Azərbaycan: Təbliğat və obraz

Nəhayət ki, bu”Jara” festivalı başladı, Zara da gəldi, yoxsa səs-küydən başımız lap getmişdi

Source:

Nəhayət ki, bu”Jara” festivalı başladı, Zara da gəldi, yoxsa səs-küydən başımız lap getmişdi.

Bütün planeti sarmış bu cəhənnəm istiləri fonunda festivalın adı çox uğurlu seçilib, o ki qaldı xanım Mqoyanın iştirakına, camaat yenə trollandı. Maraqlıdı ki, 2016-cı ilin payızında Soso Pavliaşvilinin gəlişinə də etiraz etmişdi bizim kütlə, yəni o dərs bu insanlara bəs etmədimi ki, yenə də tilova düşdülər?

Əziz kütlə, birdəfəlik aydınlaşdırmaq lazımdır ki, “erməni” kartı hakimiyyətin əlində manipulyasiya çubuğudur – o, necə desə, elə də olacaq. Əgər, məsələn, desələr ki, “Yerevanı alacağıq” – əl çalmalısan, sonra desələr ki, “ermənilərin quyruğu-buynuzu var” – yenə də alqışlamalısan, ondan sonra da Bakıda “Avropa oyunları” keçirib, erməni idmançıları çağırıb, onlara medal verəndə də prezidentin göstərişi ilə çəpik çalmalısan və əlahəzrətlərdən kimsə Sosonu, yaxud Zaranı Bakıya festivala-filana çağırsa, buna da yalnız sevinib “uğurlu daxili və xarici siyasət strategiyası”ndan ekstaza gəlməlisən. Əldəqayırma vətənpərvərlik bunu tələb edir, cənab kütlə, lütfən belə dolanbaclardan usanma, koqnitiv dissonans da keçirmə, düşünmə ki, onu da bunlar deyir, bunu da onlar, nə fərqi var? Qısası, lazım olanda “faşist ol” desələr faşist olacaqsan, “tolenrant ol” desələr, tolerant, hərçənd ki, bunun nə demək olduğundan ölkədə kimsənin xəbəri də yox.

Nə fərqi var ki, ölkədə az qala faşist təbliğatına yaxın bir təbliğatı da bunların mediası aparır, insanların hisslərindən istifadə edir, sonra sülhpərvər və tolerant olduğumuzu yenə də bunlar deyir, fərq eləməz. Əsas odur ki, onlar bilir neynir və onlar deyən də olacaq – bunu ədəbi olaraq əxz etmək lazımdır. Yoxsa nə qədər adam o zaman Sosonun, indi də Zaranın təkərinə düşdü, nə qədər insan apreldə inandı və yenə də nəsə baş versə, inanacaq. “Yerevanı almaq” da ümumi fondur, gərək olanda zaman-zaman səsləndiriləcək, lazım olan yerlərdə də deyiləcək ki, “görürsünüz, bunlar revanş istəyir, qaniçək kütlədi, bunları biz saxlayırıq, biz olmasaq müharibə başlayar”.

Təbliğatın kütləyə necə təsir etməsi haqda XX əsrdə yüzlərlə elmi iş yazılıb, araşdırmalar aparılıb, adlarını sadalayası olsaq səhifələr çatmaz, amma bizim üçün çifayda. Bu yöndə ən “güclü” fikirlərdən biri də Hitler rejiminin “Təbliğat və xalq maarifi” naziri işləmiş bədnam doktor Göbbels’ə məxsusdur, adam deyirmiş ki, yalan nə qədər zırpı olsa, ona daha çox inanacaqlar.

Dolayı yolla bunlar o deməkdir ki, hakimiyyətin Qarabağ yönündə, ümumiyyətlə, qonşu dövlətlə münasibətdə heç bir konsepsiyası yoxdur. Gah rəsmi medialar ermənilərə zooloji nifrət aşılayır, ölkənin rəhbəri qonşu dövlətin paytaxtını işğal edəcəyi ilə hədələyir, gah da elə həmin o medialar, hakim dairələrin dili ilə ermənilərin bizə düşmən olmadığı, tolerant olmağımız haqda danışır. Beləcə nə daxildə, nə də xaricdə heç kimə dəqiq bəlli deyil ki, bu hakimiyyət Qarabağ və ermənilərlə nə etmək istəyir.

Açığı, görünən də budur ki, Bakıdakı, sırf öz merkantil marağından başqa heç bir şeylə maraqlanmayan avtoritar rejimə daxildəki legitimasiya üçün xarici düşmən (“bizim Qarabağ boyda dərdimiz var” mantrası) hava-su kimi gərəkdir. Qısası, daxili təbliğat bu yöndə aparılır.

Ölkə xarici üçünsə Azərbaycanda tolerant və sivil qüvvə kimi yalnız özlərinin mövqeləndirilməsi, yəni gərək olan yerlərdə ” hakimiyyətdə biz olmasaq müharibə başlanacaq” demək üçün lazımdır. Qısaca, burada da “tolerant” obraz yaratmaq gərəkdir.

