Sevda Sultanova: “Tamaşaçı çətin ki, yerli kanallarda türk və ya rus seriallarına dublyajla baxsın”
Azərbaycan telekanallarında sentyabrın 1-dən əcnəbi serialların yayımına icazə veriləcək.
Bu barədə Milli Televiziya və Radio Şurasının 13 iyul tarixli iclasında
qərar
qəbul edilib.
Bildirilib ki, yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olunub.
“Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) efir saatı əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) efir saatı yerli serialdan əlavə 1 (bir) efir saatı əcnəbi serial yayımlanması mümkün olacaq”.
Qərarı Meydan TV-yə şərh edən televiziya proqramları üzrə ekspert Sevda Sultanova bildirib ki, milli telekanallarda xarici seriallarının yayımının dayandırılması müəyyən mənada yerli serialların inkişafına təsirini göstərdi. Yəni yerli serialların sayı artdı, müəyyən rəqabət yarandı, aktyor, senarist, rejissorlar, operator və s. üçün zəruri təcrübə oldu:
“Əcnəbi serialların yayımının bərpasına gəlincə, mən bunu funksional addım saymıram. Əvvəla, serial sənayesinin inkişafı üşün azad iqtisadi bazar, ifadə sərhədlərinin genişləndirilməsi lazımdır. Yəni eyni mövzulara eyni rakurs məcburiyyəti də serialın inkişafına təsir göstərir. Bundan başqa hər halda tamaşaçı çətin ki, yerli kanallarda türk və ya rus seriallarına dublyajla baxsın. Üstəlik, dublyajın keyfiyyəti əsasən iki kanalda daha yaxşıdır – İTV və Az.TV. Çünki keyfiyyətli dublyaj yaxşı maliyyə tələb edir”.
Sevda Sultanova əcnəbi serialların yayımına icazə verməkdənsə, təklif edib ki, başqa sahələrə diqqət yönəldilsin:
“Məsələn, dünya kinosunun keyfiyyətli bədii, sənədli, elmi-kütləvi filmlərinin dublyajı. Azərbaycanda elmi-kütləvi filmlərin kontenti demək olar ki, yoxdur. Bundan başqa, telekanallarda uşaqlar üçün cizgi filmlərin istehsalına, uşaqların maarifləndirilməsi üçün elmi, maarifləndirici veriliş və filmlərin istehsalına və dublyajına diqqət yönəldilməlidir”.
Telejurnalist Qulu Məhərrəmli isə hesab edir ki, 2012-ci ildə qadağa qərarı Azərbaycanın öz seriallarına tələbatın olmasıyla bağlı idi.
“Sonra mövzu məhdudluğu və qeyri-peşəkarlıq üzə çıxdı və serial bazarını yaratmaq mümkün olmadı. Əvvəla, maliyyə az idi, ikinci, çox az peşəkar rejissor üzə çıxdı. Nəticədə məlum oldu ki, bu estetikanı formalaşdırmaq üçün uzun illər lazımdır”.
Ancaq Qulu Məhərrəmli bildirib ki, qadağanın götürülməsi bütün kanalların hamısının xarici seriallar yayımlanması anlamına gəlməməlidir. Onun fikrincə, balans gözlənilməlidir ki, telekanalların efiri xarici seriallarla doldurulmasın. Qulu Məhərrəmli deyib ki, qadağanın götürülməsində xüsusi motiv yoxdur, yalnız Azərbaycanda yüksək peşəkarlıqla çəkilmiş serialların azlığı ilə bağlıdır. O sual edib ki, Türkiyədə tarixi mövzuda çəkilən seriallar niyə Azərbaycan kanallarında göstərilməsin? Göstərilməlidir, amma mövzu seçimində diqqətli olmaq lazımdır:
“Ötən əsrin 80-ci illərin sonunda, 90-cı illərin əvvəllərində Azərbaycana gələn serial dalğası tamamilə başqa silsiləydi. Həmin serialların nüvəsinə qoyulanlar Azərbaycan kimi kövrək cəmiyyətlər üçün çox qorxulu və pozucuydu. Onlar öz rolunu oynadı, davranışa, ailə münasibətlərinə kifayət qədər təsiri oldu. Bu dəfə seriallar seçərkən diqqətli olmaq vacibdir. Güman edirəm ki, tamaşaçıya estetik informasiya, tarixi bilgilər verən, insan, düşüncə, cəmiyyət haqqında yeni baxış gətirməlidir. Yoxsa yerli seriallardakı kimi yalnız kriminal aləmə vurğunluqla çəkilənlənlərlə yenilik olmayacaq”.
Azərbaycanda əcnəbi serialların televizaiyalarda yayımına qadağa haqda qərar 2012-ci ildə qəbul edilib.