“Sərhədsiz reportyorlar” Beynəlxalq Mətbuatı Müdafiə Təşkilatı dünyada mətbuat azadlığı səviyyəsinin illik indeksini açıqlayıb.
Hesabatda Azərbaycan KİV və jurnalistlərə qarşı ən ağır repressiyalar yaşayıb və söz azadlığını ən çox pozan 20 ölkə arasında yer alıb. Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir. Bu isə ötən illə müqayisədə 2 pillə geriləmək deməkdir.
“Mətbuata, reklam bazarına birtərəfli nəzarət, müstəqil KİV-lərin məhv olması və ya bağlanması, tənqidçilərə qarşı həddindən artıq böyük məhkəmə cərimələri və ya redaksiyaların polis tərəfindən özbaşına bağlanması. Avropada ən çox sayda həbs edilmiş jurnalist və bloqqer – Azərbaycanın göstəriciləri budur”, – hesabatda qeyd edilir.
Azərbaycan siyahıda Ruanda, Səudiyyə Ərəbistanı, Özbəkistan, Türkmənistan, Kuba, Şimali Koreya və ən çox azadlıqları pozan ölkə – Eritreya ilə qonşudur. İraq, Pakistan və Liviya, Efiopiya, Əfqanıstan və Kamboca kimi ölkələr Azərbaycandan öndə gedir. Ermənistan və Gürcüstan isə müvafiq olaraq 78 və 69-cu yerləri tutublar.
Ən azad ölkələrin ilk onluğu belədir: Finlandiya, Danimarka, Niderland, İsveç, Yeni Zelandiya, Avstriya, Kanada, Yamayka və Estoniya.