Xülasə, təbliğat daxil üçün, obraz isə xaric üçündür. Hakimiyyətin hazırkı davranışı yalnız bu motivasiya ilə izah edilə bilər.

Bu söhbətlərin fonunda ölkə daxilində çox-çox acı və müdhiş xəbər yayıldı ki, keçən il “vətənə xəyanət” ittihamı ilə həbs edildikdən sonra məhkəməsiz-sübutsuz işgəncə verilərək döyülüb öldürülən zabit, bir zamanlar Ağdamın N saylı hərbi hissəsində batalyon komandiri vəzifəsini icra edən kapitan Süleyman Kazımov günahı sübuta yetirilmədiyi üçün bəraət alıb. Yəni heç nədən insanı, hərbçimizi, zabiti sübutsuz-filansız işgəncələrlə öldürüblər.

Onun kimi də neçə nəfər var, xatirimdə idi ki, aralarında hətta polkovnik rütbəli də vardı. Şərhsiz.

İndi isə bu zaman kəsiyində rəqibimiz olan qonşularımızda nələr baş verdiyinə qısaca nəzər salaq. Bu hadisələrdən bir qədər öncə Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə NATO çərçivəsində görüşlər keçirərkən, paralel olaraq Yerevanda ölkənin 25 ildən çox üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ОДКБ) baş katibi (yəni bu qurumun ali məmuru), general Yuri Xaçaturov 2008-ci ilin martında dinc əhalinin güllələnməsi işi üzrə istintaqa çağrılır.

Dünən isə xəbər gəldi ki, ölkənin eks-prezidenti, şanlı Azərbaycan komsomolunun yetirməsi Robert Koçaryan haqda hәbs әmri çıxarılıb. Xatirinizdəsə, daha öncə Ermənistanın ən ali hərbi orden və medallarının daşıyıcısı, “Qarabağın qəhrəmanı”, evi və bağında avtopark və vəhşi heyvanlardan ibarət zooparkdan tutmuş əsgərlər üçün nəzərdə tutulan ərzağa qədər gizlədən general Manvel Qriqoryanın səs-küylü tutulması baş vermişdi. (Görən onun bizdəki orden-medallı “həmkarları” ev-bağlarında nə gizlədir? Düşünəndə insan dəhşətə gəlir sadəcə.)

Bu siyahıya daha bir eks-prezident, Serj Sarkisyanın lap yaxın ətrafının da istintaqa cəlb edildiyini əlavə etsək, aydın olar ki, inqilab dalğasında hakimiyyətə gəlmiş Paşinyan ölkədəki hakimiyyəti onillərlə əlinə almış cinayətkar Qarabağ klanını dağıtmaqda israrlıdır.

Bütün bunlara Paşinyanın “Эхо Москвы” radiosunun baş redaktoruna verdiyi məlum müsahibədəki fikirlərini də əlavə etsək, tamamilə aydın olar ki, bütün bunlar Azərbaycan üçün heç də yaxşı olmayan məqamlardan xəbər verir.

Azərbaycanın hazırda ölkə daxilində istədiyi kimi apardığı təbliğat manipulyasiyalarına rəğmən, ölkə xaricində bu kimi imkanları artıq sıfıra bərabərdir. Özünün boynuna aldığı kimi (Britaniyalı jurnalist və yazar Thomas de Waal’a 2000-ci ildə verdiyi müsahibədə) qatil olan Serj Sarkisyan klanı hakimiyyətdə olarkən bunu etmək kifayət qədər asan idi. Çünki müharibə nəticəsində hakimiyyətə gəlmiş cinayətkar Qarabağ klanı və onun qatil ali rəhbəri Ermənistanın işğalçı obrazını saxlamaqda, qarşı tərəfin qalibiyyət nəticəsində əllərinə keçmiş üstünlüklərin legitimasiyasına bir növ çəpər idi.

Lakin Ermənistandakı hakimiyyət dəyişikliyi və Paşinyanın iqtidarda olduğu bu üç ayda ardıcıl surətdə islahatlar keçirməsini müşahidə edərkən bütün bunların tədricən geridə qalmasının şahidi oluruq. Aydındır ki, Ermənistan daxilində aparılan islahatlar, ona eyni zamanda xarici siyasətdə cəhd etdiyi prefenesialara tədricən nail olmağa, yəni son 25 ildə əldə (işğal) etdiklərini legitimləşdirməyə yardım edəcəkdir. Tədricən demokratikləşən, sivil dövlət quruculuğu ilə məşğul olan Ermənistanın fonunda, orta çağlar feodal xanlığını xatırladan Azərbaycanın obrazını isə heç bir təbliğat, heç bir Zara-Jara müsbət təqdim edə bilməyəcək.


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəAzərbaycan: Təbliğat və obraz