“Bir adamın adına bu qədər muzeyin olması şəxsiyyətə pərəstişdir”

Tarix Muzeyi foto sosial şəbəkə
Tarix Muzeyi foto sosial şəbəkə

Aytəkin İmranova deyir ki, bir adamın adına bu qədər muzeyin olması şəxsiyyətə pərəstişdir:

“Bu ideologiya da ziyanlı istiqamət, siyasət hesab edildiyi üçün Stalinin dövründə bitib. Şəxsiyyətə pərəstiş nə cəmiyyətə, mədəniyyətə, nə də ölkəyə xeyir gətirir. Əksinə, sağdırsa, həmin şəxsiyyətin özünü də korlayır. Anlaşılandır, bir dənə muzey ola bilər ki, belə bir insan yaşayıb, bu işləri görüb. Daha durub hər rayonda muzey açmaq artıqdır. Hər yerdə muzey tikmək, park salmaq, heykəl qoymaq – bu, tam olaraq şəxsiyyətə pərəstişin bir növüdür. Tarixdən görmüşük, dünyada qəbul edilib ki, şəxsiyyətə pərəstiş, əvvəla, həmin adamın özünə, sonra da dövlətə, millətə, cəmiyyətə zərərdir”.

Ana səhifəXəbərlər”Azərbaycan təpədən-dırnağa Heydər Əliyev muzeyidir”