“Azərbaycan TANAP və TAP layihələrindən hələ 10 il qazanc götürməyəcək”

Natiq Cəfərli: “Bu layihələrin həyata keçməsi ciddi iqtisadi problemlər yarada bilər”

Source:


Natiq Cəfərli: “Bu layihələrin həyata keçməsi ciddi iqtisadi problemlər yarada bilər”

“Artıq Cənub Qaz Dəhlizinin icrasına başlanıb. Azərbaycan bu sahədə də öz liderlik mövqeyini bir daha göstərib. Xəzər qazının Avropaya ixracı ilə bağlı uzun müddət müzakirə getdi. Azərbaycan isə Türkiyə ilə TANAP layihəsinə imza ataraq, əsas addımı atdı”.

“APA-Economics”in məlumatına görə, bunu Bakıda keçirilən 22-ci Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgisinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, artıq Cənub Qaz Dəhlizinin təməli qoyulub, bununla bağlı Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası keçirilib: “Bu ilin mart ayında biz Türkiyədə TANAP layihəsinə start verdik. Artıq Cənub Qaz Dəhlizi reallıqdır, icra edilir. TANAP layihəsinin 3 ildən sonra icra ediləcəyinə əminəm. Beləliklə, “Şahdəniz” qazı Türkiyə və Gürcüstana ixrac ediləcək”.

Prezident İlham Əliyev TAP layihəsinin icrasında da problem yaşanacağına inanmadığını qeyd edib: “Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası göstərdi ki, bütün tərəflər məsuliyyətini dərk edir. Burada heç kim əlavə güzəştlər əldə etməyə çalışmamalıdır. Çünki bundan hər kəs mənfəət götürür. Yunanıstan, Albaniya və digər Balkan ölkələri Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Bu, həm üstünlükdür, həm də müəyyən mərhələlərdə bir sıra məsələlər ortaya çıxa bilər. Gərək bu məsələlər müzakirə yolu ilə həll edilsin. Qarşımızda heç bir süni əngəl olmamalıdır. Yalnız bu halda Azərbaycan qazının Avropaya nəqlinə başlanacaq. Bu da bizim üçün böyük tarixi hadisə olacaq. Həm böyük ehtiyatlara malik Azərbaycan qazını Avropaya ixrac edəcək, həm də Avropa yeni enerji mənbəyi qazanacaq”.

Prezidentin çıxışını Meydan TV-yə şərh edən REAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli TANAP və TAP layihələri ilə bağlı  problemlərin yaranacağını 1 il əvvəldən proqnozlaşdırdığını dedi: “Əsas məqam bugünə qədər Rusiya tərəfindən layihələrə problemin yaradılmasıdır və indi də əngəl davam edir. İkinci məsələ Türkiyənin böyük güzəştlər əldə etmək istəyidir. Ankara Rusiyanın təqdim etdiyi “Türk axını” layihəsindən istifadə edərək, Avropa Birliyi ölkələri və Azərbaycanla danışıqlarda maksimal güzəşt əldə edərək, ərazisini enerji mərkəzinə çevirməyə çalışır. Üçüncü məqam Avropa Birliyinin yeni qəbul olunmuş Enerji xartiyasıdır. Azərbaycan xartiyadan irəli gələn vəzifələri yerinə yetirməlidir. Tələblərdən biri istehsalçı ölkə, yaxud şirkət, həm də qaz paylayıcı şirkət ola bilməz. Bu, bir-birindən ayrılmalıdır ki, inhisarçılığın və qiymət diktəsinin qarşısı alınsın. Xartiya Rusiyaya qarşı qəbul olunsa da, oyun qaydaları bütün ölkələrə aiddir. Dördüncü məqam, TANAP və TAP layihələrini Azərbaycan maliyyələşdirməlidir. İlkin hesablamalara görə, birinci layihəyə 12-13 milyard dollar xərclənəcək ki, bunun 57 faizini Bakı ödəməlidir. Artıq Neft Fondundan 1 milyard dollar ayrılıb”.

Natiq Cəfərli bildirib ki, bu prosesdən Türkiyə xeyli dərəcədə udacaq, çünki iş yerləri də yaradılacaq. Amma xərclərin böyük hissəsini Azərbaycan ödəyəcək, 2016-2018-ci illərdə Azərbaycanın layihəyə ayıracağı vəsait daha çox olacaq. İndiki maliyyə çatışmazlığı durumunda prezident də anlayır ki, bu layihələrin həyata keçməsi ciddi iqtisadi problemlər yarada bilər. Onsuz da neftin qiymətinin enməsinə görə valyuta gəlirləri azalmaqda davam edəcək: “Məsələ ondadır ki, layihələr 2020-ci ildə də işə düşsə idi, ən azı Azərbaycan 10 il qazanc götürməyəcəkdi. Bəli, uzun vadidə layihələr dividentlər gətirəcək. Sadəcə, indiki mərhələdə hakimiyyət Avropa Birliyinin marağını artırmağa çalışır, yəni maliyyələşmədə kömək gözləyir. Amma mən inanmıram. Çünki Avropa Birliyi ölkələrinə yaxın zamanlarda yeni qaz mənbələrinin daxil olması gözlənilir. Söhbət ondan gedir ki, İrana qarşı qadağaların götürüləcəyi təqdirdə Avropa Birliyinə qaz ixrac edilə bilər, həm də okeana çıxışı da var və tankerlərlə daşıya bilərlər. O cümlədən, Avropa İraqın şimal əyalətlərindən qaz ala bilər və Amerikadan qaz alması gündəmdədir. Yəni Avropa Birliyi ölkələri çox ciddi şəkildə hər hansı mənbədən asılı olmaq istəmir. Azərbaycanın təqdim etdiyi 10 milyard kubmetr qaz Avropanın çoxşaxəli qaz layihəsində maraqlı rəqəm olsa da, bu ölkələrdə maliyyə problemləri də yox deyil. Obrazlı desək, Azərbaycana mesaj verirlər ki, qazınızı satmaq istəyirsinizsə, öz hesabınıza qapıya qədər qazı çatdırın, sonra alaq. Bax, Azərbaycan buna görə TANAP və TAP layihələri haqda daha dərindən düşünüb, optimal proqramlar təklif etməlidir”.

Ana səhifəXəbərlər“Azərbaycan TANAP və TAP layihələrindən hələ 10 il qazanc götürməyəcək”